Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:44

Prezident: 'Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var'


İ.Əliyev
İ.Əliyev

"Axı, biz Rusiyadan Ermənistana nə qədər silah göndərilməsi barədə hər gün danışmırıq. Axı, biz demirik ki, bu gün kənardan kömək olmasa, Ermənistan işğal edilmiş ərazilərdə bircə gün də dayana bilməzdi...".

AZƏRTAC-ın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 26-da İtaliyanın "Rai-1" televiziyasına müsahibəsində Azərbaycan ərazisində türkiyəli döyüşçülərin və Türkiyəyə məxsus hərbi təyyarələrin olması barədə ittihamlarla bağlı sualın cavabında söyləyib.

Prezident əlavə edib ki, bütün bunlar yalan və böhtandır: "Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib. Axı, biz demirik ki, Ermənistan ərazisində Rusiyanın neçə MiQ-29, Su-30 təyyarəsi var".

Azərbaycan prezidenti daha sonra da bunları əlavə edib: "Axı, biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar".

Xatırlama

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Azərbaycan açıqlayıb ki, son bir ayda 150-dən çox kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Hadrut, Mincivan və Ağbənd qəsəbələrini işğaldan azad edib.

Oktyabrın 1-də ATƏT-in Minski qrupunun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıblar.

Bu ara tərəflər üç dəfə humanitar atəşkəslə bağlı razılaşma əldə etsələr də, hələlik, ona tam əməl edilmədiyi bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

XS
SM
MD
LG