Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 16:10

Azərbaycan distant təhsilə hazırdır, hazır deyil?


Distant təhsil
Distant təhsil

Xüsusi karantin rejimi dövründə Azərbaycanda fəaliyyət göstərən bütün təhsil müəssisələrində bu il noyabrın 2-dən tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formatda olacaq.

Bu, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə" oktyabrın 29-da imzalanan qərarında əksini tapıb.

Bu, dekabrın 1-nə kimi davam edə bilər. Lakin Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırılıb. Bunun da dərslərin onlayn keçirilməsində çətinliklər yaratdığı bildirilirdi. Bəs bundan sonra necə olacaq?

E.Əmrullayev
E.Əmrullayev

Nazirin optimal saydığı yol…

Bu gün, oktyabrın 30-da təhsil naziri Emin Əmrullayev elə bu məsələlərlə bağlı brifinq keçirib. Nazirin deməsinə görə, Nazirlər Kabineti optimal qərar qəbul edib. E.Əmrullayev deyib ki, noyabrın 2-dən bütün təhsil müəssisələrinin distant təhsilə keçilməsi üçün iki həftəlik hazırlıq işləri görülüb.

Nazir bu proseslə bağlı müəyyən problemlər yaranmasını da istisna etməyib, amma vəziyyətin mürəkkəbliyini nəzərə alaraq distant təhsilə keçməyin vacib olduğunu vurğulayıb.

O deyib ki, son həftələrdə koronavirusa yoluxma artıb. Nazirin sözlərinə görə, sentyabrın 15-də dərslər açılanda əyani tədris müəyyən plan əsasında həyata keçirilib. Onun vurğulamasına görə, son günlər koronavirusun kəskin artması və başqa amillər nəzərə alınaraq bütün təhsil müəssisələrində tətil elan edilib.

"Əsas məqsəd situasiyanı düzgün təhlil etmək, eyni zamanda, müəyyən hazırlıq işləri apararaq ən optimal qərarları vermək olub", - o vurğulayıb.

Nazirin əlavə etməsinə görə, əsas məsələ budur ki, "Microsoft Teams" proqramı bərpa edilib və bu proqrama daxil olmaq üçün Azərbaycanda problem yoxdur.

E.Əmrullayevin deməsinə görə, müəyyən problemlər var və bura internetin keyfiyyəti də daxildir.

Nazirin habelə vurğulamasına görə, platformalar VPN-siz işləyəcək: "İnternetin keyfiyyəti ilə bərabər, həm də istifadəçi bacarığı ilə bağlı da problemlər var. Bir çox brauzerlər köhnə versiyada olduğu üçün proqram işləmir, bu hallar da var. 10-15 faiz istifadəçidə internet olsa da, sadaladığım məsələlərə görə problem olur, ona görə çalışırıq maarifləndirmə işi aparaq".

K.Əsədov
K.Əsədov

"…Belə məktəblərin sayı 49 oldu"

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Kamran Əsədov isə AzadlıqRadiosuna deyib ki, bu proses gözlənilən idi. Onun fikrincə, buna səbəb məktəbə şagird aparan valideynlərin pandemiya ilə mübarizədə yoluxma əleyhinə qoruyucu vasitələrdən istifadə etməməsidir: "Sentyabrın 15-dən oktyabrın 2-nə kimi 640 min şagird ibtidai siniflərə (I-IV) gedirdi. Oktyabrın 1-dən isə V-IX sinif şagirdləri də ənənəvi təhsilə başladılar. Əgər sentyabrın 15-dən oktyabrın 1-nə kimi cəmi beş məktəbdə virusa yoluxma halları var idisə, oktyabrın 1-dən 15-nə kimi belə məktəblərin sayı 49 oldu".

Ekspertin fikrincə, şagirdlər də pandemiya ilə mübarizə qaydalarına bir elə əməl etməyiblər.

"Hər iki faktorun rolu var"

K.Əsədovun vurğulamasına görə, digər tərəfdən isə, hərbi əməliyyatlarla bağlı Ermənistan silahlı qüvvələrinin mülki əhalini, hətta cəbhədən uzaq yaşayış məntəqələrini atəşə tutması əlavə problemlər yaradıb: "Odur ki, indiki qərarın qəbul edilməsində hər iki faktorun rolu var…".

Ekspert deyib ki, ölkədə təhlükəsizlik məqsədilə internetin verilməsində məhdudiyyətlər var. Amma onun fikrincə, bu məhdudiyyətlər sosial şəbəkə və onlara bərabər tutulan portallara aiddir.

K.Əsədli əlavə edib ki, amma "Microsoft Teams" platformasına Azərbaycanda hər hansı məhdudiyyət yoxdur: "Odur ki, bu platforma vasitəsilə onlayn dərslərə qoşula bilərlər. Burada ancaq meqabayt, Wi-Fi-la bağlı problem ola bilər…".

Azərbaycanda koronavirusla bağlı bu il martın 24-dən karantindir. Karantin dekabrın 1-i saat 06:00-dək uzadılıb.

Online təhsil kütləvi savadsızlığa səbəb ola bilərmi?
Gözlə

No media source currently available

0:00 0:09:47 0:00

2019-2020-ci tədris ilində dərslər martın 3-də dayanmışdı. Həmin tədris ilinin onlayn başa vurulduğu açıqlandı. 2020-2021-ci tədris ilinin başlanğıcında (sentyabrın 15-də) isə yalnız ibtidai siniflər məktəbə (həftənin iki-üç günü ) getdilər. Qalan siniflərdə dərslər onlayn keçirilməyə başlandı. V-IX siniflər oktyabrın 1-dən, X-XI siniflər isə oktyabrın 15-dən (həftənin bəzi günləri) məktəblərə yollandılar. Amma növbəti həftədən tədris müəssisələrində düz iki həftə tətil elan edildi.

Lakin Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında Qarabağ münaqişəsi ilə bağlı sentyabrın 27-də döyüşlər başlandığından ölkədə internet məhdudlaşdırıldı. Bunun da dərslərin onlayn keçirilməsində çətinliklər yaratdığı bildirilirdi.

Üstəlik, son həftələr ölkədə koronavirusa yoluxma ilə bağlı rəsmi açıqlamalarda da artım yaşandığı qeyd edilirdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə rəsmi məlumatlara görə, indiyədək ümumilikdə 53 min 152 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 708 nəfər vəfat edib.

XS
SM
MD
LG