Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:15

500 manat rüşvətə görə həbs olunan hakim: 'Mənə qarşı qərəzdir...'


Manat
Manat

Azərbaycan məhkəmə sistemində korrupsiya halları barədə şikayətlər çox olsa da, son 20 ildə yalnız bir hakim vəzifədə olduğu halda cinayət məsuliyyətinə cəlb edilib. Bu da Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılovdur. Hazırda həbsdə olan 59-yaşlı A.İsmayılov isə təqsirsiz olduğunu deyir. İddia edir ki, o, qərəz nəticəsində cəzalandırılıb.

A.İsmayılov 500 manat rüşvət almaqda suçlanır. İddia olunur ki, hakim atalığın müəyyən olunması tələbi ilə mülki işə baxıb. Bu işdə iddiaçı qadının xeyrinə qərar çıxarmaq üçün onun atasından 500 manat rüşvət alıb. Bu işdə vəkilin və hakimin köməkçisinin vasitəçilik etdiyi, pulun da A.İsmayılova məhkəmənin binasında verildiyi bildirilir.

"Səs yazıları montaj olunub"

CM-in 311.1 maddəsi ilə təqsirləndirilən hakimə 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsilib. Bu maddədə 4 ildən 8 ilə qədər həbs nəzərdə tutulub. Amma A.İsmayılova münasibət CM-in 62-ci maddəsi tətbiq edilib – ona aşağı həddən daha yüngül cəza verilib. Amma A.İsmayılov bununla da razı deyil. O, həm apellyasiya, həm də kassasiya şikayəti verib. Amma şikayətləri təmin olunmayıb, hökm olduğu kimi saxlanılıb.

A.İsmayılov iddia edir ki, ona qarşı istifadə edilən səs yazısı mötəbər sübut deyil, montaj olunub. Amma məhkəmələrin heç biri bu məsələni araşdırmayıb. Onun sözlərinə görə, gizli yolla əldə olunan səs və ya videogörüntünün sübut kimi istifadəsinə qanun imkan vermir. Amma ona münasibətdə sübut kimi qəbul edilməsi qərəzin göstəricisidir.

A.İsmayılov hesab edir ki, onun hakim kimi fəaliyyəti kimlərinsə xoşuna gəlməyib və bu yolla cəzalandırıblar: "Səs yazıları montaj olunub, saxtalaşdırılıb. Bu, mənə qarşı qərəzin nəticəsidir".

Amma məhkəmələrin hökm və qərarlarında yazılıb ki, bu işdə sübutların toplanmasında, dindirmələrdə qanun pozuntusuna yol verilməyib, hakimin rüşvət aldığı da sübuta yetirilib.

XS
SM
MD
LG