Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:43

Prezident: 'Laçın şəhəri də bizə qaytarılacaq'


Prezident İ.Əliyev xalqa müraciət edib
Prezident İ.Əliyev xalqa müraciət edib

Bu gün, dekabrın 1-də Azərbaycan prezidenti İlham Əliyev xalqa müraciət edib. "Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olundu", - o, müraciətinin əvvəlində vurğulayıb.

Prezident qeyd edib ki, Laçın rayonu ölkənin ən böyük rayonlarından biridir: "Ərazisi 1800 kvadratkilometrdir. Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır".

"Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq..."

Onun qeyd etməsinə görə, işğal olunanda (1992-ci il mayın 18-i) bu rayonda 50 mindən bir qədər çox əhali yaşayıb: "İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır. Həmçinin, biz çalışacağıq ki, keçmiş məcburi köçkünləri işğaldan azad edilmiş bütün digər rayonlarımıza qısa müddət ərzində qaytaraq".

İ.Əliyevin deməsinə görə, Laçın rayonunda Azərbaycanın böyük meşə sahələri var: "Ərazinin 22 min hektarı meşə sahəsidir. Bu da bizim böyük sərvətimizdir. Kəlbəcər rayonunda 24 min hektar meşə sahəsi vardır. Zəngilan və Qubadlı rayonlarında 12 min hektar və, eyni zamanda, işğaldan azad edilmiş Hadrut rayonunda və Xocavənd rayonunun bir hissəsində böyük meşə sahələri vardır. Meşələr isə planetimizin ağciyəridir".

Prezident qeyd edib ki, işğal zamanı Azərbaycanın meşələrini qırıb, talayıb və son müddət ərzində yandırıblar. Onun əlavə etməsinə görə, amma meşə sahələrinin böyük hissəsi toxunulmaz qalıb.

Laçın koridoru. Açıq qalan suallar
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

"Bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilib"

Dövlət başçısının vurğulamasına görə, Laçın rayonunun strateji əhəmiyyəti, eyni zamanda, ondan ibarətdir ki, rayon ərazisindən və Laçın şəhərinin içi ilə Laçın dəhlizi keçir: "Bildiyiniz kimi, bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilibdir. Dəhliz uzun illər erməni silahlı qüvvələrinin, işğalçıların nəzarətində idi. Deyə bilərəm ki, noyabrın 10-da imzalanmış birgə bəyanatın ilkin versiyasında bu dəhlizin erməni silahlı qüvvələrinin nəzarətində qalması ilə əlaqədar müddəa var idi. Mən buna etiraz etdim və nəticədə bu dəhliz Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə verilmişdir".

"Təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun"

Prezidentin qeyd etməsinə görə, bu, çox böyük nailiyyətdir: "Laçın dəhlizi erməni işğalçı qüvvələrindən təmizlənib. Onu da bildirməliyəm ki, bəyanatın ilkin versiyasının üzərində fəal işlər gedirdi, xüsusilə Şuşa şəhəri işğaldan azad olunandan sonra qısa müddət ərzində. Bəyanatın ilkin versiyasında bizə təklif edilirdi ki, Laçın dəhlizinin eni 30 kilometr olsun. Mən buna qəti etiraz etdim və dedim ki, Ermənistan tərəfinin bu iddiası tamamilə əsassızdır. Dəhliz çərçivəsində təhlükəsizlik tədbirlərini təmin etmək üçün bu qədər geniş dəhlizə ehtiyac yoxdur".

İ.Əliyevin deməsinə görə, ikinci variantda Laçın dəhlizinin eni 10 kilometr nəzərdə tutulub: "Buna da mən razılıq vermədim və nəticədə 5 kilometr eni olan dəhliz haqqında razılıq əldə edildi. 5 kilometr həm bizim üçün, həm Dağlıq Qarabağda yaşayan ermənilər üçün və təhlükəsizliyi təmin etmək üçün kifayət qədər məsafəni əhatə edir".

Laçın köçkünləri: 'Şəhərimiz yoxa çıxır''
Gözlə

No media source currently available

0:00 0:03:53 0:00

Prezidentin deməsinə görə, uzun illər ərzində aparılan danışıqlarda Laçın rayonunun Azərbaycana qaytarılması, xüsusilə Laçın dəhlizi ilə bağlı olan məsələ həmişə çox önəmli və ayrı bir mövzu kimi müzakirə olunub: "Ermənistan tərəfi, ümumiyyətlə, hesab edirdi ki, bütün Laçın rayonu onlara dəhliz kimi verilməlidir. Əfsuslar olsun ki, bəzi Qərb dairələri bu mövqeyi dəstəkləyirdi. Bu da Ermənistanın mövqeyini daha barışmaz edirdi…".

"Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki,…"

İ.Əliyev çıxışında aparılan danışıqlara və Azərbaycanın mövqeyinə də toxunub: "Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır…".

"5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq…"

Dövlət başçısının vurğulamasına görə, Laçın rayonunun Azərbaycana qaytarılması, tarixi məsələdir: "Biz müharibə zamanı təqribən 5 min, 5 min kvadratkilometrə yaxın ərazini döyüş meydanında azad etdik, müharibə yolu ilə azad etdik. Eyni zamanda, təxminən bir o qədər – 5 min kvadratkilometrə yaxın ərazini artıq sülh yolu ilə qaytardıq…".

Prezidentin deməsinə görə, Laçın rayonu işğala məruz qalanda Bakıda hakimiyyət uğrunda mübarizə gedib.

Laçında məskunlaşan ermənilər silahları təhvil verirlər
Gözlə

No media source currently available

0:00 0:01:54 0:00

"İndi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur"

İ.Əliyev habelə deyib ki, indi artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur: "Əgər kimsə hesab edir ki, bu münaqişə hələ də davam edir, səhv edir. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar Azərbaycan vətəndaşlarıdır. Mən bir daha demək istəyirəm, onlar görəcəklər ki, vahid Azərbaycan dövləti çərçivəsində onların yaşayışı yaxşı olacaq…".

Prezident sonra da deyib: "Bu gün Dağlıq Qarabağda yaşayan ermənilər və mütləq oraya qayıdacaq azərbaycanlılar gün gələcək yenə yaxşı qonşuluq şəraitində yaşayacaqlar. Burada logistik məsələlər var, nəqliyyat məsələləri var, enerji təhlükəsizliyi var. Biz bütün bu məsələləri nəzərdən keçirəcəyik".

İ.Əliyev daha sonra üçtərəfli bəyanata toxunub. Onun qeyd etməsinə görə, dördüncü bənddə göstərilir ki, bu bəyanatın müddəti 5 ildir: "Əgər müddətin bitməsinə 6 ay qalmış tərəflər buna etiraz etməsələr, bu bəyanat və bu razılaşma uzadılır. Bu, aydın məsələdir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu bəyanat imzalananda bu bənd o qədər də geniş açıqlanmamışdı. Ancaq biz bunu imzalayanda, artıq razılaşmışdıq ki, bu mərkəz Türkiyə-Rusiya mərkəzi olacaqdır və bu da artıq öz həllini tapıb".

Prezident deyib ki, Laçın dəhlizi Şuşa şəhərinə toxunmayacaq 5 kilometr enliyində Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır: "…Göstərilir ki, tərəflərin razılığı əsasında növbəti 3 il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək. Bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Mən bu məsələni də şərh etmək istərdim. Burada nə göstərilir?".

Paşinyan 44 günlük müharibə dövründə baş verənlərdən danışır
Gözlə

No media source currently available

0:00 0:02:17 0:00

"Laçın şəhəri də bizə qaytarılacaq"

İ.Əliyevin qeyd etməsinə görə, indi hamı yaxşı bilir ki, Laçın dəhlizi Laçın şəhərinin içindən keçir: ​"Beləliklə, Laçın şəhəri o dəhlizin ortasında qalır. Mən isə Rusiya prezidenti ilə söhbətlər əsnasında deyirdim ki, Laçın şəhəri də bizə qayıtmalıdır. Ona görə biz təklif edirik ki, yeni bir dəhliz inşa edilsin. Dağlıq Qarabağı Ermənistanla birləşdirən yeni bir dəhlizin marşrutu işlənilsin və inşa edilsin. Burada vaxt da göstərilib - 3 il ərzində. Ancaq mən hesab edirəm ki, biz bunu daha tez müddətdə edə bilərik. Yeni dəhlizin parametrləri müəyyən olunandan sonra Laçın şəhəri də bizə qaytarılacaqdır".

"Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar"

Prezidentin deməsinə görə, yeddinci bənddə göstərilir ki, məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır: "Bu da önəmli məsələdir. Azərbaycan vətəndaşları Dağlıq Qarabağın bütün yerlərinə qayıtmalıdırlar, harada ki, onlar əvvəl yaşayıblar. Bu məsələyə artıq BMT nəzarət edəcək. Əlbəttə, bunun vaxtı var. Bu, növbəti təmaslar əsnasında həll olunacaqdır…".

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzində daxil olub. Noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib. Bu gün, dekabrın 1-də də Azərbaycan ordusunun Laçın rayonuna daxil olduğu açıqlanıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG