Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:30

Tramp yenə seçki saxtakarlığından danışır


Donald Tramp
Donald Tramp

Prezidentin seçki qərargahı və tərəfdarları həlledici ştatlarda pozuntularla bağlı iddialar qaldırıblar, ancaq onların, demək olar, hamısı dəlil olmadığından kənara qoyulub

ABŞ Prezidenti Donald Tramp 46 dəqiqəlik video yayaraq 3 noyabr prezident seçkisində saxtakarlıqla bağlı əsassız iddialar səsləndirib. O, seçkidə demokrat partiyasının namizədi Co Baydenə uduzub.

Dekabrın 2-də “Facebook”da yerləşdirdiyi videoda Tramp bunu “indiyədək ən mühüm” çıxışı adlandırıb və deyib ki, Ali Məhkəmə “ölkəmiz üçün düzgün olanı” etməli, nəticəni ləğv etməlidir.

Prezident möhürü ilə tribuna arxasında dayanan 74 yaşlı Tramp seçkinin nəticələrini şübhə altına alıb, bir daha “saxtalaşdırılmış seçki” ifadəsini işlədib. Seçkidə Baydenin 81 milyon, yəni, Trampdan 7 milyon çox səs yığdığı bildirilib. Trampın administrasiyasının üzvləri, Baş Prokuror Uilyam Barr belə dəfələrlə deyiblər ki, seçkidə genişmiqyaslı saxtakarlığa sübut yoxdur.

Trampın çıxışı yazılan zaman orada media təmsilçisi olmayıb.

Məhkəmə iddialarına baxmaqdan imtina olunur

Prezidentin seçki qərargahı və tərəfdarları həlledici ştatlarda pozuntularla bağlı iddialar qaldırıblar, ancaq onların, demək olar, hamısı dəlil olmadığından kənara qoyulub.

Trampın videonu yerləşdirdiyi Facebook və Twitter sosial şəbəkələri ona “problemli” etiketi vurublar, ancaq prezidentin yüzminlərlə tərəfdarı videonu bəyənib.

Bu arada Viksonsin ştatının qubernatoru Toni Eversin vəkilləri ştatın Ali Məhkəməsində vəsatətlər qaldırıblar. Onlar bildiriblər ki, Trampın bu ştatda nəticələrin ləğvini istəyən məhkəmə iddiası “demokratiyaya hücum”dur.

Demokrat partiyasının üzvü olan Evers deyib ki, bülletenlərin sayılmamasına hüquqi əsas olmayıb, səslərin təkrar sayılması zamanı da seçki məmurları heç bir bülletini kənara atmayıblar, çünki onlarda qanunsuzluq aşkarlanmayıb.

Bayden 20 yanvar andiçməsi öncəsi administrasiyasını formalaşdırmaqdadır.

“Keçid komandan mənim gələn Konqresə təqdim edəcəyim məsələlər üzərində artıq işləməyə başlayır, üzləşdiyimiz çoxsaylı böhranlar, özəlliklə də iqtisadi böhran və COVID-lə mübarizə aparılacaq”, – Bayden dekabrın 2-də doğma Delaver ştatında toplantıda deyib.

XS
SM
MD
LG