Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:32

Koronavirusdan ölənlərin sayı milyon yarımı keçdi


Ticarət mərkəzində maska taxmış qadın
Ticarət mərkəzində maska taxmış qadın

BMT rəhbəri xəbərdarlıq edib ki, pandemiyanın sosial və iqtisadi təsiri “böyükdür və artmaqdadır”, heç bir vaksin açılmış yaraları illər boyu sağalda bilməyəcək

Dekabrın 3-də dünyada yeni koronavirusdan ölənlərin sayı bir milyon yarımı, təsdiqlənən yoluxmalar isə 65 milyonu keçib.

Son bir həftədə dünya üzrə bu xəstəlikdən hər gün 10 mindən çox insan vəfat edib. Statistika real mənzərəni göstərmədiyindən həqiqi rəqəmlərin daha yüksək olduğu düşünülür.

BMT rəhbəri xəbərdarlıq edib ki, pandemiyanın sosial və iqtisadi təsiri “böyükdür və artmaqdadır”, heç bir vaksin açılmış yaraları illər boyu sağalda bilməyəcək.

“Pandemiyanın bir ili tamam olduqca insan faciəsi, ictimai səhiyyədə, humanitar və inkişafda fövqəladə vəziyyət görürük”, – BMT-nin Baş katibi Antonio Quterres Baş Assambleyanın virtual xüsusi iclasında deyib.

Fransada vaksin pulsuz olacaq

Artıq ilkin vaksinlərin tətbiqi gözləndiyi bir dönəmdə Quterres zəngin ölkələri dərmanın ilk növbədə ən zəif və yoxsul qruplara çatdırılmasını təmin etməyə səsləyib.

Dekabrın sonundan Birləşmiş Ştatlarda, Avropada və bəzi digər inkişaf etmiş ölkələrdə peyvəndləmənin başlanacağı gözlənir.

Ancaq ilkin mərhələdə təchizat məhdud olduğundan hər bir ölkə öncə risk qruplarını vaksinasiya edəcək.

Dünya Səhiyyə Təşkilatının (DST) Avropa ofisinin rəhbəri Hans Kluge deyib ki, ilk növbədə “səhiyyə və sosial yardım işçiləri, yaşı 60-dan yuxarı olanlar, qayğı mərkəzlərinin sakinləri və işçilərinə peyvənd vurulmalıdır”.

Dekabrın 2-də Britaniya COVID-19 vaksinini ümumi istifadəyə təsdiqləyən ilk Qərb ölkəsi oldu.

Fransa da artıq bir neçə həftəyə peyvəndləməyə başlayacağını bildirib. Baş nazir Jan Kastonun deməsinə görə, vaksin hamı üçün pulsuz olacaq. Nazir bildirib ki, yanvardan başlayaraq risk altında olan, məsələn, qocalar evlərinin sakinləri daxil bir milyon insana peyvənd vurulacaq.

ABŞ-da yoluxmalarda və ölümdə rekord yaşanır

Birləşmiş Ştatlarda rekord rəqəmlər qeydə alınmaqdadır. Dekabrın 3-də 210 mindən artıq yeni yoluxma və 2 min 900 ölüm aşkarlanıb.

Yeni prezident seçilmiş Co Bayden amerikalılardan prezidentliyinin ilk 100 günündə maska taxmağı istəyəcək.

“Andiçmə günü ictimaiyyətdən xahiş edəcəyəm ki, 100 gün maska taxsınlar, həmişəlik yox, sadəcə, 100 gün”, – o, dekabrın 3-də CNN-ə vitse-prezidenti seçilmiş Kamala Harrislə ilk birgə müsahibəsində deyib.

Bayden seçki kampaniyası dövründə də tez-tez maska taxmaq çağırışları edirdi. Ancaq etiraf edib ki, prezident kimi ölkəboyunca belə bir qayda tətbiq etməyə hüquqi səlahiyyəti çatmaya bilər.

Artıq hava aviaşirkətlər, aeroportlar, bir çox ictimai nəqliyyat orqanları maska taxmağı qayda kimi qoyub.

Prezident Donald Tramp isə virusun əhəmiyyətini kiçildir, maska taxmağa rişxənd edir, iqtisadiyyatı yenidən açmağa çağırırdı. O, oktyabrda COVID-19-a yoluxdu.

Bu arada ölkənin üç keçmiş prezidenti – Barak Obama, Corc BuşBill Klinton vaksinin təhlükəsiz olduğunu göstərmək üçün ictimai şəkildə peyvənd vurdurmağa hazır olduqlarını bildiriblər.

“Amerika xalqına bunun təhlükəsiz olduğunu çatdırmaq vacibdir. Bunu elətdirmək təhlükəsizdir”, – 78 yaşlı Bayden CNN-ə müsahibəsində vurğulayıb.

ABŞ hakimiyyəti artıq bu ay iki potensial vaksini təcili təsdiqləyə bilərlər.

ABŞ Pfizer şirkətinin Almaniyadan tərəfdaşı BioNTech ilə hazırladığı vaksinin 95 faiz, Moderna şirkətinin vaksininin isə 95 faizə yaxın effektiv olduğu açıqlanıb.

XS
SM
MD
LG