“Amnesty International” insan haqları təşkilatı BMT ekspertlərinin İran hökumətinə məktub göndərməsini alqışlalyıb. Hökumətdən 1988-ci ildə dissidentlərin həbsxanalarda kütləvi öldürülməsi ilə bağlı hesabatlılıq tələb olunur.
İnsan haqları ekspertləri məktubda xəbərdarlıq edirlər ki, qətliamla bağlı keçmiş və hazırda davam edən pozuntular “bəşəriyyətə qarşı cinayətlərə bərabər ola bilər”. Qurum dekabrın 9-da bu haqda açıqlama yayıb.
“Amnesty International” və digər insan haqları qrupları 1988-ci ildə İraqla müharibə başa çatmaqda ikən İranda minlərlə əsasən gənclərin qanunsuz edam olunduğunu deyirlər. Öldürülənlər içində İran Xalq Mücahidlərinin tərəfdarları üstünlük təşkil edib. Ölkədə qadağan olunmuş bu təşkilat münaqişə vaxtı Bağdadı dəstəkləyib.
Bir neçə həftə ərzində minlərlə insan öldürülüb
Fəalların deməsinə görə, adekvat mühakimə aparılmadan minlərlə insan edam olunub. Dəqiq say bəlli deyil. “Amnesty International” 2018-ci ildə yaydığı hesabatda qeyd edirdi ki, İranın azı 32 şəhərində 1988-ci il iyul-sentyabr aylarında bir neçə həftə ərzində edamlar həyata keçirilib.
Amnesty bu qətlləri insanlığa qarşı cinayət adlandırıb, İranı qətllər, qalıqların yeri barədə informasiyanı “sistematik olaraq” gizlətməkdə suçlayıb.
Londonda mənzillənən təşkilat məktubu qurbanların ailələri üçün “vacib addım” hesab edir.
İran hökumətinə sentyabrda göndərilmiş məktubda BMT ekspertləri öldürülən şəxslərin “taleyi və harada olmasının açıqlanmasından imtina haqda deyilənlərdən ciddi narahatlıq” bildirib.
Ekspertlər bütün halları müstəqil araşdırılmağa, meyitlərin qalıqlarını ailələrə qaytarmağa, məsuliyyət daşıyanları mühakimə etməyə çağırır.
BMT ictimaiyyətə indi açıqlanan məktubda yazılanları təsdiqləyib.