Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 22:47

Müharibədən sonra Azərbaycan-İran münasibətləri necə dəyişəcək?


"Qarabağ İsrailə manevr imkanı açır" - iranlı alimin təhlili
Gözlə

No media source currently available

0:00 0:15:57 0:00

"Qarabağ İsrailə manevr imkanı açır" - iranlı alimin təhlili

Dekabrın 9-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İrana səfəri başlayıb. Hələlik səfərdə müzakirə olunan məsələlər barədə rəsmi xəbər yoxdur.

Amma bu səfər ikinci Qarabağ müharibəsindən sonra İranla Azərbaycan arasında münasibətlərin necə olacağı suallarını aktuallaşıb.

Beynəlxalq Təhlükəsizlik üzrə Alman İnstitunun araşdırmaçısı, Tehran Universitetinin keçmiş professoru Hamidrza Əzizi AzadlıqRadiosuna deyir ki, bu müharibədə İran xeyli maraqlarını itirdi və bunlardan ən mühümlərindən biri də Azərbaycanı Ermənistan ərazisi ilə Naxçıvanla birləşdirəcək dəhliz barədə razılaşmadır. O bildirir ki, bu dəhliz İranın Azərbaycan üzərində təsir imkanlarını xeyli azaldır.

Türkiyənin bölgəyə gəlişi

BBC-nin Türk xidməti yazır ki, gələcəkdə Naxçıvan dəhlizinin açılması ilə Türkiyə daha İrandan bahalı qazı yox, təqribən hər kubmetrinə görə 150 dollar daha ucuz olan Azərbaycan qazı ala biləcək.

Bundan başqa Türkmənistan qazı da Azərbaycan üzərindən Türkiyəyə çatdırıla, ABŞ-ın dəstəklədiyi Transxəzər layihəsi yenidən gündəmə gələ bilər.

Başqa bir məqam isə Türkiyənin Qarabağ müharibəsi dönəmində bölgədə rolunun artmasıdır.

Ankara Siyasət Mərkəzinin təhlilçisi Orxan Qafarlı deyir ki, indiyə qədər Rusiya onsuz da Ermənistan ərazisi vasitəsilə İran sərhədinə yaxın idi. Türkiyənin gəlməsi isə durumu dəyişdi.

“Türk hərbçilərinin bölgədə Monitorinq Mərkəzində olması, İranın regional maraqları baxımından təhlükə sayılır. Çünki İran bölgənin türkləşməsindən ən çox narahat olan ölkələrdən biridir. Bunun da bir neçə səbəbi var. Çünki özünün də daxilində azlıqlar problemi var. İkincisi də Türkiyənin Azərbaycanla münasibətlərinin bu şəkildə inkişaf etməsi İranın regional siyasətinin önünü kəsmiş olur”.

Tehranın rəqiblərinin qələbəsi?

Orxan Qafarlı deyir ki, hazırda Rusiya və Türkiyənin bölgədə fəallaşması fonunda İran kənarda qalmış kimi görünür.

Avropa Parlamentində məsləhətçi kimi çalışan, İran üzrə təhlilçi Eldar Məmmədov (O AP-nin adından yox, müstəqil qaydada yazır) eurasianet.org dərgisində yazır ki, Bakı və Ankaranın münasibətləri pik həddə yaxşılaşıb, Moskva isə özünü münaqişə boyunca cilovladı - Öz müttəfiqi Ermənistanın maraqlarını irəli çəkmədi, Azərbaycanın maraqlarını nəzərə aldı, Türkiyəni ilə əməkdaşlıq etdi:

“Rusiya nəzərə aldı ki, Cənubi Qafqaz yalnız onun nüfuz edə biləcəyi region deyil. İran isə görür ki, öz maraqlarını müdafiə etmək üçün Cənubi Qafqaz regionunda daha təşəbbüskar olmalıdır. Qarşıdakı aylarda İran mümkün qədər sülh ideyalarını irəli sürəcək”.

Həmidrza Əzizi bildirir ki, Azərbaycanın bundan sonra daha artıq nəticələr əldə etməsinə həm də Tehranın rəqiblərinin qələbəsi demək olardı:

“Regionda qüvvələr balansının Azərbaycanın xeyrinə dəyişməsi İsrailə İranın şimalında manevr imkanı verərdi. Bu da İranın Qarabağdakı status -kvonu saxlamaqda maraqlı olmasının səbəblərindən biridir”.

İran kənarda qalmayacaq

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa isə deyir ki, Ceyhun Bayramovun səfərində məqsəd elə həm də İranı beynəlxalq layihələrə cəlb etməkdir.

Onun sözlərinə görə, bu səfərdə həll ediləcək məsələlər - İranla sərhəddə, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinin həyata keçirilməsi, o cümlədən, Xudafərin su anbarı və digər layihələrin işlək vəziyyətə gətirilməsi və sairdir:

“Gələcəkdə də kommunikasiya xətlərinin açılması prosesində İranın da bu prosesə müəyyən dərəcədə aktiv rol alan dövlət kimi yer alması - xüsusilə də nəqliyyat dəhlizindən birlikdə istifadə olunması, Culfa üzərindən İrana yükdaşımaların həyata keçirilməsi və başqa məsələlər də bütövlükdə müzakirə oluna bilər”.

İkinci Qarabağ müharibəsində İran rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. İrandakı azərbaycanlı fəallar Rusiyanın – İran ərazisindən istifadə edərək Ermənistana silah göndərdiyini bildirirək, etiraz aksiyaları keçirsələr də, İran hökuməti bunu təkzib etmişdi.

XS
SM
MD
LG