Devid Finçer son dərəcə ağır psixoloji triller olan "Se7en" və Aaron Sorkin ilə birgə çəkdiyi "The Social Network" kimi filmləri ilə tanınır. Rejissorun sonuncu tammetrajlı bədii filmi olan "Gone Girl"un ekranlara çıxmasından altı il sonra onun "Mank" filmi dekabrın 4-ü "Netflix"də strim olunmağa başlayıb.
"Əyləncə yanaşmasını da qoruyub saxlaya bilib"
Finçer atası Cek Finçerin hələ 90-cı illərin sonlarında yazdığı bu ssenarini reallaşdırmaq üçün təqribən 20 il gözləyib. Hollivudun əksər ənənəvi studiyalarının bu ağ-qara biopiki kənara qoyduğu zamanda "Netflix" Finçerə ideyasını reallaşdırmaq üçün kart-blanş verib. Film "Citizen Kane" filminin ssenari müəllifi Herman Mankeviç haqdadır.
BBC yazır ki, "Mank"ın ilk revyuları son dərəcə müsbətdir. Finçer dərhal "ən yaxşı kinorejissor" nominasiyasında "Oskar"a namizədlərdən biri kimi görülməyə başlayıb. COVID-19-un 2020-ci ilin kinematoqrafiya təqvimini pozması isə o deməkdir ki, Finçer o qədər də güclü rəqiblərlə qarşılaşmayacaq. Bu vaxta qədər Finçerin bu nominasiyada namizədliyi yalnız iki dəfə - "The Curious Case of Benjamin Button" və "The Social Network" filmlərinə görə irəli sürülüb.
"Heç bir rejissor tənhalıq, depressiya, tutqu və zəkanın qaranlıq tərəfini onun qədər yaxşı təhlil etməyib. Bununla yanaşı, o, daim zövq, intuisiya və ən əsası, əyləncə yanaşmasını da qoruyub saxlaya bilib", – BBC-nin məqaləsində deyilir.
Digər rejissorlardan fərqi
Bəs görəsən, Finçeri digər rejissorlardan fərqli edən nədir? Həmkarı Ceff Kronenvet hesab edir ki, Finçer auditoriyasını özlərinin zəif nöqtələrini təhlil etməyə vadar edir.
"O [bu zəif nöqtələri] çıxarıb qabağımıza qoyur ki, biz onları sevməsək də, həzm edək. Bu məsələlər yaxşı müzakirə və söhbət mövzuları olsa da, insanları özlərini narahat hiss etməyə vadar edir. Onun filmləri həmişə təmiz, qiymətli və səliqəli deyil", – o deyir.
O, daha sonra Finçerin həyatda kənardan göründüyü kimi müəmmalı, soyuqqanlı, qaranlıq insan olmadığını, çox həvəsli və həssas olduğunu deyir: "O, insanlığın qara məqamlarını öyrənir və bizə təqdim edir. Bütün məsələ budur. Bizim hamımızın səhvlərimiz var və o bizim bu səhvlərimizi öyrənmək istəyir".
Finçerin insan psixologiyasının bu aspektinə marağı onun 1960-cı illərin sonları – 1970-ci illərin əvvəllərində San-Fransisko buxtası ərazisində böyüməsi ilə bağlıdır. Həmin dövrdə Killer Zodiak kimi tanınan bir qatil bütün regionu terrorizə edirdi. Finçer bu hekayəni 2007-ci ildə çəkdiyi "Zodiac" filmində çox detallı təsvir edib və daha sonra "Mindhunter" filmində silsilə qətllər törədən qatilin psixikasını öyrənməyə davam edib. Bu serialın iki mövsümü çəkilib və "Netflix"də strim olunub.
"O, aktyorları sevir"
Finçerin "Fight Club" filmində kastinq direktoru kimi işə götürdüyü Larey Meyfildin sözlərinə görə, rejissor aktyorlarla təkcə kamera önündə əməkdaşlıq etmir: "O, aktyorları sevir və onlar haqqında çox şey bilir".
Finçer, əsasən, ssenari və personajlara fokuslanır. Çəkilişlərə başlamazdan xeyli əvvəl Finçer və Meyfild birlikdə oturub ssenarini hissələrə bölür, onu hər bir personajın prizmasından təhlil edirlər: Onlar kimdir? Onlar haradan gəlirlər? Onların keçmiş hekayəsi nədən ibarətdir? Nəyə nail olmaq istəyirlər? Onların emosional vəziyyəti necədir? Onlar hekayəni hansı istiqamətə aparır? Digər qəhrəmanlarla qarşılıqlı münasibətləri necədir? Onların bu hekayədəki yeri nədən ibarətdir? Bu və başqa suallara cavab tapmağa çalışırlar.
Meyfild Finçerin daim "mühüm" insanlarla işləməyə can atdığını da sezib. Söhbət çəkiliş zamanı meydana çıxan problemləri yerindəcə həll etməyə çalışan insanlardan gedir.
"Biz Devid üçün yox, Devidlə birgə çalışırıq. Biz öz işimizlə bir baxışı dəstəkləmək, onu irəli aparmaq üçün oradayıq. Hətta çətin günlərdə də", – Kronenvet BBC-yə deyib.