Dekabrın 9-da Birləşmiş Ştatlarda koronavirusdan yeni rekord ölüm qeydə alınıb – 3 min 54 nəfər.
Bu gün – dekabrın 10-da isə rəsmilərin Pfizer-BioNTech şirkətlərinin hazırladığı COVID-19 vaksinini təcili təsdiqləyəcəyi gözlənir. Ərzaq və Dərman Agentliyi (FDA) bu gün iclas keçirəcək.
Britaniya artıq dekabrın 8-dən ikidozalı vaksinin vurulmasına başlayıb. Kanada isə dünən Pfizer-BioNTech vaksinini təsdiqləyib.
ABŞ-da vaksinin ilk olaraq tibb işçiləri və yaşlılara vurulacağı gözlənir. Ölkədə yeddi günlük ortalama ölü sayı 2 min 276 nəfər olub və bir neçə günə koronavirusdan ümumi ölü sayının 300 minə çatacağı gözlənir.
Gündəlik yoluxmalar 200 mini keçdiyindən səhiyyə sistemi təzyiq altındadır. Xəstəxanalarda 106 mindən çox koronaviruslu xəstənin olduğu deyilir.
50 faiz vaksin vurduracaq
Bu arada amerikalıların çoxunun vaksin vurdurmağa ehtiyatla yanaşması da üzə çıxıb. Yəni, yetərincə əhalinin pandemiyaya qarşı vaksin olunmaması xəstəliklə mübarizə cəhdlərini kölgələyə bilər.
The Associated Press-NORC İctimai İşlər üzrə Tədqiqat Mərkəzinin keçirdiyi sorğuya görə, amerikalıların təxminən yarısı yeni vaksindən vurduracaq. 25 faiz hələ qəti qərara gəlməyib, daha 25 faiz vurdurmayacağını deyib.
Ekspertlərin fikrincə, kütləvi immunitetin əldə olunmasından ötrü ABŞ əhalisinin azı 70 faizi peyvənd olunmalıdır.
Ölkələr sakinlərini mümkün qədər vaksin elətdirməyə çalışdığı bir məqamda BMT-nin Baş katibi Antonio Quterres xəbərdarlıq edib ki, “vaksin millətçiliyi” “tam sürətlə” vüsət alır.
Dekabrın 9-da BMT-nin Afrika Birliyi ilə virtual toplantısı keçirilib. Quterres iclasda deyib ki, inkişaf etməkdə olan ölkələrdə çoxları zəngin ölkələrdə vaksinasiya kampaniyalarına hazırlığı izləyir və maraqlanırlar ki, görəsən, onlar nə vaxt, heç peyvənd olunacaqlarmı. BMT başçısı növbəti 2 ay ərzində Dünya Səhiyyə Təşkilatının dünyanın yoxsul əhalisi üçün vaksin alması və çatdırmasından ötrü 4.2 milyard dolların yığılmasına çağırıb.
Bu arada koronavirus vaksinini dəyərləndirən AB qurumu kiberhücuma məruz qaldığını bildirib.
Agentliyə haker hücumu
Amsterdamda mənzillənən Avropa Dərman Agentliyi (ADA) haker hücumunun detallarını açıqlamayıb, məsələnin hüquq-mühafizə agentlikləri ilə birlikdə araşdırıldığını deyib.
BioNTech və Pfizer şirkətlərinin sonradan yaydıqları bəyanatda deyilir ki, agentliyin serverində saxlanan, onların vaksin adına namizədinə bağlı bəzi sənədlərə “qanunsuz çıxış əldə olunub”.
Şirkətlər öz sistemlərinə müdaxilə olunmadığını bildiriblər.
Britaniya iyulda Kremlə bağlı kibercinayətkarları koronavirus vaksinlərini tədqiq edən laboratoriyalara hücumda suçlamışdı. ABŞ qəzeti isə yazırdı ki, hakerlər vaksin hazırlayan şirkətlərə hücum cəhdi göstəriblər.
Həmin şirkətlər sırasında Johnson & Johnson, Novavax, AstraZeneca və Cənubi Koreyanın laboratoriyaları vardı.
ADA ən geci dekabrın 29-dək Pfizer/BioNTech vaksini ilə bağlı qərarını açıqlayacağını bildirib.
Moderna şirkətinin vaksin namizədi il bağlı qərar yanvarın 12-dək gözlənir.
Rusiya və Çin isə özlərinin hazırladıqları peyvəndlə artıq vaksinasiya kampaniyasına start veriblər.