Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:59

Koronavirusa görə vaksin gəlir - Açıqlama


COVID-19 vaksini
COVID-19 vaksini

"Ölkəyə alınıb gətiriləcək koronavirusa qarşı vaksinlər 100 faiz təhlükəsizlik qaydalarına cavab verəcək". Bunu dekabrın 15-də Operativ Qərargahın brifinqində Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib. Onun sözlərinə görə, bu zaman peyvənd məntəqələrinin, tibbi personalın tam hazır olması da təmin ediləcək: "İkitərəfli danışıqlarda qardaş Türkiyə ilə daha yaxın əməkdaşlıq edirik. Onlarda aparılan işlərlə bağlı gündəlik məlumatlıyıq və artıq işbirliyi yaradılıb".

O daha sonra da deyib: "Vaksinin əldə edilməsində onun təhlükəsizliyi xüsusi önəm kəsb edir. Vaksinin istifadəsinə yalnız təhlükəsizliyə tam cavab verəndən sonra icazə verilə bilər. Yalnız üçüncü mərhələdən sonra, eyni zamanda, ölkənin standartlarına cavab verərsə, bu vaksinlərdən istifadə etmək olar".

TƏBİB rəhbəri vaksinlərdən danışır

"Azərbaycan xəstəxanalarının strukturunun yaxşılaşması nəticəsində səhiyyə sistemi bu gün gündəlik 4 min yoluxmanın öhdəsindən gələ bilir, amma bu, daimi deyil". Bunu da Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

"Ona görə də gərək biz vaksinasiyaya başlayaq. Hazırda klinik sınaqlar fazasına daxil olan 30 vaksindən 7-si üçüncü mərhələdədir", - o vurğulayıb.

"Vaksinasiya pulsuz olacaq"

"Ənənəvi vaksinasiya üçün soyuq zəncirləməyə ölkəmiz tam hazırdır".

Bunu da Operativ Qərargahın brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, GAVI təşkilatı hansı vaksini tövsiyə edəcəksə, soyuq zəncir sistemi ona uyğunlaşdırılmalıdır: "Qısa müddətdə vaksinasiya üçün bütün qurumlarımız səfərbər olmalıdır. Bu da müxtəlif təlimlərdən keçir. Koronavirusla mübarizə çərçivəsində ÜST bizi ən yaxşı ölkələr siyahısına daxil etmişdi. Vaksinasiyada da belə olacaq".

Səhiyyə nazirinin müavini V.Qasımov isə bildirib ki, ölkədə vaksinasiya strategiyası hazırdır və yaxın günlərdə hökumət bu strategiyanı təsdiqləyərək açıqlayacaq. Onun deməsinə görə, ilk dövrlərdə vaksinasiya pulsuz həyata keçiriləcək.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyədək ümumilikdə 178 min 986 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan min 966 nəfərin vəfat etdiyi açıqlanıb.

Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.

XS
SM
MD
LG