Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 07:59

Superqəhrəmanlarsız il


Spider-man
Spider-man

"Marvel"in "Avengers"inin dünyanı birdəfəlik xilas edib tamaşaçılarla sağollaşmasının üstündən nə qədər vaxt keçib? Tanosun yenilməsindən az sonra gözəgörünməz meqamənfi qəhrəman dünyaya meydan oxumağa başladı. Bu səfə daha uçan hay-tek paltarlar və sehrli çəkiclər də işə yaramır.

Real qəhrəmanlar

Komiks kitabları əsasında çəkilən filmlər on ildir kino ekranlarında dominantlıq edir. Ancaq COVID-in sayəsində bir ildir kino həvəskarları superqəhrəmanlarsız ötüşür. Yox, bu il də bu qəbildən olan bir neçə film çəkilib: "Birds of Prey", "X-Men", "The New Mutants". Ancaq 2020-ci il ümumən filmlərin premyera və nümayişlərinin təxirə salındığı il kimi yadda qaldı. Dekabrda Amerikada açıq qalan azsaylı kinoteatrlara "Wonder Woman 1984" sekveli gəlir. Film ilk olaraq düz bir il bundan əvvəl ekrana çıxmalı idi.

"The Guardian" qəzeti yazır ki, yaxın 12 ay ərzində bu janrda çəkilmiş çox sayda filmin ekranlara çıxacağı gözlənilir. Çünki 2020-ci ildə nümayişi təxirə salınmış bütün superqəhrəman filmləri nəhayət ki, kinoteatrlara yol tapacaq.

Bəs görəsən, bu müddət ərzində auditoriyanın qəhrəmanlığa münasibəti dəyişməyəcək ki? Kinonu kənara qoysaq, real həyatda 2020-ci ilin əsl superqəhrəmanları tibb işçiləri, vaksinlər üzərində çalışan alimlər və ictimai fəallar olub.

Köhnə eranın qalığı

Bu il biz "Captain America"nın yerinə 100-yaşlı Kapitan Tomla tanış olduq. 1920-ci ildə dünyaya göz açmış Britaniya ordusunun keçmiş zabiti kapitan Ser Tom Mur özünün 100 yaşını qeyd etmək üçün pandemiya dövründə xeyriyyə məqsədilə ianə toplayıb.

Kiçik ekranda isə biz şahmat dahilərindən (The Queen's Gambit) tutmuş 70-ci illərin feministlərinə (Mrs America), qaradərili londonlulardan (I May Destroy You) iri pişik həvəskarlarınadək (Tiger King) bir-birindən maraqlı qəhrəmanları izləmişik. Gözə dəyən yeganə superqəhrəmanlarsa mənfi olub (The Boys).

Beləliklə, kinematoqrafçılar yenidən bizə əcaib geyimli, real olmayan, fantastik adamların bir-birini qırdığı hekayələri təklif edəndə bu bizə hələ də maraqlı olacaqmı? İnsanlar buna pul vermək istəyəcəkmi? "Yoxsa bu, ötüb keçmiş köhnə eranın qalığı kimi görünəcək?", –"The Guardian" sual edir.

Qarovul dəyişir...

Bu filmlərin 2010-cu illərdə ekranlarda dominant olmasının arxasında duran "sosioloji amillər" artıq qüvvədən düşmüş ola bilər. Əgər belədirsə, onda bəlkə bundan başqa da nəsə dəyişir? Düzdür, "Marvel"in "Avengers" saqası ən böyük rəqibi olan "DC"ni ("DC Comics") qəfil yaxaladı. Ancaq onun gəlir gətirən personajlarının çoxu artıq "təqaüdə çıxıb". Kiçik Robert Dauninin "Iron Man"i və Kris Evansın "Captain America"sı kimi. Çedvik Bouzmanın vaxtsız ölümü də "Black Panther"i çətin vəziyyətdə qoyur. 2021-ci ildə işıq üzü görməsi planlaşdırılan "Black Widow" və "Spider-Man 3" bir qədər yenidən qızdırılmış köhnə yeməyi xatırladır. "Shang-Chi and the Legend of the Ten Rings" və "Eternals" kimi yeni başlıqlarsa auditoriyaya tanış deyil.

Bunun əksinə, DC "Wonder Woman"dən sonra növbəyə durmuş "The Suicide Squad"ı buraxır. Yeri gəlmişkən, onu əvvəllər "Marvel"lə işləyən Ceyms Qann çəkir. 2022-ci ildə isə Robert Pattinsonun haqqında çox danışılan "The Batman"i çıxır.

"Bu mənada bəlkə də, əslində, sadəcə qarovul dəyişir", – deyə qəzet təşəbbüsün "Marvel"dən "DC"yə keçdiyinə işarə edir.

XS
SM
MD
LG