Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:21

AB-də peyvəndləmə: ‘sonun başlanğıcı’


Afinada tibb bacısına vaksin vurulur
Afinada tibb bacısına vaksin vurulur

Həm siyasətçilər, həm də ekspertlər xəbərdarlıq edirlər ki, vaksinin hamıya çatması bir neçə ay çəkəcək və bu arada maska taxmağa, əlləri mütəmadi yumağa, fiziki məsafə saxlamağa davam etmək lazımdır.

Dekabrın 27-də Avropa Birliyi ərazisində COVID-19-a qarşı vaksinasiya başlanıb, təqaüdçülərə, tibb işçilərinə ilkin dozalar vurulub.

“Görək indi bu virusu yola sala biləcəyikmi”, – İspaniyada ilk vaksin 96 yaşlı Araceli Hidalqoya vurulub. O, Madrid yaxınlığında qocalar evində yaşayır.

İtaliyada 29 yaşlı tibb bacısı Klaudiya Alivernini bunu “sonun başlanğıcı, həyəcanlandırıcı, tarixi məqam” adlandırıb.

Avropa Birliyi ilin sonunadək Pfizer/BioNTech vaksininin 12.5 milyon dozasını alacaq ki, bu da 6.25 milyon nəfərin ikidozalı rejimdə peyvənd olunması deməkdir.

2 milyard dozadan artıq...

Avropa Komissiyası müxtəlif istehsalçılardan 2 milyard dozadan artıq vaksin alınması ilə bağlı sövdələşmə əldə edib. Birliyin tibb qurumu yanvarın 6-dək ABŞ-ın Moderna şirkətinin hazırladığı vaksini təsdiqləməlidir.

Ümumiyyətlə AB ərazisində 450 milyon nəfər yaşayır. Birləşmiş Ştatlar, Britaniya, Kanada və bir sıra digər ölkələrdə də Pfizer/BioNTech vaksini ilə peyvəndləmə artıq başlanıb.

AB-də 16 milyondan çox insan COVID-19-a yoluxub, 336 mindən çox xəstə vəfat edib.

“İndi virusa qarşı yeni silahımız var: vaksin. Bir daha möhkəm dayanmalıyıq”, – Fransa Prezidenti Emmanuel Makron tvitində yazıb. O da bu ay koronavirusa yoluxub, dekabrın 24-də karantindən çıxıb.

Avstriyanın Kansleri Sebastyan Kurz vaksini pandemiya üzərində qələbənin başlanğıcı, “oyunpozan” adlandırıb.

Amma həm siyasətçilər, həm də ekspertlər xəbərdarlıq edirlər ki, vaksinin hamıya əlçatan olması bir neçə ay çəkəcək və bu arada maska taxmağa, əlləri mütəmadi yumağa, fiziki məsafə saxlamağa davam etmək lazımdır.

Temperatur məsələsi

Pfizer/BioNTech peyvəndinin paylanması üçün də böyük texniki problemi yoluna qoymaq lazım gəlir, çünki o, mənfi 70 dərəcədə saxlanmalı, quru buzla doldurulmuş xüsusi konteynerlərdə daşınmalıdır.

COVID-19 peyvəndini Azərbaycan hansı ölkədən alır?
Gözlə

No media source currently available

0:00 0:03:30 0:00

Almaniyada peyvəndləmədə bir neçə gün yubanma yaşanıb, çünki minədək dozanın tranzit zamanı kifayət qədər soyuq şəraitdə saxlanmadığı üzə çıxıb.

Şimali Bavariya vilayətində bir sıra şəhərlərin rəsmiləri BioNTech-dən bu vaksinlərin işlətməyin mümkünlüyü haqda açıqlama gözləyiblər.

Şirkətin sözçüsünün bildirməsinə görə, vaksinin paylanma mərkəzlərindən peyvəndləmə mərkəzlərinə daşınması zamanı “temperaturda dəyişiklik” baş verib.

“Bir çox dövlət orqanları ilə əlaqə saxlayaraq məsləhət veririk, ancaq necə davranmağa özləri qərar verirlər”, – sözçü deyib.

BioNtech bu ayın əvvəlində deyirdi ki, dondurucudan çıxarılan vaksin beş gün ərzində 2-8, istifadə olunana iki saat qalmışadək 30 dərəcəyədək temperaturda saxlana bilər.

XS
SM
MD
LG