Türkiyədə qəbul olunmuş yeni qanun hökumətə vətəndaş cəmiyyətinə nəzarəti genişləndirmək imkanı verir. “Financial Times” yazır ki, insan haqları müdafiəçiləri bu addımın qeyri-hökumət təşkilatlarının bağlanmasıyla sonuclana biləcəyi xəbərdarlığını edirlər. Üstəlik, ölkədə qalan narazıların məngənəsi daha da sıxıla bilər.
Bazar günü parlamentin qəbul etdiyi qanun daxili işlər nazirliyinə imkan verir ki, QHT-lərə öz məmurlarını təyin etsin, təşkilatların fəaliyyətini terrorçuluq ittihamları ilə dayandırsın.
“Bu, Türkiyədə bütün insan haqları qruplarının ləğv olunmasını mümkün edir”, – “Amnesty International” təşkilatının Türkiyə üzrə direktoru Tarik Beyhan deyib.
2016-cı ilin uğursuz dövlət çevrilişindən sonra Türkiyədə 500 mindən çox insan mühakimə olunub, minlərlə jurnalist, hüquqşünas, müxalifətçi terrorçuluq ittihamları ilə həbsdədir. Yüzlərlə QHT də bağlanıb.
Hakimiyyət isə yeni qanunvericiliyin beynəlxalq antiterror qaydaları ilə uyğunlaşmaq üçün tələb olunduğunu, sərbəst toplaşma azadlığını pozmadığını bildirir.
Ərdoğan üçün iqtisadi sınaq
“The New York Times” qəzeti Türkiyənin üzləşdiyi iqtisadi problemlərdən yazır.
Milli valyuta ucuzlaşır, iki ildir ikirəqəmli inflyasiya hökm sürür. MetroPoll Araşdırmalar sorğu mərkəzinin son rəy sorğusunda respondentlərin 25 faizi əsas ehtiyaclarını qarşılaya bilmədiklərini deyib.
Bu il türk lirəsi rekord həddə –dollara qarşı 30 faizdən çox ucuzlaşıb, xarici valyuta ehtiyatları kəskin azalıb. İkirəqəmli inflyasiya ilə yanaşı, ölkə ödəniş balansı böhranıyla üzləşib, Moody’s İnvestor Xidməti bu yaxınlarda bildirib.
“Bu böhranın baş verdiyi dönəmdə Ərdoğan güclü müttəfiqini itirmək üzrədir, Prezident Tramp gələn ay vəzifədən gedir. Türkiyə Rusiyadan raketdən müdafiə sistemi aldığına görə ABŞ-ın sanksiyaları ilə üzləşib, Avropa Birliyi isə ona Kiprin iddia etdiyi sularda qaz tədqiqatı apardığına görə sanksiya qoyub. Tramp bu ayadək sanksiyaları təxirə sala bilmişdi”, – qəzet yazır.
Son rəy sorğuları Ərdoğanın AK Partisinin reytinqinin son 19 ildə ən aşağı həddə – 30 faiz civarına düşdüyünü üzə çıxarıb. “Bu rəqəm onu göstərir ki, partiyanın Millətçi Hərəkat Partiyası ilə alyansı Ərdoğanın prezident seçkisində qalib gəlməsi üçün gərəkən 50 faiz səsi təmin edə bilməyəcək”, – qəzet yazır.
Avropa Xarici Əlaqələr Şurasından Əsli Aydıntasbaş deyir ki, Ərdoğanın növbəti seçkini udacağını əminliklə demək olmaz. “O, koalisiyasını genişləndirməsə, yaxud müxalifətə səs verənləri öz tərəfinə çəkə bilməsə, uduzmaq şansı böyükdür”, – o vurğulayıb.
Ərdoğan 2003-2014-cü illərdə Türkiyənin Baş naziri vəzifəsində olub. 2014-cü ildənsə ölkəni prezident kimi idarə edir. 2017-ci ildə referendumunda qəbul olunmuş konstitusiya dəyişiklikləri prezidentin səlahiyyətini gücləndirib. Yeni sistem onun 2028-ci ilədək hakimiyyətdən getməməsini mümkün edir.