Aleksandr Lukaşenko 1994-cü ildə hakimiyyətə gələndən bəri saxta seçkilər və əlində olan digər rıçaqlardan gen-bol istifadə edib. Bununla o, həm öz hakimiyyətinin ömrünü uzadıb, həm də rəqiblərini kənarlaşdıra bilib. Bəzi hallarda onları birdəfəlik uzaqlaşdırıb; onun bir neçə opponenti yoxa çıxıb və bunun arxasında Lukaşenkonun şəxsən dayandığına inananlar az deyil. Azad Avropa/Azadlıq Radiolarının müxbiri Toni Vesolovski bu haqda yazır.
66-yaşlı keçmiş sovxoz sədrinə altıncı dəfə prezident olmaq imkanı verən 9 avqust seçkiləri də bu baxımdan istisna deyildi. Uğur qazanmaq ehtimalı daha çox olan opponentlərin seçkidə iştirakının qarşısı alınmışdı. Bəziləri isə həbs olunmuşdu. Seçkiyə bir opponent buraxılmışdı ki, o da təhlükəli hesab edilmirdi.
Təcrid olunmuş Lukaşenko
Seçki yaxınlaşdıqca Svetlana Tixanovskayanın tərəfdarları da artırdı. Ancaq seçkinin rəsmi nəticələrinə görə, o, yalnız 10% səs toplaya bilmişdi. Səslərin 80%-i isə Lukaşenkoya yazılmışdı. Bu isə əksər belarusluların gözündə absurd idi.
Həm paytaxt Minskdə, həm də ölkənin qərbində, Brest və Qrodno şəhərlərində yüz minlərlə insan küçələrə çıxaraq etiraza başladı. Bu, Belarusun 1991-ci ildə müstəqillik qazanmasından bəri ən böyük etiraz dalğasıdır.
"Avropanın sonuncu diktatoru" adlandırılan Lukaşenko hakimiyyətinə etiraz etmənin cəzası bəzi adamlar üçün çox ağır oldu. Minlərlə insan həbs edildi, yüzlərlə etirazçı küçələrdə və təcridxanalarda döyülərək işgəncəyə məruz qoyuldu. Davamlı təqiblər bir neçə nəfərin həyatını itirməsinə səbəb oldu.
Ancaq Qərbin legitim prezident kimi tanımaqdan imtina etdiyi Lukaşenko təcrid olunub. Qərb, eyni zamanda, Lukaşenko və hökumətini sanksiyalara məruz qoyub, Tixanovskaya üçünsə qırmızı xalı sərib. Tixanovskaya özünə və ailəsinə qarşı hədələrdən sonra Litvaya qaçmağa məcbur olub.
Dəyişiklik olacaqmı
Rusiya prezidenti Vladimir Putin Lukaşenkonu dəstəkləsə də, deyəsən, ondan çox da bərk yapışmaq fikrində deyil. Kreml çox vaxt Qərblə yaxşı münasibət saxlayan, Moskva ilə daha sıx inteqrasiyaya müqavimət göstərən Lukaşenkodan bezmiş kimi görünür. Tixanovskaya isə deyir ki, Lukaşenko gec-tez gedəcək.
Bəs görəsən, çoxu həyatında başqa lider görməmiş belaruslular 2021-ci ildə, nəhayət, ciddi dəyişikliyi görəcəklərmi?
Lukaşenko ötən payız güc strukturlarının rəhbərlərini dəyişib. O, eyni zamanda, DİN-in şöbə rəisi Nikolay Karpenkovu nazir müavini təyin edib. Sentyabrda hələ şöbə rəisi olan Karpenkovun Minskdə bir kafeyə sığınmış etirazçıları çıxarmaq üçün dəyənəklə kafenin şüşələrini sındırmasının görüntüləri yayılıb.
Bundan başqa o, mülki şəxslərə atəş açmaq istəyən Daxili İşlər nazirinin müavini Gennadi Kazakeviçi dəstəkləyib. İctimaiyyət bunu oktyabrın 12-də yayılmış videoda görüb.
Toxunulmaz təhlükəsizlik qüvvələri
BMT-nin məlumatına görə, dekabrın əvvəlində artıq 27 min belaruslu həbsdə idi. "Human Rights Watch" təşkilatı seçkidən sonrakı günlərdə yüzlərlə etirazçıya işgəncə verildiyini bildirib.
Bir neçə şəxs qətlə yetirilib. Onların arasında maskalı insanların döyərək öldürdüyü Roman Bondarenko da var. "Amnesty International" və digər insan haqları fəalları həmin maskalı şəxsləri "təhlükəsizlik qüvvələrinin zabitləri" adlandırır.
Belaruslu təhlilçi Artyom Şraybman deyir ki, polis zorakılığı ilə bağlı bircə dənə də olsun, araşdırmaya başlanmadığı şəraitdə təhlükəsizlik qüvvələri özlərini toxunulmaz hiss edirlər. Onun sözlərinə görə, əvvəllər mövcud olan qırmızı xətlər belə indi aradan qaldırılmış kimi görünür.
1990-cı illərdə ABŞ-ın Belarusda səfiri olmuş, hazırda Vaşinqtondakı Uilson Mərkəzinə çalışan Kennet Yalovits deyir ki, Lukaşenkonun taleyi həmin bu yeni kadrlardan asılı olacaq.
"Təhlükəsizlik, kəşfiyyat və ordu qüvvələri sadiq qalarsa, o, gələn ilə qədər hakimiyyətdə qala bilər. Ancaq o, xeyli zəifləyəcək və Rusiyadan daha çox asılı olacaq", – Yalovits radioya yazdığı şərhində bildirib.