Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:51

'Nizami ili'ndə Füzuli aeroportu


Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib
Prezident İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edib

"Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur. Bizim dilimiz çox zəngindir. Hesab edirəm ki, Mədəniyyət Nazirliyi… Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır".

Bunu bu gün, yanvarın 5-də yenicə Mədəniyyət naziri təyin etdiyi Anar Kərimovu videoformatda qəbul edən Prezident İlham Əliyev söyləyib.

O daha sonra da deyib: "Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır. Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir".

Prezident vurğulayıb ki, 2021-ci il onun sərəncamı ilə "Nizami ili" elan olunur: "2021-ci ildə biz Nizaminin 880 illik yubileyini qeyd edəcəyik, yubiley həm Azərbaycanda, həm dünyada geniş qeyd olunmalıdır. Dahi Azərbaycan şairi Nizaminin əsərləri dünyaya daha geniş təqdim edilməlidir".

"Şuşanı Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm"

İ.Əliyev İkinci Qarabağ müharibəsindən də bəhs edib. O, işğaldan yeni azad edilən Şuşa şəhəri ilə isə bağlı bunları deyib: "Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər. Şuşanın mədəni həyatı zəngin olmalıdır. Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildi. Mənim göstərişimlə böyük heyət oraya ezam edildi. Deməli, yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq…".

Prezident əlavə edib ki, azad edilmiş torpaqlarda bütün mədəni obyektlərin siyahısı hazırlanmalıdır.

"Füzulidə beynəlxalq aeroport tikiləcək"

Dövlət başçısının habelə deməsinə görə, onun göstərişi ilə Füzulidə beynəlxalq aeroport tikiləcək: "Artıq göstəriş verildi. İndi yerlər seçilir. Minalardan təmizləmə işləri aparılacaqdır. Mən göstəriş vermişəm, bu il Füzulidə beynəlxalq hava limanı yaradılmalıdır, hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir. Oradan Şuşaya məsafə də yaxındır. Çünki vaxtilə sovet dövründə Şuşaya ya gərək Xankəndidən gedəydin, ya da ki, Laçın dəhlizi ilə. İndi isə biz yeni yol açırıq. Əlbəttə, o yollar da var və bizim vətəndaşlar, bu gün orada təmir-bərpa işlərini aparanlar bu yollardan istifadə edirlər - Ağdam-Xankəndi-Şuşa yolu və Laçın dəhlizi. Yəni, bu yollar bizim üçün açıqdır. Biz nə vaxt istəsək, oraya getməliyik, gəlməliyik və elə də olacaq. Ancaq Füzuli beynəlxalq aeroportunun tikilməsi xarici qonaqların Şuşaya dəvət edilməsi üçün imkanlar yaradacaq…".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG