Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:44

Dünya Bankı bu il üçün 4 faizlik artım proqnozlaşdırır


İllüstrativ foto
İllüstrativ foto

Regionda iqtisadi artımın lokomotivi Türkiyə olacaq, bu il 4.5, 2022-ci ildə 5%-lik artım gözlənir

Dünya Bankı 2021-ci il üçün qlobal iqtisadi artım proqnozunu 4 faizə salaraq xəbərdarlıq edib ki, COVID-19-a yoluxmalar artsa, yaxud vaksin vurulması yubansa vəziyyət pisləşə bilər.

4 faizlik artım əvvəlki proqnozdan azdır. 2020-ci ildə dünya iqtisadiyyatı 4.3 faiz azalıb.

Qeyri-müəyyən mənzərə

Bank yanvarın 5-də açıqlanmış yarımillik hesabatında xəbərdarlıq edir ki, COVID-19 yoluxmalarının artması və vaksinin paylanmasında yubanmalar bu il dirçəlişi 1.6 faizlə məhdudlaşdıra bilər.

Proqnoz koronavirus pandemiyasından dolayı iqtisadi fəaliyyətdə iflasın gözlənildiyindən daha yüngül olduğunu üzə çıxarıb. “Qısamüddətli mənzərə xeyli qeyri-müəyyəndir”, – bank bəyanatında qeyd edir.

Şərqi Avropa, keçmiş SSRİ ərazisində və Orta Asiya ölkələrində iqtisadiyyatın cəmi 3.3 faiz artacağı, pandemiyadan sonra özünə çətinliklə gələcəyi bildirilir, “çünki yoluxmalar biznes fəaliyyətinə daim təhdid yaradacaq”.

Dünya Bankı ekspertləri Rusiyada cəmi 2.6 faizlik artım proqnozlaşdırır. Baş nazir Mixail Mişustin dekabrda statistika komitəsinə istinadla bəyan etdi ki, ölkə iqtisadiyyatı COVID-19-dan özünə daha tez gəlir və gələn ilə 3%-dən artıq artım gözlənir. Dünya Bankı isə bu proqnozları xeyli nikbin hesab edir, Rusiyada ÜDM-nin yalnız 2022-ci ildə 3% artacağını bildirir.

Türkiyə, Azərbaycan

Regionda iqtisadi artımın lokomotivi Türkiyə olacaq, bu il 4.5, 2022-ci ildə 5%-lik artım gözlənir. Bu artım Azərbaycana da təkan verəcək: 2022-ci ildə ÜDM 4.5% arta bilər. Dünya Bankı bu il Azərbaycanda daha az – 1.9%-lik artım proqnozlaşdırır.

Çin 2020-ci ildə sürətli dirçəliş əldə edib. Ötənilki 2 faizlik artımdan sonra bu il Çin iqtisadiyyatında 8 faizədək artım proqnozlaşdırılır.

ABŞ-da isə 3.5 faizlik artım gözlənir ki, bu da bankın iyundakı proqnozundan azdır.

İndiyədək dünyada yeni koronavirusa 86 milyondan çox insanın yoluxduğu təsdiqlənib, 1.8 milyondan çox xəstə vəfat edib.

Dünya Bankı bildirir ki, artımı stimullaşdırmaqdan ötrü ölkələr sərmayələri bərpa etməlidirlər. Yaşıl infrastruktura investisiya qoyulmalıdır, bu həm artımı gücləndirər, həm də iqlim dəyişikliyini yoluna qoyar.

XS
SM
MD
LG