Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:10

Tramp bu həftə impiç oluna bilər


ABŞ-da etiraz aksiyası
ABŞ-da etiraz aksiyası

Yanvarın 11-də iclas zamanı respublikaçıların qətnamənin qarşısını alacağı gözlənir. Respublikaçılar etiraz edərlərsə, yanvarın 12-də Nümayəndələr Palatasında formal, yazılı səsvermə keçiriləcək

ABŞ Konqresindəki demokratlar bu həftə Prezident Donald Trampı vəzifədən kənarlaşdırmağa çalışacaqlar. Bunu ya impiçment yoluyla edəcəklər, ya da vitse-prezidentə və kabinetə təzyiq göstərəcəklər ki, konstitusiya səlahiyyətlərindən istifadə edərək onu kənarlaşdırsınlar.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yanvarın 10-da konqresmenlərə məktubunda bu haqda yazır.

Prezident Donald Tramp vəzifəsinin son günlərində artan təzyiq və təcridlə üzləşib. O, ötən həftə tərəfdarlarının Kapitoliyə beş nəfərin ölümüylə basqınına görə ittiham olunur.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasında yanvarın 11-də müzakirəyə çıxarılacaq qətnamə Vitse-prezident Mayk Penseni “25-ci Düzəlişin tətbiqindən ötrü Kabineti yığaraq səfərbər etməyə, Prezidentin öz vəzifəsinin icrasının öhdəsindən gəlmədiyini elan etməyə” çağırır, Pelosi məktubunda yazıb.

“Təcili hərəkət edəcəyik”

Pense 24 saat ərzində cavab verməsə, Demokratlar impiçment qanunvericiliyinin müzakirəsinə başlayacaqlar.

Qətnamədə Tramp seçkidə məğlubiyyətinin ləğvindən ötrü seçki rəsmilərinə təzyiq göstərməkdə, tərəfdarlarını yanvarın 6-da Kapitoliyə zorakı basqına həvəsləndirməkdə ittiham olunur.

“Konstitusiya və demokratiyamızı qorumaqdan ötrü təcili hərəkət edəcəyik, çünki prezident hər ikisinə təhdid yaradır”, – Pelosi deyib.

Yanvarın 11-də iclas zamanı respublikaçıların qətnamənin qarşısını alacağı gözlənir. Respublikaçılar etiraz edərlərsə, yanvarın 12-də Nümayəndələr Palatasında formal, yazılı səsvermə keçiriləcək, Pelosi bildirir. Demokratların 222-211 səs çoxluğuna malik olduğu palatada qətnamənin qəbul ediləcəyi gözlənir.

Pensenin köməkçiləri onun prezidentlə ötən həftəki basqından bəri danışmadığını, onun 25-ci düzəlişin işə salınmasına qarşı çıxdığını bildirirlər. Tramp tərəfdarları Kapitoliyə hücum edəndə Pense Konqresdə Co Baydenin 3 noyabr seçkisindəki qələbəsinin təsdiqləndiyi iclasa sədrlik edirdi.

Nümayəndələr Palatasında maddələr qəbul oluna bilər

Konstitusiyaya 25-ci düzəlişin işə salınması məsələsinin Kabinet üzvləri arasında yetərli dəstək qazanıb-qazanmayacağı bəlli deyil.

Palatadakı demokratların yanvarın 11-də rəsmi impiçment maddələrini də açıqlayacağı gözlənir.

Pense cavab verməsə, palatada impiçment məsələsi yanvarın 13-də, yaxud 14-də müzakirəyə çıxarılaraq səsverməyə qoyula bilər. Bu addımı 200-dən çox demokrat dəstəkləyir deyə qəbul olunacağı gözlənir və bu halda Tramp iki dəfə impiçment olunan ilk prezidentə çevriləcək.

Demokratların hazırladığı impiçment maddələrində prezident tərəfdarlarını Kapitoliyə basqına həvəsləndirdiyi üçün “qiyamın qızışdırılması”nda ittiham olunur.

Maddələrdə Tramp həmçinin prezident seçkilərinin nəticələrinin təsdiqlənməsi prosesini pozmaqda və əngəlləməkdə suçlanır.

Ancaq Trampı impiçment prosesilə kənarlaşdırmaq onun vəzifə müddətinin bitməsinə çox az qaldığından çətin olacaq.

Senat təcili yığışa biləcəkmi

Nümayəndələr Palatası ittihamları qəbul etsə belə, sonradan Senatda məhkəmə qurulmalıdır.

Bunun üçün yanvarın 19-dək 100 senatorun hamısı tətildən qayıtmağa razılaşmalı və məhkəmə qurmalıdırlar ki, bu da real ssenariyə oxşamır.

Senatda çoxluğun lideri Miç Makkonel yanvarın 9-da respublikaçı həmkarlarına məktubunda qeyd edir ki, Tramp yanvarın 20-də vəzifədən gedənəcən hər hansı məhkəmə başlamaya bilər.

Senatda prezidentin təqsirli bilinməsi üçün üçdə iki səs çoxluğu səs lazımdır. Bu isə o deməkdir ki, azı 17 respublikaçı senator demokratlara qoşularaq bu addıma səs verməlidir. İndiliksə, hələlik iki respublikaçı senator prezidentin vəzifədən kənarlaşdırılmasına tam dəstəyini ifadə edib.

Trampın bəzi müttəfiqləri isə demokratları bundan artıq bölücülüyə yol açmamaq üçün demokratları impiçmentdən əl çəkməyə səsləyiblər.

Bayden də yanvarın 8-də deyib ki, Tramp Birləşmiş Ştatların lideri kimi “xidmət göstərməyə yararlı deyil”, ancaq ona da eyham vurub ki, administrasiyasının ilk günlərində potensial qarmaqarışıq və bölücü impiçment prosesinin keçirilməsini istəmir.

XS
SM
MD
LG