Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:53

Ekspertlər: Çin vaksini yoxsul ölkələr üçündür


Reuters agentliyi yazır ki, Çin vaksini dünya miqyasında Qərb vaksinlərini kəmiyyət etibarilə geridə qoyur.

Bu həftə İndoneziya və Türkiyə Çin vaksini ilə əhalinin kütləvi peyvəndlənməsinə başlayıblar.

Tezliklə Braziliya və hətta Avropa İttifaqının üzvü Macarıstan da Çin vaksini ilə peyvəndləməyə başlayacaq.

Bununla belə, Qərb ölkələrindəki alimlər deyirlər ki, Çin öz vaksininə dair sınaq və başqa araşdırma nəticələrini açıqlamağa tələsmir.

Bu arada Çin vaksininin effektivliyi barədə müxtəlif ölkələrdən heç də ümidverici xəbərlər gəlmir.

Çin şirkətləri bunu müxtəlif ölkələrdə müxtəlif metodologiyanın olması ilə izah edir.

Amma bununla yanaşı milyonlarla əhalisi olan ölkələr Çin vaksini üçün növbəyə düzülüblər.

Çin bunu bacarır

Qərb əczaçılıq şirkətlərinin öz ölkələrinin vaksinə ehtiyacını təmin etmək üçün çarpışdığı bir vaxtda Çin onun Sinovac Biotech şirkətinin CoronaVac vaksininin milyonlarla dozasını dünya boyunca ixrac edir.

Üstəlik Çin həm də özünün başqa bir şirkəti – Sinofarmın istehsal etdiyi ikinci bir vaksinin də reklamına başlayıb.

Reuters diqqəti belə bir məqama çəkir ki, Çin hazırda öz ərazisində yoluxmaların tüğyan etməyə başladığı bir zamanı yaşayır.

İndi bu ölkədə 28 milyon nəfər sərt karantin altındadır. Belə bir şəraitdə Çin ölkə daxilində yalnız 10 milyon doza vaksindən istifadə edib.

Bəzi tədqiqatlar Sinovac vaksininin Qərb vaksinlərindən xeyli az effektivliyə malik olduğunu göstərib.

Amma bu vaksini alan ölkələr onun xeyli effektiv olduğunu bildirirlər.

Ekspertlər bunu həmin vaksindən istifadənin asanlığı ilə izah edirlər. Bu asanlıq milyonlarla insanın həyatını qorxulu xəstəlikdən qorumaq məqsədilə elan edilən geniş peyvəndləmə proqramlarının daha rahat həyata keçirilməsinə imkan verir.

COVİD 19-la mübarizəyə toplanan pullar hara xərclənir?
Gözlə

No media source currently available

0:00 0:09:52 0:00

Türkiyə bir neçə saatda Fransanın üç həftədə etdiyini edib

Türkiyə Sinovac vaksini ilə kütləvi peyvəndləməyə yanvarın 14-də başlayıb. Bu ölkənin səhiyyə nazirinin peyvəndlənməsi telekanallarla canlı yayımlanıb.

Ankara günün axırında artıq 200 min nəfərin peyvənd edildiyini bildirib.

Bu, Fransanın üç həftədə nail olduğundan xeyli böyük rəqəmdir.

Avropa İttifaqının aldığı vaksinlərin istifadəyə ləng buraxılmasından gileylənən Macarıstan yanvarın 14-də vaksin alınması üçün Çinin Sinofarm şirkəti ilə müqavilə imzalayıb və beləliklə Çin vaksinini alan ilk Avropa ölkəsi olub.

Reuters yazır ki, dünya boyunca bütün insanları peyvənd etmək üçün bir ölkənin vaksinindən istifadənin kifayət etməyəcəyi bəllidir, amma Çin Qərb vaksinləri üçün növbənin quyruğunda olan ölkələri çevikliklə öz müştərisinə çevirə bilib.

Bir çox inkişaf etməkdə olan ölkələr özlərinin ilk vaksini üçün hələ aylarla gözləməli olacaq.

Amma Türkiyə indiyədək 3 milyon doza Sinovac vaksini alıb. Braziliya bu vaksindən 6 milyon doza əldə edib.

İndoneziya prezidenti Coko Vidodo ölkədə Çin vaksinini vurduran ilk vətəndaş olub. Bu ölkədə kütləvi vaksinləmə yanvarın 13-də başlanıb. İndoneziya mart ayına qədər 30 milyon SinoVac dozası almalıdır. 2022-ci ildə 122 milyon dozanın alınması nəzərdə tutulub.

Rusiya qlobal vaksin bazarının 25 faizinə iddialıdır

Reuters yazır ki, inkişaf etməkdə olan ölkələrdə Sinovac vaksini ilə hələlik yalnız Britaniyanın AstraZeneca şirkəti rəqabət apara bilir. Bu vaksinin də qiyməti ucuz, çatdırılması asandır.

Hindistan kütləvi peyvəndləməni öz istehsalı olan vaksinlə başlayacaq.

Hökumət bildirir ki, bu vaksinin bir dozası 3 dollardan ucuz başa gəlir.

Rusiya özünün istehsalı olan Sputnik V vaksini ilə kütləvi peyvəndləməyə gələn həftə başlayacaq. Üstəlik bu ölkənin səhiyyə hakimiyyəti bir sıra Qərb ölkələrinin vaksinlərindən istifadəni qadağan edib.

Beynəlxalq ekspertlər hələ sınaqların 3-cü fazasından keçməmiş Rusiya vaksininin effektivliyinə şübhə ilə yanaşırlar.

Buna baxmayaraq Argentina, Belarus və Serbiya Rusiya vaksinini rəsmən qeydiyyatdan keçiriblər.

Rusiya öz vaksinini Avropa İttifaqında gələn ay qeydiyyatdan keçirməyə və dünya bazarında 25 faiz paya malik olmağa ümid edir.

Koronavirusla mübarizəyə yarım milyardan çox vəsait hara xərclənib?
Gözlə

No media source currently available

0:00 0:03:20 0:00

Ən azı 78 faiz effektivlik tələb olunur

The New York Times yazır ki, Braziliya alimləri Çinin koronavirusa qarşı vaksininin elan olunğundan daha az effektli olduğunu aşkar ediblər.

Onlar deyirlər ki, CoronaVac vaksini yalnız 50 faizdən bir qədər çox effektivlik nümayiş etdirib.

Halbuki Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, qlobal miqyasda istifadə olunacaq vaksinin effektivliyi 78 faizdən az olmamalıdır.

Çin rəsmiləri hələ bir neçə ay bundan əvvəl demişdilər ki, Sinovac və Sinopharm dövlət şirkətlərinin istehsal etdiyi vaksinlər daha çox yoxsul ölkələr üçün əlverişli olacaq.

Çünki bu vaksinlərin saxlanması üçün onların dondurulmasına ehtiyac yoxdur. Halbuki Amerikanın Pfizer və Moderna vaksinləri dondurulmuş vəziyyətdə saxlanmalıdır. Bu isə böyük əlavə xərclər tələb edir.

Bu mənada İngiltərədə istehsal edilən AstraZeneca və Johnson & Johnson vaksinləri aralıq mövqe tutur.

Bu vaksinləri dondurmaq yox, yalnız soyuducuda saxlamaq lazım gəlir. Üstəlik onların qiyməti Çin vaksinlərinin qiymətindən çox da baha deyil.

Lakin bütün hallarda imkansız ölkələrin CoronaVac vaksini ilə kifayətlənəcəyi gözlənilir.

Ucuz vaksinin immuniteti

CoronaVac başqa vaksinlərdən fərqli olaraq köhnə texnologiya ilə hazırlanır. Bu texnologiya virusun kimyəvi maddə ilə öldürülməsini və ya zəiflədilməsini nəzərdə tutur.

Bundan sonra ölü vaksinin fraqmentləri vaksin məhlulunun içərisinə yerləşdirilir.

Bu vaksinlər pasientdə anticim yaranması prosesini tətikləməlidir.

Alimlər bildirirlər ki, ölü viruslardan istifadə edilməsi vaksinin effektivliyini azaldır. Belə vaksinlərin yaratdığı immunitet zəif və daha qısamüddətli olur.

Ekspertlər bunu da deyirlər ki, belə vaksinlərlə “kütləvi immunitetə” nail olmaq mümkün deyildir.

Vaksinin kütləvi, yəni “sürü immuniteti” yaratması üçün onun effektivliyinin ən azı 70 faiz olması tələb olunur.

Müqayisə üçün deyilməlidir ki, Moderna və Pfizer-BioNTech şirkətlərinin vaksinlərinin səmərəliliyi 95 faiz civarındadır.

Kornell Universitetindən vaksin eksperti Con Mur deyir ki, amerikalıların və avropalıların köhnə texnolgoiyadan istifadə etməməsinin səbəbi də elə budur:

“Yaxşı saxlanmış Ford Model T avtomobili məni Vuhandan Pekinə çatdıra bilər, amma mən şəxsən Tesla sürməyə üstünlük verərdim”.

Mikrobioloq Nataliya Pasternak isə Çin vaksini barədə deyib:

“Bu heç də dünyanın ən yaxşı vaksini deyil, amma tamamilə məqbul vaksindir. Çünki insanları ən azı xəstəliyin ağır formalarından qoruyacaq”.

Qəzet yazır ki, CoronaVac virusunu sifariş edənlər nisbətən yoxsul ölkələrdir.

Məsələn İndoneziya CoronaVac vaksinindən 125.5 milyon doza sifariş edib. Bu ölkədə indiyədək COVID-19-a 850 min nəfər yoluxub və bunlardan 25 mini vəfat edib.

Başqa bir ekspert – Butantan İnstitutunun direktoru Dimas Kovas isə bildirir ki, günə 1000 koronavirus qurbanı verən ölkə üçün Çin vaksini “əla” preparatdır.

XS
SM
MD
LG