Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:44

Prezident: 'Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var'


Prezident İ.Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib. 18 yanvar 2021
Prezident İ.Əliyev Sumqayıt Kimya Sənaye Parkında iki zavodun təməlini qoyub, vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib. 18 yanvar 2021

"Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı fikirlərim var. Bu fikirlər yaxın zamanlarda həyata keçiriləcək. O bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalıdır ki, orada hər şey planlı şəkildə təmin edilsin - şəhərsalma, dövlət orqanlarının funksiyaları".

Bunu prezident İlham Əliyev bu gün, yanvarın 18-də Sumqayıtda Azərbaycan Televiziyasına müsahibəsində deyib. O, Sumqayıt Kimya Sənaye Parkında "Azərsulfat" MMC-nin sulfat turşusu, "Glassica" QSC-nin şüşə tara məhsullarının istehsalı zavodlarının təməlini qoyub, "Azerfloat" QSC-nin vərəqə şüşə istehsalı müəssisəsinin açılışını edib.

Prezident qeyd edib ki, ölkənin müxtəlif yerlərində bəzi xoşagəlməz hallar məhz nəzarətsizlik ucbatından baş verir: "Bəzi yerlərdə torpaqlar zəbt edilir, insanların əlindən alınır, qeyri-ədalətli şəkildə bölünür. O cümlədən su resursları qeyri-ədalətli şəkildə bölünür, bəzilərinə su çatır, bəzilərinə su çatmır. Bütün bunlar bizə yaraşmır. Biz özümüzü bu qüsurlardan təmizləməliyik və təmizləyirik. Təmizləmə prosesi gedir və gedəcək. Hər kəs bunu bilsin. Heç kim hesab etməsin ki, onun hansısa xüsusi imtiyazı var. Yaxud da ki, kimsə özünü toxunulmaz hesab etməsin".

Dövlət başçısı sonra da deyib: "Azad edilmiş torpaqlarda hər şey demək olar ki, dağıdılıb. Ona görə biz elə bir inkişaf modeli qurmalıyıq ki, ondan sonra biz onu bütün başqa torpaqlara da, necə deyərlər, transfer edə bilək, mövcud qüsurlar aradan qalxsın və ölkəmizin uğurlu inkişafı təmin edilsin. Mənim, əlbəttə ki, əsas işim Qarabağ məsələsinin həlli və sentyabr ayından başlayaraq gedən müharibəyə Ali Baş Komandan kimi rəhbərlik etməyim idi. Bu gün də mənim fəaliyyətimdə o bölgələrin - Qarabağ bölgəsinin bərpası xüsusi yer tutur...".

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG