Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

Navalnı Abramoviç və Usmanova sanksiyalar istəyir


Oliqarxlar Usmanov (solda) və Abramoviç
Oliqarxlar Usmanov (solda) və Abramoviç

Müxalifətçi Aleksey Navalnının Britaniyada yaşayan tərəfdarı, antikorrupsiya fondunun icraçı direktoru Vladimir Aşurkov özünün Facebook səhifəsində 8 nəfərin siyahısını dərc edib.

Aşurkovun dediyinə görə, Navalnı siyahıdıkalara sanksiyaların qoyulmasını istəyir və siyahını yanvarın 17-də Rusiyaya qayıtmazdan əvvəl tərtib edib.

Aşurkov ingiliscə yazdığı postda bildirir ki, əgər Qərb həqiqətən də Rusiyadan insan haqlarının qorunmasına və korrupsiyaya qarşı mübarəzəyə nail olmaq istəyirsə, bu siyahıdakı fərdi şəxslərə qarşı sanksiyalar qoyulmalıdır.

Postda deyilir ki, Navalnı bu siyahını yaxın vaxtlarda dərc etmək niyyətində deyildi, amma onun mübarizə yoldaşı müxalifətçi Moskvada həbs olunduqdan sonra siyahını ictimailəşdirmək qərarına gəlib.

Navalnı 30 sutka müddətinə azadlıqdan məhrum edilib və bundan sonra onun barəsində 2014-ci ildən qalma şərti cəzanın real həbsxana müddəti ilə əvəz ediləcəyi gözlənilir.

Aşurkov yazır ki, siyahıdakı şəxslərə sanksiya qoyulacağı ilə hədələnməsi Rusiya hakimiyyətini Navalnını azad etməyə məcbur edə bilər.

Siyahıda Solovyov da var

8 nəfərlik siyahıda biznesmen Roman Abramoviç, VTB bankının top meneceri Denis Bortnikov, (o FTX başçısı Aleksandr Bortnikovun “atasının portmanatı” ləqəbli oğludur), VTB-nin prezidenti Andrey Kostin, səhiyyə naziri Mixail Muraşko (o Navalnının zəhərlənməsi faktını ört-basdır etməkdə günahlandırılır), kənd təsərrüfatı naziri Dmitri Patruşev (Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oğludur), VEB bankın başçısı İqor Şuvalov, teleaparıcı Vladimir Solovyov və biznesmen Alişer Usmanovun adları var.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, siyahıdakıların əksəriyyəti Aleksey Navalnının təhqiqatlarının “qəhrəmanlarıdır”.

Abramoviç və Usmanova sanksiyaların qoyulmasının zəruriliyi barədə Navalnının özü Avropa Parlamentinin komitəsində ötən payızda zəhərlənməsindən sonra şəxsən bildirib.

Aşurkov yazır ki, Navalnı artıq bir xeyli vaxtdır Rusiyadakı aparıcı oliqarxlara fərdi sanksiyaların qoyulmasına çağırır.

Onun fikrincə Qərb sanksiyaları məmurların və adi icraçıların yox, qərarları qəbul edənlərin və onların pullarına nəzarət edənlərin üzərinə qoymalıdır.

Sanksiyaları qoymaq asandırmı?

Avropa Parlamenti Navalnının zəhərlənməsindən sonra müxalifətçinin Antikorrupsiya Fondunun təhqiqat materiallarında adları çəkilənlərə qarşı sanksiyaların qoyulmasına çağırıb.

Avropa İttifaqı bu hadisə ilə bağlı bir sıra Kreml məmurlarına və güc nazirliklərinin nümayəndələrinə sanksiyalar qoyub. Amma bunların arasında iri biznesmenlər yox idi.

Avropa Parlamenti Navalnının həbsi ilə bağlı məsələyə yanvarın 19-da baxmalı və gözlənildiyinə görə yanvarın 21-də qətnamə qəbul etməlidir.

Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır, sanksiyaları isə bilavasitə Avropa İttifaqı qoyur.

Sanksiyaları ittifaq üzvü olan hər hansı bir ölkə bloklaya bilər.

XS
SM
MD
LG