Rusiyanın İqtisadi İnkişaf Nazirliyi Ukraynadan ilhaq etdiyi Krımda xüsusi hüquqi rejimin tətbiqiylə bağlı qanun layihəsi hazırlayıb. Hakimiyyət investorların anonimliyini saxlamaqla Qərbin sanksiyalarından yayınmağa çalışır. "RBK"nın saytının əldə etdiyi sənədin həqiqiliyini nazirlik təmsilçisi təsdiqləyib.
Şərtlər
Yeni rejim “xüsusi inzibati rayonlar”dan ibarətdir, Krımın bütün ərazisində tətbiq olunacaq. Rusiyanın istənilən regionundan şirkət rejimdə iştirak edə bilər, amma yarımada xaricində filial, yaxud təmsilçiliyinin olmaması şərtilə.
İnvestorlar Krımın iqtisadiyyatına azı 150 milyon rubl investisiya qoymalıdırlar. Bu sərmayə infrastrukturun, turizmin, sanatoriya-kurort müalicə mərkəzlərinin yaradılmasına, yaxud inkişafına xərclənə bilər. Rejim iştirakçısı azad iqtisadi zonanın imtiyazlarından da yararlana bilər.
İlhaq olunmuş Krımda investorlara anonimlik zəmanəti verməklə ofşor zona yaradılmasını daha öncə yerli məmurlar təklif etmişdi. Rusiya şirkətlərinin çoxu sanksiyalardan ehtiyatlanaraq Krım bazarına girmir. Əks halda valyuta investisiyalarından, avropalı tərəfdaşlarla ticarətdən məhrum olarlar.
Sanksiyalar
Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra Qərb sanksiyalar tətbiq etməyə başladı. Moskva həm də Donbasda separatçılara hərbi dəstək verməkdə ittiham olunur. Sonradan sanksiyalar hər altı aydan bir uzadılır. Sanksiyalarla Krım və Sevastopoldan məhsul idxalı, ilhaq olunmuş regionların iqtisadiyyatına sərmayələr, Avropa kruiz gəmilərinin Krım limanlarına daxil olması, Krım şirkətlərinin müəyyən məhsul və texnologiyaları ixrac etməsi qadağan olunur.
Rusiya Krımı 2014-cü ildə keçirilmiş referendum nəticəsində, yəni xalqın iradəsinə uyğun ilhaq etdiyini bildirir. Səsvermə Ukrayna qanunvericiliyinin əksinə keçirilib. Bundan öncə Rusiya hərbçiləri yarımadanı nəzarətə alıblar.
Kiyev və Qərb ölkələri bu hərəkətləri beynəlxalq hüququn pozulması adlandıraraq ilhaqı tanımayıblar. Rusiya isə Krımın ilhaqın “tarixi ədalətin bərpası” hesab edir.