Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:19

Rusiya Qərbin Navalnının həbsinə reaksiyasını rədd edir


Moskva, 2 fevral, 2021-ci il
Moskva, 2 fevral, 2021-ci il

Fevralın 3-də səhər saatlarınadək 10 şəhərdə azı 1400 nəfərin saxlandığı bildirilir. Təkcə Moskvada 1100 etirazçı həbs olunub

Rusiya Qərbin müxalifət lideri Aleksey Navalnının azadlıqdan məhrum edilməsi ilə bağlı sərt reaksiyasını “qaraqışqırıq” adlandıraraq rədd edib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov fevralın 3-də deyib ki, Qərb fevralın 2-də çıxarılmış məhkəmə qərarına reaksiyasında “ifrata varıb”.

Navalnının həbsi müxalifətə ‘xəbərdarlıqdır’

Kreml fevralın 3-də bəyan edib ki, Rusiya çevik polisi etirazçılara qarşı əsaslı olaraq kəskin davranıb, qanunsuz etiraz hərəkətləri aradan qaldırılmalıdır.

Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, fevralın 2-də Navalnının həbsindən sonra müttəfiqlərinin rusiyalıları küçələrə çağırması provokasiya idi.

***

Moskva məhkəməsinin müxalifətçi Aleksey Navalnıya həbs cəzası kəsməsinə Qərb ölkələri sərt reaksiya verib, Rusiya boyunca etirazlara səbəb olub. Təhlilçilər isə bu hökmü ölkədə artan narazılığı boğmaq cəhdi hesab edirlər.

Navalnıya 2014-cü ildə kəsilmiş üç il yarımlıq şərti cəza fevralın 2-də real həbslə əvəzlənib. Məhkəmə artıq çəkilmiş cəza nəzərə alınmaqla 2 il 8 ay həbs cəzası kəsib.

Müxalifətçinin vəkili Olqa Mixailova hökmdən apelyasiya şikayəti veriləcəyini deyib.

Təzyiq artacaq

44 yaşlı Navalnı ölkənin ən nüfuzlu müxalifətçisinə çevrildiyindən Kreml onu təhdid kimi görür və onu cəzalandırmaqla digərlərinə dərs vermək istəyir, təhlilçilər belə deyirlər.

Prezident Vladimir Putin belə sərt cəzaya ona görə əl atdı ki, “Navalnı və digərləri həyatlarının qalan hissəsini həbsdə keçirə biləcəklərini anlasınlar”, – R.Politik beyin mərkəzinin qurucusu Tatyana Stanovaya deyib.

Təhlilçi xəbərdarlıq edir ki, liberal media, qeyri-hökumət təşkilatları, müxalif fikirli fəallar daxil olmaqla digər qruplar getdikcə daha çox təzyiqlə üzləşəcəklər. Çünki Kreml son illər şişməkdə olan etirazları boğmağa çalışır.

Kremlin tənqidçisi və Dumanın keçmiş üzvü Vladimir Rıjkov bildirir ki, Navalnının həbsi siyasi baxımdan fəal vətəndaşların ölkədən mühacirətinin yeni dalğasıyla sonuclana bilər.

Navalnı yanvarın 17-də müalicə olunduğu Almaniyadan qayıdarkən Moskvada saxlanıb. O, avqustda Sibirdə zəhərlənmişdi və buna görə birbaşa Putini ittiham edir.

“Milyonları qorxutmaqdan ötrü...”

Sonradan penitensiar xidmət Navalnını şərti cəzanın qaydalarını pozmaqda suçladı. O, 2014-cü ildə qondarma adlandırdığı cinayət işi üzrə şərti cəzaya məhkum edilmişdi.

Navalnı özü də fevralın 2-də məhkəməsində deyib ki, bütün bunlar insanları qorxutmaq üçün həyata keçirilir. “Onlar milyonları qorxutmaqdan ötrü bir nəfəri həbsə atırlar”, – müxalifətçi deyib.

Yanvarın 23-də və 31-də Rusiya boyunca onminlərlə insan etirazlara çıxıb, 10 minədək etirazçı saxlanıb.

Bütün bunlar Kremlin sentyabrda parlament seçkisinə hazırlığı fonunda baş verir. Putin Vahid Rusiya partiyası vasitəsilə parlamentə nəzarət edir və bütün qanun layihələri də yekdilliklə qəbul olunur.

Amma iqtisadi problemlərdən dolayı hakim partiyanın reytinqi də zəifləyir. Bu arada Navalnının Antikorrupsiya Fondu seçiciləri Vahid Rusiyadan namizədlərə qarşı səs verməyə həvəsləndirir.

“Növbəti seçki raundunda Putinə lazımdır ki, Navalnı həbsdə qalsın. Bu aydındır. O, Navalnıdan qorxur”, – ABŞ-ın Rusiyada keçmiş səfiri Maykl MakFol tvitində yazıb.

Azı 1400 nəfər saxlanıb

Hökmdən sonra Navalnının komandası dərhal nümayişlərə çağırıb. Ancaq hökumət paytaxta xeyli sayda polis yerləşdirib, əsas küçələri bağlayıb.

Fevralın 3-də səhər saatlarınadək 10 şəhərdə azı 1400 nəfərin saxlandığı bildirilir. Təkcə Moskvada 1100 etirazçı həbs olunub.

Məhkəmənin qərarı Qərbin sərt tənqidinə səbəb olub. Birləşmiş Ştatlar, Britaniya, Kanada və Avropa Birliyi qərarı pisləyən bəyanatlar veriblər.

Qərblə Rusiyanın əlaqələri onsuz da gərgindir. Buna Kremlin başqa ölkələrdə seçkilərə müdaxiləsi, dövlətin dəstəyilə haker hücumları, kimyəvi silahlardan istifadəsinə dair ittihamlar səbəb olub.

Navalnının həbsi isə Kremlə qarşı yeni sanksiyalara yol aça bilər. Bu arada Vaşinqtonda Co Bayden administrasiyası Rusiyada insan haqları pozuntularıyla bağlı daha qətiyyətli davranmağa çalışır.

XS
SM
MD
LG