Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:25

'Pandemiyada təhsil ödənişlərini ləğv etmək lazım idi'


Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?
Gözlə

No media source currently available

0:00 0:03:28 0:00

Avropada pulsuz olan təhsil niyə Azərbaycanda pulludur?

Son günlər Azərbaycanda təhsil sahəsində tələbələrin şikayətləri eşidilir. Bəzi tələbə təşkilatları iddia edir ki, son zamanlar kollokvium və imtahan nəticələrinin qiymətləndirilməsi düzgün, şəffaf aparılmır. Onların qeyd etməsinə görə, koronavirus pandemiyasının ailələrinin maddi vəziyyətinə mənfi təsir göstərməsinə və illik ödənişi tədris ilinin sonunda ödəmə hüquqlarının olmasına baxmayaraq, onu qısa zamanda, tam şəkildə tələb edirlər. Üstəlik, bildirildiyinə görə, bunu bacarmayan tələbələr imtahanlara buraxılmır və universitetlərdən xaric edilirlər. Həmçinin, o da qeyd edilir ki, internet probleminə görə (koronavirus pandemiyasina görə dərslər bir müddətdir onlayn keçirilir) tələbələrin bir hissəsi dərslərdə iştirak edə bilmir.

"Müharibədən əvvəl də internetlə bağlı problem var idi…"

Tələbə Tələbi Hərəkatının üzvü Rüstəm İsmayılbəyli AzadlıqRadiosuna bunları deyib: "Pandemiya dövründə bir çox tələbənin ödənişlərlə bağlı problemləri yaranıb və onların universitetlərə müraciətlərinə baxılmayıb. İnternetlə bağlı problem isə müharibə dövründən bu günə kimi aktualdır. Əslində, müharibədən əvvəl də internetlə bağlı problem var idi, sadəcə, müharibə zamanı daha çox aktuallaşıb. Rayonlarda və bəzən Bakıda tələbələr dərslərə onlayn qaydada qoşula bilmir".

"Tələbələrin və valideynlərin gəlirləri aşağı düşüb"

R.İsmayılbəylinin fikrincə, pandemiya dövründə təhsil ödənişlərini ləğv etmək lazım idi: "Həm pandemiya vaxtında dərslər onlayn keçirilir və bu da universitetlərin xərclərini xeyli azaldır, həm də tələbələrin və valideynlərin gəlirləri aşağı düşüb. Bütün bunları nəzərə alaraq ya ödənişlər azaldılmalı ya da pandemiya dövründə ləğv edilməli idi".

Təhsil haqqını verə bilməyən tələbə: 'Atam pandemiyada işsiz qalıb'
Gözlə

No media source currently available

0:00 0:03:59 0:00

İnternet məsələsinə gəlincə isə, Hərəkat üzvü hesab edir ki, dövlət bu məsələni çözə bilərdi: "Bir çox ölkələrdə, Türkiyədə də bələdiyyələr, yerli idarəetmə orqanları və dövlətin özü internet olmayan yerlərə internet xətləri aparırlar, tələbələri yüksək sürətli internetlə təmin edirlər. Bundan əlavə, kompüteri olmayan tələbələrə kompüter və planşetlər verirlər. Belə tədbirləri həyata keçirməklə bu problemi ən azı bir illik həll etmək olar. Təəssüf ki, bizdə bunlara ciddi yanaşılmadı".

Bu fikirlərə, hələlik, Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərindən münasibət almaq mümkün olmayıb. Amma rəsmi qurumlar bundan əvvəl bəyan ediblər ki, son illər Azərbaycan ali məktəblərində ödənişli yerlərin faizi azalmaqdadır. Bir neçə il əvvəl bu rəqəm 70 faiz civarında idi. Rəsmi qurumların iddiasına görə, indi bu, 50 faizə düşüb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi isə müharibə vaxtı internetə məhdudiyyəti təhlükəsizlik tədbirləri ilə izah etmişdi.

"Canlı ünsiyyət olmadığına görə müəyyən problemlər yaranır"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Eldar Quliyev "Turan" agentliyinə bildirib ki, koronavirus pandemiyasına görə tədrisin ənənəvi yox, onlayn formata keçirilməsi müəyyən problemlər yaradıb: "Dərslər ənənəvi formatda keçiriləndə müəllim tələbə ilə birbaşa ünsiyyətdə olur. Kollokviumun keçirilməsində və ya qiymətləndirmədə hər hansı problem varsa, o problem yerindəcə həll olunur. Onlayn dərslər zamanı isə 15-20 tələbənin hər biri öz evindədir və canlı ünsiyyət olmadığına görə müəyyən problemlər yaranır".

Deputat da vurğulayıb ki, internet problemi var və bu problem tədris prosesinə çətinliklər yaradır: "Rayonlarda internetlə problemlər var. Hərdən görürsən ki, Bakıda da internet olmur. Dəfələrlə biz bu məsələləri müvafiq orqanlar qarşısında qaldırmışıq".

E.Quliyev
E.Quliyev

"Apellyasiya komissiyaları mövcuddur"

E.Quliyev deyib ki, hər universitetinin yanında apellyasiya komissiyaları mövcuddur və tələbələr ora müraciət edə bilər: "Komissiyalar bütün müraciətlərə baxır və məsələlərin 75-80 faizində tələbənin tərəfində olur, ona yardım edir. Çünki tələbə heç nə bilmirsə, heç vaxt gəlib deməz ki, mənim qiymətimi kəsdilər".

"Gecikmələr çox olur"

Deputat bildirib ki, təhsil haqqı ödəmələri ilə bağlı ciddi problemlər var: "Gecikmələr çox olur. Mən burda valideynləri də başa düşürəm. Pandemiya vaxtında bir çox adam işləmədi və uşağının təhsil haqqının ödəməsində problemlər yaranıb. Amma burada dövlət tam olmasa da, imkan daxilində dəstək verir. Pandemiya ilə əlaqədar universitetlərə, kolleclərə müəyyən məbləğdə pul köçürülür. İldə iki-üç dəfə belə köçürmələr olur. Həmçinin, təqaüdlər da verilir. Digər tərəfdən isə, universitetləri da başa düşmək olar. Məsələn, özəl universitetlər yalnız təhsil haqları hesabına öz xərclərini bağlaya bilir. Burada universitetin kommunal və rabitə xərclərdən söhbət gedir".

"Xırda-xırda ödənilsə, problem da olmaz"

Amma E.Quliyevə görə, Azərbaycan universitetlərində təhsil haqqı yüksək deyil: "Azərbaycanda təhsil haqqı dünyada bəlkə də ən aşağıdır. Əgər bu gün ildə 1000 manata magistraturada oxumaq olursa, bu, ayda 100 manatdan da azdır. Heç kəs bu gün deyə bilməz ki, ona deyirlər, get hamısını gətir. Deyirlər, ayda 100, 200 manat xırda-xırda ödəsin. Hərdən olur ki, tələbə 6-7 ay ödəniş etmir, 600-700 manatlıq məbləğ yığılır, ona deyirlər, get bu aylar üçün ödəniş et, o da ödəyə bilmir və problem yaranır. Ona görə xırda-xırda ödənilsə, problem də olmaz".

XS
SM
MD
LG