Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 03:43

İranlı diplomata 20 il həbs cəzası kəsildi


Əsədulla Əsədi
Əsədulla Əsədi

Onun iki şübhəli köməkçisi Belçikada saxlanıblar, üstlərində partlayıcılar tapılıb

Belçikada məhkəmə iranlı diplomatı alınmayan bomba hücumuna görə 20 il həbs cəzasına məhkum edib. Bu, 1979-cu il İran inqilabından bəri Avropa Birliyində şübhəli terrorçuluğa görə iranlı məmurun ilk mühakiməsi idi.

Vyanada diplomat işləmiş Əsədulla Əsədi fevralın 4-də terror cəhdində təqsirli bilinib. O, 2018-ci ilin iyununda Paris yaxınlığında İran Milli Müqavimət Şurasının (İMMŞ) yürüşünə bomba qoyulmasında ittiham olunurdu. Digər üç təqsirləndirilən də həbsə məhkum ediliblər.

Diplomat məhkəməyə gəlməyib

Yürüşə hücum planının qarşısı Fransa, Almaniya və Belçika təhlükəsizlik xidmətlərinin koordinasiyalı əməliyyatı nəticəsində alınıb.

Məhkəmədə iştirakdan imtina edən Əsədi Almaniyada tətildə olarkən saxlanaraq Belçikaya təhvil verilib.

Vəkili Dmitri de Beko deyib ki, iranlı diplomat özünü toxunulmaz hesab edir. Amma 2018-ci il yürüşünə qatılanları təmsil edən vəkillərin sözlərinə görə, diplomatik toxunulmazlıq adı altında terror hücumu həyata keçirmək olmaz.

İran ittihamları dəfələrlə rədd edib, terrorçu qrup hesab etdiyi İMMŞ-nın iddialarını saxta adlandırıb.

İMMŞ mühacirətdə fəaliyyət göstərən Mücahidini-Xalq müxalifət qrupunun siyasi qanadıdır, İslam Respublikasını devirməyi hədəfləyir.

ABŞ əvvəl terrorçu qrup sayırdı, sonra...

2018-ci il yürüşündə əsas çıxışı Nyu York şəhərinin keçmiş meri, keçmiş prezident Donald Trampın şəxsi vəkili olmuş Rudi Culiani etmişdi. Tədbirdə digər tanınmış qonaqlar da vardı.

Birləşmiş Ştatlar 2012-ci ildə Mücahidini-Xalq-ı terrorçu qruplaşma siyahısına salıb. Ancaq lobbiçilik kampaniyası, zorakılığa son qoymaqla bağlı vədlərdən sonra bu təsnifat ləğv olunub. Culiani də lobbiçilik edənlərdən idi.

Fransa rəsmilərinin bildirməsinə görə, Əsədi cənubi Avropada kəşfiyyata cavabdeh olub, Tehrandan göstərişlər əsasında hərəkət edib.

Onun iki şübhəli köməkçisi Belçikada saxlanıblar, üstlərində partlayıcılar tapılıb.

Avropa ölkələri İranı dissidentlərə qarşı digər şübhəli hərəkətlərdə də günahlandırıb. 2015 və 2017-ci illərdə Niderlandda iki qətl baş verib, Danimarkada isə bir sui-qəsd alınmayıb.

Tehran ittihamları rədd edib.

XS
SM
MD
LG