Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:09

Bələdiyyələrin məsuliyyəti var, pulları, səlahiyyətləri...


Quba rayonu Hacıhüseynli bələdiyyəsi. Foto arxiv
Quba rayonu Hacıhüseynli bələdiyyəsi. Foto arxiv

Ötən il inzibati nəzarət icraatı qaydasında bələdiyyələrin fəaliyyəti ilə bağlı araşdırmalarda 23 qanun pozuntusu aşkar edilib, onlardan 10-u üzrə cinayət işi qaldırılıb.

Bu məlumat Milli Məclisə daxil olan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi"ndə əksini tapıb.

2020-ci ildə 138 bələdiyyə sədri isə İnzibati Xətalar Məcəlləsinin 549-cu (Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın fəaliyyətinə mane olma. Pul cəriməsi nəzərdə tutulur) maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilib. Bundan başqa, 444 qanunazidd sayılan bələdiyyə aktı ləğv edilib və ya dəyişdirilib.

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov "Turan" agentliyinə bildirib ki, indi bələdiyyələr nəinki Azərbaycanda, istənilən ölkədə böyük əhəmiyyət kəsb edir: "Çünki yerli özünüidarəetmənin əsas iki məqsədi var - yerlərdə vətəndaşların yaşayış səviyyəsinin yüksəlməsi və vətəndaşların yerli idarəetmədə iştirakının təmin edilməsi. Azərbaycanda 1999-cu ildə yaradılmış bələdiyyələr, demək olmaz ki, bu məqsədlərə tam çata biliblər, amma ən azından müəyyən təcrübələri toplayıblar".

Bələdiyyə seçkiləri necə keçdi? 'Karusel', 'Topa bülleten' iddiaları (Yekun video)
Gözlə

No media source currently available

0:00 0:02:51 0:00

"Bələdiyyələr müstəqil olmalıdır"

Deputat qeyd edib ki, istənilən dövlətdə bələdiyyələrin səmərəli fəaliyyət göstərməsi üçün bir neçə şərt mövcuddur: "İlk növbədə bələdiyyələrin fəaliyyəti üçün zəruri hüquqi baza mövcud olmalıdır. Bundan əlavə, bələdiyyələr müstəqil olmalıdır, dayanaqlı və müstəqil maliyyə resurslarına, güclü kadrlara malik olmalıdır".

K.Bayramov vurğulayıb ki, bələdiyyələrin səmərəli fəaliyyəti üçün qanunvericilik baxımından hər cür fəaliyyət yaradılıb: "Həm Konstitusiyada ayrıca fəsil sırf onların statusuna həsr olunub, həm də bələdiyyələrə aid olan 20-dən çox konseptual qanun qəbul olunub. Bu qanunlarda son 5 il ərzində 70-dən çox dəyişiklik edilib. Bu da o deməkdir ki, bələdiyyə haqqında qanunvericilik daim inkişafdadır. Eyni zamanda, Azərbaycan Avropa Şurasının tamhüquqlu üzvü olaraq Avropada yerli özünüidarəetməni təşkil edən Xartiyaya qoşulub".

"Bələdiyyələrin fəaliyyətinə müdaxilələr var"

Komitə üzvünə görə, bələdiyyələrin fəaliyyətinə müdaxilələr var: "Bununla bağlı faktlar mövcuddur. Anma sirr deyil ki, əksər hallarda seçilmiş bələdiyyə üzvləri və sədrləri özləri də müəyyən mənada qanunları pozurlar və ona görə də məsuliyyətə cəlb olunurlar".

Deputat qeyd edib ki, bələdiyyələr ildə iki dəfə seçicilərə fəaliyyət haqqında hesabat verməlidir: "Bununla yanaşı, Milli Məclisin təşəbbüsü ilə qanunvericilikdə dəyişiklik edildi və bələdiyyələr ildə bir dəfə audit yoxlamasından keçməlidir. Dövlətdən dotasiyanı alması üçün zəruri sənədlərdən biri həmin audit rəyidir. Bələdiyyələr həmin rəyi bələdiyyələrin qarşısında olan lövhələrdə asmalıdır. Bu, qanunla nəzərdə tutulub".

"Hazırda 1000-dən artıq bələdiyyənin bank hesabı bağlıdır"

"Bələdiyyələrin Fəaliyyətinin Təbliği" İctimai Birliyinin sədri Vüqar Tofiqli isə hesab edir ki, Azərbaycanda formalaşan bələdiyyələrin ciddi maliyyə çətinliyi ilə üz-üzə qalması danılmaz faktdir. O, agentliyə bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna (DSMF) küllü miqdarda borcların olması səbəbindən hazırda 1000-dən artıq bələdiyyənin bank hesabı bağlıdır:

V.Tofiqli
V.Tofiqli

"Məhz bu səbəbdən bələdiyyə əməkhaqqından başqa hər hansı bank əməliyyatı etmək iqtidarında deyil. Hətta bir çox hallarda bank tərəfindən bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitinin hamısının borca silinməsi nəticəsində bələdiyyə qulluqçularının əməkhaqqı ala bilməməsi adi hala çevrilib. Halbuki, bu addımın atılması özü qanuna ziddir".

V.Tofiqlinin fikrincə, bələdiyyə büdcəsinə daxil olan maliyyə vəsaitinin həcminin artırılması üçün hər bir bələdiyyədə xüsusi konsepsiya olmalıdır: "Bələdiyyələrdə DSMF-yə borcun yaranmaması və ya artmaması üçün əlavə işçilərin saxlanılması aradan qaldırılmalıdır".

"Əksər hesabatı hətta hazırlamayıblar"

İctimai Birliyinin rəhbəri də xatırladıb ki, bələdiyyələr seçicilərə hesabat verməlidirlər: "Bələdiyyə öz fəaliyyətini təhlil etməli, nöqsanları, uğurları, irəliləyişləri və axsamaları görməli, nəticə çıxarmalıdır. Bu il cəmi beş bələdiyyə bu hesabatları təqdim edib, ictimailəşdirib. Əksər bələdiyyələr koronavirus pandemiyasını bəhanə gətirərək hesabatı hətta hazırlamayıblar".

V.Tofiqli vurğulayıb ki, hazırda 1606 bələdiyyədən 255-nin illik büdcəsi yalnız dotasiyadan ibarətdir: "Belə olan halda onların qalmasına nə lüzum var? Demək, bələdiyyələrin problemlərinin azaldılması qanunla müəyyən edilmiş qaydada həyata keçirilməlidir. Ən əsası ötən illərdə hazırlanan, lakin müzakirəyə belə çıxarılmayan, yerli icra və özünüidarə orqanlarının səlahiyyət bölgüsünü, bu orqanların qarşılıqlı əməkdaşlığının hüquqi tənzimlənməsini özündə ehtiva edən qanunun qəbulu mütləqdir".

"İcra hakimiyyətlərinin müdaxiləsi mövcuddur"

O qeyd edib ki, bələdiyyələrin fəaliyyətinə rayon icra hakimiyyətlərinin müdaxiləsi mövcuddur: "İcra hakimiyyətlərinin bələdiyyələrin fəaliyyətinə müdaxiləsinin qarşısı yalnız qanunla alınmalı və bu əməkdaşlıq qanunla tənzimlənməlidir".

V.Tofiqli əlavə edib ki, işləməyən, əhali arasında özünə hörmət qazanmayan, hər ili borcla yola verən bələdiyyələrin birləşdirilməsi məqsədəuyğun olmalıdır.

V.Nağı
V.Nağı

Neftçala rayonunun Xol Qaraqaşlı bələdiyyənin üzvü Vəfa Nağı da AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda bələdiyyələrin fəaliyyəti qənaətbəxş deyil:

"Bu insanlar ədalətli seçkilər nəticəsində seçilmir"

"Azərbaycanda bələdiyyələrin səlahiyyətləri azdır. Amma bu az səlahiyyətin belə, bələdiyyələrin vəzifəli şəxsləri öhdəsindən gəlmək istəmirlər. Çünki bu insanlar ədalətli seçkilər nəticəsində seçilmir".

V.Nağının fikrincə, Azərbaycanda bələdiyyələr heç bir problemi həll etmir: "Azərbaycanda icra nümayəndələri və polis rəislərinə bağlı işləyirlər. Ya da əksinə, sədr onlarla birgə işləyir, nəticədə kənd və rayon sakinlərinin heç bir yerə əli çatmır və problemlər içində boğulur".

Amma Azərbaycanda bələdiyyələrin rəhbərləri və rəsmi qurumlar seçkilərin ədalətli keçirilməməsi ilə bağlı fikirləri qəbul etmirlər. Yazıda bələdiyyələrə müdaxilələrlə bağlı yer alan fikirlərə isə, hələlik, icra hakimiyyətlərindən münasibət almaq mümkün olmayıb. Amma buna qədər onlar eyni ittihamları, bir qayda olaraq, yalanlayıblar.

Xatırlatma

Azərbaycanda bələdiyyələr 1999-cu ildən fəaliyyət göstərir. Ölkədə son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. Həmin vaxt 1606 bələdiyyəyə 1575 üzv seçilib.

XS
SM
MD
LG