Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:45

1976-cı ilin 'Oskar'ı ən yaxşı filmə verildimi


"One Flew Over the Cuckoo's Nest" filmindən kadr
"One Flew Over the Cuckoo's Nest" filmindən kadr

1976-cı il, fevralın 17-si səhər saatlarında Stiven Spilberq əfsanəvi "Jaws" filminə görə "ən yaxşı kinorejissor" nominasiyasında "Oskar" mükafatına namizəd olmağa hazır idi. Amerika Kino Akademiyasının 48-ci mövsüm üçün nominantlarının elan olunmasına çox az qalmışdı. Bir sənədli filmin çəkiliş qrupu bu 29-yaşlı "vunderkind"in nominasiyaya reaksiyasını çəkmək üçün hazır dayanmışdı. Kameralar onun intizar içində olan üzünə tuşlanmışdı. Nəhayət, nominantın soyadı oxundu. Ancaq bu, Spilberq deyildi. "Ah, mən almadım, mən almadım", – deyən Spilberq təəssüf hissini gizlətməyə çətinlik çəkirdi.

Son 50 ilin ən yaxşı nominantları

Ancaq "Jaws" həm "ən yaxşı film", üstəlik, daha üç nominasiyada namizəd oldu. Həmin üç nominasiyada qalib film "ən yaxşı film" nominasiyasında qalib ola bilmədi. Maraqlıdır ki, həmin il "ən yaxşı film" nominasiyasına daxil olan filmlər son 50 ilin ən yaxşı nominantları sayılır. Təkcə Miloş Formanın kino tarixində nəhəng iz buraxmış "One Flew Over the Cuckoo's Nest" filmi nəyə desəniz dəyər. Filmdə Cek Nikolson psixiatrik klinikanın daim problem yaradan sakini rolunu oynayırdı.

Variety saytı yazır ki, nominantlar arasında bundan başqa, Stenli Kubrikin hadisələrin XVIII əsr İngiltərəsində cərəyan etdiyi "Barry Lyndon" romantik filmi, Sidni Lümetin Al Paçinonun rol aldığı "Dog Day Afternoon" və Robert Oltmenin "Nashville" filmləri də var idi.

Maneələr

O zaman 31 yaşı olan Maykl Duqlasın kino ulduzu olmasına hələ bir neçə il var idi. Ancaq o, "Cuckoo's Nest" filmində prodüserlik karyerasına başlamışdı. Məsələ burasındadır ki, Maykl Duqlasın atası Kirk Ken Kizinin romanı əsasında qoyulmuş Brodvey tamaşasında baş rolu ifa etmiş və romanı ekranlaşdırmaq haqlarını almışdı. Duqlas bunu Hollivud masası arxasında yer qazanmaq imkanı kimi görürdü. "Mən düşünmürdüm ki, digər filmlərlə mübarizədə bizim qalib olmaq şansımız var", – Duqlas 45 il sonra deyirdi.

Filmlərin beşi də çox güclü idi. Ancaq hərəsinin qarşısında bir maneə var idi. Kubrik daha əvvəl üç dəfə namizəd olmuşdu və bu dəfə də qalib olacağı gözlənilirdi. Ancaq çoxları onun filmlərini çox soyuq və emosiyasız hesab edirdilər. Oltmenin "Nashville" filmi çox uğurlu idi, ancaq rejissorun özü "Oskar" seçiciləri ilə pis münasibətdə idi. "Cuckoo's Nest" mövzusu çox bədbin olduğundan bütün iri studiyalar tərəfindən rədd edilmişdi. Tənqidçilər "Dog Day Afternoon" filmini hit sayırdılar, ancaq o zaman auditoriyanın bir hissəsi filmdə gey mövzusunun olmasını bəyənməmişdi.

Duqlasın proqnozu

"Jaws"a gəlincə, Duqlas bu filmin qalib olacağını düşünürdü. Ancaq Spilberqin özü belə düşünmürdü. "Filmi çox bəyənib tərifləyən eyni adamlar filmin bu qədər çox pul gətirməyə başlamasından sonra onun bədii dəyərinə şübhə etməyə başladılar", – Spilberq sonradan deyirdi.

Bir neçə həftə sonra "Oskar" mükafatlarının təqdimetmə mərasimində Duqlas Nikolsonun arxasında oturmuşdu. "Cuckoo's Nest" ilk dörd nominasiyanı uduzanda Nikolson çevrilib ona demişdi: "Miki, mən sənə demişdim!".

Ancaq dəqiqələr içində hər şey dəyişdi və "Cuckoo's Nest" həmin "Oskar" gecəsində beş əsas nominasiyanı silib-süpürdü: kitab əsasında yazılmış ən yaxşı ssenari, ən yaxşı aktrisa, ən yaxşı rejissor, ən yaxşı aktyor və ən yaxşı film. Mərasim sonrası ziyafət zamanı Duqlas Akademiyanın düzgün seçim etdiyini demişdi.

XS
SM
MD
LG