Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:05

Bəzi əlillər və valideynləri şikayətçidir


Şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında
Şikayətçilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısında

Bu gün, martın 10-da ölkənin müxtəlif bölgələrindən gələn bir qrup əlil və əlil valideyni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına toplaşdılar.

Onlar şikayətləndilər ki, müalicə imkanları azalıb, qayğı yetərli deyil, məmurlar qayğılarına biganədir, müavinətləri azdır və cəmiyyətə inteqrasiyaları lazımı səviyyədə deyil.

Xüsusilə əlil valideynlərinin fikrincə, onların övladları cəmiyyətdən təcrid olunmuş şəkildə yaşamağa məhkumdurlar və bu çox ağırdır.

"...Məmurlar şikayətimizə baxmır"

Şikayətçilərin adından Günay Göyüşova söz alıb. O, həyat yoldaşının torpaqların müdafiəsində sağlamlığını itirdiyini bildirib. Onun sözlərinə görə, ötən ilin noyabrından uşaqlarının əlillik pensiyası kəsilib: "Əvvəllər iki aydan bir uşaqlarımızı müalicə etdirə bilirdik. Sonra reabilitasiya mərkəzləri pandemiyaya (koronavirus) görə bağlandı. İndi isə qazilərimizə (döyüşlərdə əlil olanlara) xidmət edir. Bizim uşaqlara ildə bir dəfə müalicə imkanı yaranır, bu çox azdır. Əlilliyə görə verilən 150 manat yetmir, özəl xəstəxanalarda müalicə imkanımız yoxdur. Məmurlar şikayətimizə baxmır".

Danışarkən kövrələn analardan biri isə bunları deyib: "İki uşağım əlildir, onları saxlamaq, böyütmək çox çətindir. Mən hələ övladımın mənə "ana" deməsini eşitməmişəm. Uşaqlarımı öz hesabıma müalicə etdirə bilmirəm. Xəstə uşaqlarımızın haqqı tapdanır".

"Evim yanıb, ailəmlə maşın qarajında qalıram"

Şamaxı rayonundan gəldiyini deyən bir kişi isə bunları söyləyib: "Qarabağ müharibəsi iştirakçısıyam. II qrup əliləm. Üç aydır pensiyam kəsilib. Evim yanıb, ailəmlə maşın qarajında qalıram. Kimə şikayət edirəmsə, kömək edən yoxdur".

Nazirlikdən cavab

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazıl Talıbov "Turan" agentliyinə deyib ki, şikayətçilər nazirlikdə qəbul olunub. Onun sözlərinə görə, şikayətlər qeydə alınıb, aidiyyəti şöbələrə yönləndiriləcəklər və qısa müddətdə araşdırılıb onlara rəsmi cavab veriləcək.

XS
SM
MD
LG