Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:01

DİN-dən Mehman Hüseynovla bağlı açıqlama


Mehman Hüseynov, arxiv foto
Mehman Hüseynov, arxiv foto

Daxili İşlər Nazirliyindən (DİN) bloqer Mehman Hüseynovla bağlı açıqlama verilib.

APA agentliyinin xəbərinə görə, nazirlikdən bildirilib ki, M.Hüseynovun istifadəsi üçün xüsusi icazə tələb olunan dron aparatını ölkəyə gətirməsi barədə əməliyyat məlumatı əldə olunub.

"Həmin məlumatın yoxlanılması məqsədilə bloqer ötən gün saxlanılıb. Yoxlama zamanı ondan 1 ədəd dron aparatı aşkar edilərək götürülüb. M.Hüseynovun həmin aparatla haradasa çəkiliş etməsi barədə isə hazırda hər hansı məlumat yoxdur", - nazirlikdən bildirilib.

Bloqer M.Hüseynov və NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ü.Həsənlinin martın 14-də Novxanıda çəkilişdən qayıtdıqdan sonra saxlandığı açıqlanmışdı. Sonradan gənclərin hər ikisi sərbəst buraxılıb.

“Dron haqqındda dedilər ki, araşdırılacaq”

NİDA Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Ülvi Həsənli və bloqer Mehman Hüseynovun sərbəst buraxıldığı açıqlanıb.

Bu barədə məlumatı Ülvi Həsənli də Azadlıq Radiosuna təsdiq edib.

O, deyib ki, Abşeron Rayon Polis İdarəsində onlardan izahat alıblar, sonra gözlərini bağlayıblar və özlərinin bilmədikləri yerə aparıblar. Onun qeyd etməsinə görə, bir saat saxlayandan sonra, dronlarını alıb metronun "Gənclik" stansiyasi yaxınlığında sərbəst buraxıblar.

“Dron haqqındda dedilər ki, araşdırılacaq.”, deyə gənc fəal vurğulayıb.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

"Sadəcə bu dəfə hər şeyi dəqiq ölçüb biçməmişdim..."

Sərbəst buraxılandan sonra Mehman Hüseynov da özününü Facebook səhifəsində hadisə ilə bağlı paylaşım edib.

"Mən bandit deyiləm! Mən cinayətkar deyiləm! Mən rüşvətxor, korrupsioner məmur deyiləm! Zor gücü ilə məni susdurmaq istəyirlər! Niyə? Çünki mən əsl cinayətkarları, korrupsiyaya əli batmış məmurları, dövlət büdcəsindən xalqın pullarını oğurlayanları axtarıb ortaya çıxardıram. Bu gün də növbəti araşdırma üçün mən və dostum, həmkarım Ulvi Hasanli yola çıxmışdıq

Novxanıda xalqa məxsus olan olan pulları tapmışdım. Sadəcə bu dəfə hər şeyi dəqiq ölçüb biçməmişdim..."

NİDA: “ Bandotdel”ə aparılıblar


NİDA Vətəndaş Hərəkatından verilən məlumata görə, Ülvi Həsənli və Mehman Hüseynov Abşeron Rayon Polis İdarəsindən Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ( el arasında “ Bandotdel” deyilir) aparılıblar.
Amma bu deyilənləri də, hələlik, nazirlikdən dəqiqləşdirmək mümkün olmayıb.

***

NİDA Vətəndaş Hərəkatının İdarə Heyəti üzvü Ülvi Həsənli və bloqer Mehman Hüseynovun Novxanı qəsəbəsində saxlandığı bildirilir.

Bu barədə vəkil Fuad Ağayevə Ülvi Həsənov özü məlumat verib.

Vəkil Fuad Ağayev AzadliqRadiosuna bildirib ki, Ülvi Həsənli Mehman Hüseynovla Novxanıdan çəkilişdən qayıdanda onları yol polisinin saxladığını, sonra Abşeron Rayon Polis İdarəsinə gətirildiklərini söyləyib:

“Ondan sonra telefon danışığı kəsildi, daha bilmədim ki, nəyə görə saxlanıblar”.

Ülvi Həsənli, arxiv foto
Ülvi Həsənli, arxiv foto

AzadliqRadiosu hər iki şəxslə əlaqə saxlamağa cəhd etsə də, onlar zənglərə cavab verməyiblər.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən də münasibət almaq mümkün olmayıb.

Mehman Hüseynov buna qədər 2017-ci il martın 3-də Suraxanı rayon Məhkəməsində, Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham iddiası üzrə 2 il müddətində azadlıqdan məhrum edilib. O ittihamı qəbul etməyib.

Həbsdən əvvəl bloqer saxlanmışdı və o zaman işgəncəyə məruz qaldığını açıqlamışdı. O Həbsdə olduğu vaxt 2018-ci il dekabrın 26-da ona yeni cinayət işi başlanılıb. O, bu dəfə 14 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşına xəsarət yetirməkdə ittiham olunub.

Bloqer ittihamın yenə yalan olduğunu bildirib.O, üstəlik etiraz aksiyasına başladığını açıqlayıb.Onun bu açıqlaması geniş ictimai dəstək qazanıb.
2019-cu ilin yanvarın 22-də isə prokurorluq bloqer barəsində qaldırılmış yeni cinayət işinə xitam verib. O, 2019-cu ilin martın 2-də azad olunub.

XS
SM
MD
LG