Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:30

Almaniyanın karantini uzadacağı gözlənir


Almaniyada etiraz, 20 mart, 2021-ci il
Almaniyada etiraz, 20 mart, 2021-ci il

Britaniya və Avropa Birliyində vaksin qıtlığı yaşanır. Brüssel AstraZeneca vaksinlərinin ixracını dayandıra biləcəyini açıqlayıb

Almaniyada qismən karantinin uzadılacağı gözlənilir. Avropada koronavirusa yoluxmaların üçüncü dalğası bir sıra ölkələri yeni qadağaların tətbiqinə məcbur edir.

Kansler Angela Merkel və vilayət liderləri martın 22-də koronavirusa qarşı mübarizə tədbirlərini müzakirə edəcək. Yerli medianın yazmasına görə, Merkelin ofisinin hazırladığı layihədə ölkə boyunca karantinin aprelin 18-cən uzadılması təklif edilir.

Layihədə əlavə qadağaları nəzərdə tutan ayrıca bənd də var. Gecə komendant saatı, məktəblərin, işçiləri və uşaqları testdən keçirmək mümkün olmayan uşaq-qayğı mərkəzlərinin bağlanması təklif edilir.

Ötən həftəsonu hökumətin tətbiq etdiyi sistemdə limit keçilib, yeddi gün ərzində 100 min sakin üzrə yeni yoluxma sayı 100-ü aşıb. 100-ün keçilməsi isə yerli səviyyədə yumşaldılmış koronavirus qadağalarının sərtləşdirilməsi siqnalı verir.

Qadağalara etiraz edirlər

Almaniya da üçüncü dalğa ilə mübarizə aparır, vaksin kampaniyası ləng gedir, əhalidə karantindən bezginlik müşahidə olunur.

Həftəsonundan Polşa, Fransanın bəzi hissələri və Ukrayna paytaxtı Kiyevdə qismən karantin elan olunub.

Avropanın bəzi yerlərində, o cümlədən Almaniya, Niderland, İsveçrə və Serbiyada minlərlə insan qadağalara etirazlara çıxıb.

Martın 21-də Rumıniyada reanimasiyada olan COVID-19 xəstələrinin sayı pandemiya başlanandan rekord həddə çatıb, 1334 nəfərin hazırda reanimasiyada olduğu bildirilir.

Amma Baş nazir Florin Citu karantin elan olunmayacağını deyib.

Britaniya və Avropa Birliyində isə vaksin qıtlığı yaşanır. Brüssel AstraZeneca vaksinlərinin ixracını dayandıra biləcəyini açıqlayıb.

Britaniyada vaksinasiya intensiv gedir, böyüklərin yarısına azı bir dozanın vurulduğu bildirilir. Amma kontinental Avropa digər qabaqcıl iqtisadiyyatlardan geri qalmaqdadır.

Təchizatda yubanma

AstraZeneca birinci rübdə AB-yə vəd etdiyi 90 milyon doza vaksinin yalnız 30 faizini göndərə bilib ki, bu da qitədə peyvəndləmənin gedişinə təsirini göstərib.

Birləşmiş Ştatlarda da vaksinasiya sürətlənir. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) martın 21-də bildirməsinə görə, iki gün ardıcıl 3 milyon dozadan çox vaksin vurulub.

“İlk dəfə olaraq, iki gün ardıcıl 3 milyondan çox doza vurulub. İkinci gün 2 milyondan çox doza vurulub”, – Ağ evin Covid-19 datası üzrə direktoru Kiris Şahpar yazıb.

CDC əhalinin 24.5 faizinə azı bir dozanın vurulduğunu, 13.3 faizin isə tam peyvənd olunduğunu bildirir. Yaşı 65 və yuxarı olanlardan 69 faizinə azı bir doza vurulub.

ABŞ hökuməti mayın sonunacan böyüklərin hamısına vurdurmaq üçün yetərincə peyvənd sifariş etdiyini bildirir.

XS
SM
MD
LG