Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 06:07

Almaniya AstraZeneca-dan istifadəni məhdudlaşdırır


Kosovonun Baş naziri Albin Kurtiyə AstraZeneca vaksini vurulur
Kosovonun Baş naziri Albin Kurtiyə AstraZeneca vaksini vurulur

AstraZeneca isə bəyanatında bildirib ki, pasiyent təhlükəsizliyi onun üçün prioritetdir. Şirkət Avropa və Britaniyanın tibb agentliklərinin vaksinlə laxtalanmanın əlaqəsini müəyyənləşdirə bilmədiyini də qeyd edir

Martın 30-da Braziliyada COVID-19-dan rekord sayda – 3 min 780 ölüm qeydə alınıb. Ölkədə koronavirusa yoluxmaların ikinci dalğası tüğyan edir.

Hazırda dünyada koronavirusdan ölümlərin 25 faizi bu Latın Amerikası ölkəsinin payına düşür. Braziliya bu statistika üzrə dünyada Birləşmiş Ştatlardan sonra ikinci yerdədir – 317 min 646 ölüm təsdiqlənib.

Əhalinin 2 faizindən də azına vaksin vurulub

Virusun P.1 adlı Braziliya variantı daha yoluxucu və güman ki, daha ölümcüldür və pandemiyanın ilkin dövrlərinə nisbətən yoluxmalarda partlayış yaradıb. Kəskin artım tibb sistemini iflas həddinə çatdırıb.

Prezident Jair Bolsonaro pandemiyanı idarə etməsinə görə tənqid olunur. İndi ölkədə həm də ağır siyasi böhran yaşanır.

Braziliya əhalisinin 2 faizindən də azına vaksin vurulub. Bu arada səhiyyə agentliyi Hindistanın “Bharat Biotech” şirkətinin hazırladığı Covaxin vaksininin istehsal standartlarına uyğun gəlmədiyini deyərək təsdiqləməyib.

Covaxin Hindistan daxil olmaqla beş ölkədə təsdiqlənib.

Almaniya

Almaniyada isə onsuz da ləng gedən vaksinasiya kampaniyasına daha bir zərbə dəyib. Martın 31-dən ölkədə AstraZeneca vaksininin yaşı 60-dan yuxarı və digər həssas qruplara vurulması məhdudlaşdırılacaq.

Almaniyanın vaksin komissiyası müəyyən hallarda “nadir, amma çox kəskin” qan laxtalanmasının qeydə alındığını bildirib.

Daha öncə Pol Ehrlix İnstitutu bildirmişdi ki, AstraZeneca vaksini vurulandan sonra yarandığı güman edilən 31 beyin qan laxtalanması halı aşkarlanıb. İkisini çıxmaqla qalan halların 20-63 yaşlı qadınlarda baş verdiyi bildirilir.

Martın 30-da bir sıra vilayət və şəhər administrasiyaları AstraZeneca-nın yaşı 60-dan aşağı olanlara vurulmasını dayandırıb, şübhəli yan təsirlərinin olduğunu əsas gətirib.

Yeni təlimata görə, yaşı 60-dək olanlara bu vaksindən vurula bilər, amma fərdi risk analizi və hərtərəfli izahatdan sonra buna həkim qərar verməlidir.

Şirkət nə deyir

AstraZeneca isə bəyanatında bildirib ki, pasiyent təhlükəsizliyi onun üçün prioritetdir. Şirkət Avropa və Britaniyanın tibb agentliklərinin vaksinlə laxtalanmanın əlaqəsini müəyyənləşdirə bilmədiyini də qeyd edir.

Bu peyvənd Britaniya və Avropanın digər ölkələrində geniş istifadə olunur, ilkin mərhələdə effektinə dair suallar vardı.

Bu ay Almaniya daxil olmaqla bir sıra Avropa ölkələri qan laxtalanmasına səbəb olması sarıdan narahatlıqdan dolayı vaksindən istifadəni dayandırdı. Amma Avropa Birliyinin dərman agentliyi və Dünya Səhiyyə Təşkilatı vaksinin təhlükəsizliyini təsdiqləyəndən sonra onun vurulması bərpa olundu.

Bu vaksinlə bağlı ortaya çıxan məsələlər bəzi ölkələrdə ona ictimai inama təsirini göstərib.

XS
SM
MD
LG