Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 11:12

Deputat: 'Bu, faciəvi bir səhvdir'


 Rəsmi açıqlamaya görə, ölkədə ümumilikdə 550 min nəfərə yaxın şəxs vaksinasiya prosesindən keçib.
Rəsmi açıqlamaya görə, ölkədə ümumilikdə 550 min nəfərə yaxın şəxs vaksinasiya prosesindən keçib.

Azərbaycanın koronavirusa qarşı həm peyvənd alışı həcminə, həm də ondan istifadə sürətinə görə MDB ölkələri arasında qabaqcıl yerlərdən birini tutduğu bildirilir. Rəsmi açıqlamaya görə, ölkədə ümumilikdə 550 min nəfərə yaxın şəxs vaksinasiya prosesindən keçib.

Bununla yanaşı, son zamanlar sosial şəbəkələrdə vaksinasiya prosesi ilə bağlı müxtəlif xoş olmayan iddialar dolaşmağa başlayıb. Bildirilir ki, bəzi yerlərdə tibb işçiləri vaksinin bir dozasını iki nəfərə bölür. "Peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılsa da, indi poliklinikalara lazım qədər peyvənd verilmir və ona görə də bir peyvənd iki nəfərə vurulur", - deyə iddia olunur.

Başqa tərəfdən, peyvənd olmaq istəməyən, lakin immunizasiya pasportunu (vaksinasiyadan keçməsi haqqında sənəd) almaq istəyən, bununla bağlı həkimlərə üz tutan və hətta müxtəlif yollarla buna nail olan şəxslərin mövcudluğu barədə da iddialar yayılıb.

Serbiyada peyvənd bol olduğundan əhali seçim edir
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

Nazirlik: "... bu kimi məlumatların əsası yoxdur"

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən "Turan" agentliyinə bildirilib ki, kimdəsə bu kimi neqativ halların baş verməsi haqqında məlumat varsa, dərhal bununla bağlı onlara müraciət edilməlidir: "Fakt varsa, buna yol verən tibb müəssisəsinin, işçinin adını bizə təqdim etsinlər, biz də bunu araşdıraq. Sosial şəbəkələrdə milyonlarla insan var və hamı ürəyi nə istəyir, yaza bilir. Konkret fakt olmayandan sonra bu kimi məlumatların əsası yoxdur".

Deputat: "Məndə də bu barədə məlumatlar var"

Milli Məclisin deputatı Rüfət Quliyev isə "Turan"a bildirib ki, vaksinasiyadan keçmədən saxta sənəd almaq istəyən şəxslərin olması istisna edilmir: "Həmin şəxslərin buna nail olması da istisna edilmir. Məndə də bu barədə məlumatlar var. Həmin şəxslərin arasında elələri da var ki, niyəsə peyvənd vurdurmaqdan qorxurlar. Amma hər hansı səbəblərə görə xaricə getmək planlaşdırırlar və bunun üçün həmin saxta sənədi almağa çalışırlar".

Deputat bunu səhv addım kimi qiymətləndirib: "Bu, faciəvi bir səhvdir. Birincisi ona görə ki, həmin şəxslər vaksinasiyadan qaçır, ikincisi isə saxta sənəd əldə etmək üçün cinayətə əl atırlar".

R.Quliyev
R.Quliyev

Deputat qeyd edib ki, insanlar vaksinasiya prosesindən qorxmamalıdır: "Bütün dünyada insanlar vaksini vurdurmaqdan qorxur. Bu, təkcə Azərbaycanda deyil. Lakin burada qorxulu heç nə yoxdur, vaksin tamamilə ziyansızdır, əksinə, koronavirusun fəsadlarından qoruyur. Milli Məclisin bütün deputatları artıq vaksinasiyadan keçib, deputatlar ölkədə hamıya tətbiq olunan vaksinlə peyvəndlənib".

Ṛ.Quliyev aidiyyəti dövlət orqanlarını həm vaksinasiya, həm də koronavirus xəstələrinin qeydiyyatı ilə bağlı proseslərə daha ciddi nəzarət etməyə səsləyib: "Həmçinin, yaxşı olardı ki, Səhiyyə Nazirliyi və TƏBİB təlimat hazırlasınlar".

Deputatın fikrincə, həmin təlimatda göstərilməlidir ki, əgər kimsə qanunsuz yolla sənəd əldə etmək istəsə, o, məsuliyyətə cəlb oluna bilər: "Bu, həm vətəndaşlara, həm tibb işçilərinə aiddir".

Müəllimləri peyvənd vurdurmağa məcbur edirlər? - Reportaj
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00

"Başlayırlar həkimlərə yalvarmağa ki,…"

Deputatın sözlərinə görə, son vaxtlar bəzi koronavirusa yoluxmuş şəxslər rəsmi qeydiyyata düşməmək üçün müxtəlif üsullardan istifadə etməyə çalışırlar: "Belə şəxslər kompüter tomoqrafiyadan keçirlər, qan analizini verirlər və məlum olanda ki, onlar koronavirusa yoluxub, başlayırlar həkimlərə yalvarmağa ki, adlarını portala salmasınlar. Buna qətiyyən yol vermək olmaz. Koronavirusun simptomları olan bütün şəxslər PZR (Polimeraz zəncir reaksiyası) testindən keçməlidir. Vaksinasiya prosesinin aparılması ilə paralel yoluxanların sayını azaltmalıyıq. Dövlət bunun üçün dünya səviyyəsinə uyğun praktiki olaraq hər şeyi təqdim edib".

R.Quliyev vurğulayıb ki, PZR testlərinin qiyməti ilə bağlı məsələ Milli Məclisdə dəfələrlə qaldırılıb: "Hökumət isə bizə bildirib ki, qiymətləri aşağı salması üçün özəl klinikalara təsir göstərəcək. Bildiyim qədər, artıq qiymətlər 100 manatdan 80 manata düşüb. Mən özəl klinikaları qiymətləri daha da ucuz etməyə çağırıram. Bundan əlavə, bütün dövlət tibb müəssisələrində həmin testlərin aparılması təşkil olunsa, yaxşı olar. Qiymətlər isə özəl klinikalardakı qiymətlərdən daha aşağı – 40-50 manat civarında olmalıdır".

A.Qeybulla
A.Qeybulla

"Bir-bir araşdırmaq lazımdır"

Tibbi elmləri doktoru Adil Qeybulla da AzadlıqRadiosuna bildirib ki, belə məsələlərlə bağlı ölkədə şayiələr dolaşmaqdadır: "Bütün bunları bir-bir araşdırmaq lazımdır. Səlahiyyətli qurumlar bununla məşğul olsun. Qeyd olunmuş məsələlər varsa, bunlar cinayətdir və buna yol verən adamlar varsa, onlara qarşı ciddi tədbirlər görülməlidir. Vaksinasiya genefondun təhlükəsizliyi məsələsidir. Sabah bu korrupsiya faktları üzə çıxsa, bu, heç kəsə baş ucalığını gətirməyəcək. Həm də bu, insanların taleyi ilə oynamaqdır".

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Hazırda yaşı 40-dan yuxarı olan şəxslərə peyvənd vurulduğu bildirilir. Vaksinasiya dövlət hesabına həyata keçirilir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi ümumilikdə 259 min 476 nəfərin koronavirus infeksiyasına yoluxduğu, onlardan 3 min 538 nəfərin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG