Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:04

‘Terroru maliyyələşdirmə ittihamı absurddur’


Niyaməddin Əhmədov
Niyaməddin Əhmədov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla müdafiəçisi olmuş Niyaməddin Əhmədov haqqında cinayət işinin materiallarında onun həbsindən əvvəl xüsusi xidmət orqanları tərəfindən izlənildiyi görünür.

İşin içində bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məktubları da var. Əhmədov özü də məhkəmədə bildirib ki, inzibati həbsdə olduğu müddətdə onu təcridxanadan çıxarıb DTX-yə aparıblar.

Orada ona həbsindən əvvəl müxtəlif yerlərdə, ayrı-ayrı adamlarla gizli çəkilmiş video və fotolarını göstəriblər.

2 dəfə atası ilə görüşməsinə imkan verilib

Aprelin 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində Əhmədovun işinə baxılarkən onun vəkili Zibeydə Sadıqova vəsatət qaldırıb ki, DTX-də ona göstərilmiş video və fotolar, səs yazıları məhkəməyə də təqdim olunsun. Məhkəmə sorğu göndərib həm bunları, həm də Baş Prokurorluğun İstintaq İdarəsindən DTX-nın sözügedən məktublarını alıb araşdırsın.

Vəkilin daha bir vəsatəti isə AXCP funksionerinin ailə üzvlərilə telefon danışığı hüququnun təmin olunması haqda olub.

Müdafiəçi bildirib ki, Əhmədov bir ilə yaxındır həbsdədir, bu müddətdə bir dəfə də olsun, ailə üzvlərilə telefonla danışa bilməyib. İndiyədək cəmi 2 dəfə atası ilə görüşməsinə imkan verilib.

Vəkilin sözlərinə görə, üç dəfə məhkəmə nəzarəti qaydasında şikayət verilib, Penitensiar Xidmətə müraciət olunub. Lakin bu müraciətlərin heç biri nəticə verməyib. Sabunçu Rayon Məhkəməsi ümumiyyətlə, şikayətlərə baxmaqdan imtina edib.

Əhmədovun işi hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğuna görə vəkil onun işinə baxan hakim Siyavuş Hacıyevin telefon danışığı hüququnun bərpası üçün Bakı İstintaq Təcridxanasına müraciət etməsini istəyib.

Lakin hakim vəsatətlərin heç birini təmin etməyib.

“Bu kampaniya şəffaf aparılır”

Məhkəmədə AXCP İdarə Heyətinin üzvü, şairə Səadət Cahangir də şahid qismində dindirilib. İş materiallarında iddia olunur ki, o, Əhmədovdan pul alıb. Əhmədov da həmin pulu Almaniyada yaşayan və sosial şəbəkələrdə Azərbaycan hökumətinin ünvanına kəskin ifadələr səsləndirən Qabil Məmmədovdan alıb.

Səadət Cahangir məhkəmədə bildirib ki, siyasi məhbus ailələrinə yardım məqsədilə ianə toplayırlar. Bu kampaniyada bir çox adamlar iştirak edir:

“O pullar siyasi məhbusların özlərinə və ailələrinə yardım üçün toplanır. Bu işi mən koordinasiya edirəm. Tək Niyaməddin yox, partiyamızın başqa üzvləri, hətta başqa partiyaların təmsilçiləri, ictimai fəallar, xaricdə yaşayan azərbaycanlılar da bu kampaniyada iştirak edib. Bu kampaniya şəffaf aparılır. Sosial şəbəkələrdə hesabatları da yayılır ki, bu qədər məbləğ toplanıb, hansı ailəyə nə qədər yardım edilib”.

Əhmədova qarşı irəli sürülmüş terroru maliyyələşdirmə ittihamının absurd olduğunu vurğulayan şahidin sözlərinə görə, AXCP-nin fəaliyyətində zorakılıq, terror yolverilməzdir:

“Biz dinc, heç bir zorakılığa yol vermədən mübarizəmizi illərdir davam etdiririk”.

Xatırlatma

Niyaməddin Əhmədova qarşı CM-in 214-1 (terroru maliyyələşdirmə) maddəsi ilə ittiham irəli sürülüb.

O, Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini tənqid, hətta bir sıra hallarda təhqir edən Qabil Məmmədovla əlaqədə ittiham olunur.

Prokurorluq iddia edir ki, Məmmədov Azərbaycanda terror törətmək istəyib, bu məqsədlə çağırışlar etmək üçün Əhmədova pul göndərib.

CM-in 214-1 maddəsində 10 ildən 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

AXCP bu ittihamın absurd olduğunu bəyan edib, Əhmədovun həbsini isə partiyaya və partiyanın sədri Əli Kərimliyə qarşı repressiyaların davamı kimi qiymətləndirib.

2020-ci ilin aprelindən həbsdə olan Əhmədovun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

O, məhkəmədə ifadə verərkən bildirib ki, həbsinin səbəbi Kərimlinin mühafizəçisi olması, 2019-cu ilin oktyabrında Milli Şuranın etiraz aksiyasında AXCP sədri tutulana qədər onu tək buraxmamasıdır. Onun sözlərinə görə, partiya liderinin əleyhinə yalan ifadə verməsi üçün ağır işgəncələrə məruz qalıb.

Əhmədovun işgəncə iddiaları ilə bağlı prokurorluq orqanlarına ünvanlanmış şikayətlərinə cavab gəlmədiyi bildirilir.

Hüquq-mühafizə orqanları isə adətən həbsdə olanların işgəncə iddialarını təkzib edir, bunu məsuliyyətdən yayınma cəhdi kimi qiymətləndirir.

XS
SM
MD
LG