Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 22:00

AstraZeneca barədə hər bir ölkə özü qərar qəbul etməlidir


Avropa və Britaniyanın dərman preparatlarına nəzarət qurumları aprelin 7-də AstraZeneca vaksini və çox nadir qan laxtalanması arasında mümkün əlaqənin aşkar olunduğunu bildirsələr də, bu vaksindən istifadənin davam etdirilməsini tövsiyə ediblər.

Reuters agentliyinin yazdığına görə Britaniyanın tibbi məşvərət qrupu bildirib ki, AstraZeneca mümkün olduğu hallarda yaşı 30-dan az olanlara vurulmamalıdır.

Qrupun rəsmilərindən biri deyib ki, bu məsləhət preparatla bağlı ciddi narahatlığa görə yox, “hər ehtimala qarşı” verilir.

İndiyədək bir neçə ölkə AstraZeneca vaksinindən istifadəni müəyyən vaxtlarda müvəqqəti dayandırıb.

Buna baxmayaraq bu vaksinlə indiyədək Avropada on milyonlarla insan peyvənd edilib.

Fransa, Niderland və Almaniya AstraZeneca vaksinindən istifadəni bərpa etsələr də, peyvənd olunanlara müəyyən yaş limiti müəyyən ediblər.

Bu onunla bağlıdır ki, Avropa İttifaqı ölkələrindən bəzilərində infeksiyaların artması xəstəxanaların dolması təhlükəsi yaradıb.

Avropa hələlik vaksinasiyanın templərinə görə ABŞ və Britaniyadan geri qalır.

169 qan laxtalanması halı qeydə alınıb

AstraZeneca vaksini Avropa İqtisadi Zonası boyuca 34 milyon nəfərə vurulub və Avropa Dərmanlara Nəzarət Agentliyinə (EMA) aprelin əvvəllərinə olan məlumata görə vaksinin nadir qan laxtalanması yaratdığı 169 hal barədə məlumatlar verilib.

Avropa İqtisadi Zonasına Avropa İttifaqının 27 üzvündən başqa Norveç və Lixtenşteyn də daxildir.

Elmi tədqiqatlardan bəlli olub ki, AstraZeneca hamiləliyə qarşı müntəzəm həb qəbul edən hər 10 min qadından 4-də nadir qan laxtalanması yarada bilər.

EMA-nın bəyanatında deyilir ki, tibb işçiləri və pasientlər vaksinasiyadan sonra 2 həftə ərzində qan laxtalanması ilə bağlı riskləri nəzərə almalıdırlar.

Bəyanatda qeyd olunur ki, sözü gedən fəsad yaşı 60-dan az olan qadınlarda vaksinasiyanın iki həftəsi ərzində üzə çıxa bilir.

Sübut olunmasa da “ağlabatandır”

Avropa İttifaqı ölkələrinin səhiyyə nazirləri EMA-nın bəyanatından sonra məsələnin müzakirəsi üçün toplanacaqlar.

AstraZeneca-nın bir dozası bir neçə dollar qiymətinədir. Bu qiymətinə görə ən ucuz və indiyədək ən çox vurulmuş vaksindir.

Vaksinin üstün cəhətlərindən biri də onun saxlanması üçün ifrat aşağı temperaturlu soyuduculara ehtiyac olmamasıdır.

Dünya Səhiyyə Təşkilatı (DST) bildirib ki, AstraZeneca ilə nadir qan laxtalanması arasındakı əlaqə isbat olunmasa da, “ağlabatan” görünür.

Ekspertlər isə bildirirlər ki, hətta əlaqə isbat olunsa belə, bu fəsad ümumi əhali sayına nisbətdə çox cüzidir.

Heç bir konkret tövsiyə və təlimat verilməyib

EMA-nın icraçı direktoru Emer Kuk deyib ki, COVID-19-dan ölüm riski, vaksinlərin yan fəsadlarının ölüm riskindən qat-qat yüksəkdir.

AstraZeneca ABŞ-da keçirdiyi sınaqlardan sonra vaksinin 79 faiz effektiv olduğunu bildirsə də, sonradan daha aşağı rəqəmi elan edib.

Britaniya dərman preparatları agentliyinin rəhbəri Cun Reyn deyib ki, ümulikdə AstraZeneca vaksininin faydası, onun risklərindən qat-qat çoxdur.

Britaniya Birgə Vaksin və İmmunizasiya Komitəsinin üzvü Vey Şen Lim bildirib ki, 30 yaşından cavanlara başqa vaksinlərin vurulması məsləhət görülür.

Reuters yazır ki, bütün bu məqamları nəzərə alan EMA AstraZeneca barədə hər hansı konkret tövsiyə və təlimat verməyib.

Agentlik qeyd edib ki, ittifaqın hər bir üzvü infeksiyanın yayılma dərəcəsinə və vaksin ehtiyatına görə bu barədə öz qərarını verməlidir.

XS
SM
MD
LG