ABŞ prezidenti Co Bayden Birləşmiş Ştatlarda silah zorakılığının qarşısının alınması məqsədilə yeni tədbirləri elan edib.
Bundan əvvəl də şəxsi silahlara məhdudiyyət qoyulmasına tərəfdar olan demokrat Bayden yeni tədbirləri aprelin 8-də vitse-prezident Kamala Harris və baş prokuror Merrik Qarlandın, habelə silah zorakılığı qurbanlarının ailə üzvlərinin iştirak etdiyi mərasimdə açıqlayıb:
“Bugün biz təkcə silah böhranının deyil, həm də əslində ictimai sağlamlıq böhranının çözülməsi üçün addımlar atırıq. Allaha and olsun ki, bu bir epidemiyadır və dayandırılmalıdır”.
Yeni tədbirlərə Ədliyyə Nazirliyinin heç bir seriya nömrəsi olmayan və izlənməsi çətin “əldəqayırma” silahlara qarşı mübarizə planının hazırlaması da daxildir.
Məhdudlaşdırıcı tədbirlər habelə faktiki olaraq tapançaları tüfəngə çevirən “qolçaqlara” şamil ediləcək. Söhbət belə qolçaqların da silahın özü kimi qeydiyyatdan keçirilməsindən gedir.
Bayden habelə deyib ki, o odlu silahların qaçaqmalçılığına dair illik hesabatın hazırlanmasını tələb edəcək.
Prezident vəd edib ki, o ştatların risk təşkil edən şəxslərin silah almasını məhdudlaşdıran qanunlar qəbul etməsinə dəstək verəcək.
Bu da xəbər verilir ki, Bayden bu tədbirlər barədə prezident fərmanı verəcək. Belə fərmanların Konqresdə səsə qoyulmasına ehtiyac qalmır.
***
Aprelin 8-də ABŞ Prezidenti Co Bayden silah zorakılığına qarşı administrasiyasının ilk addımlarını açıqlayacaq. Ölkədə son kütləvi atışmalardan sonra yeni administrasiyaya tədbir görmək üçün təzyiq güclənib.
“Kölgə silahları”
Plana “kölgə silahlar”ın yayılmasını azaltmaq tədbirləri daxildir. Bu silahlar sontradan yığılır, onları izləmək mümkün deyil. Bunu Ağ evin rəsmisi aprelin 7-də jurnalistlərə deyib. Bu silahlar hazırda odlu silahlar kimi tənzimlənmir və bu da o deməkdir ki, alıcının tərcümeyi-halı yoxlanmadan satıla bilər.
Ədliyyə Nazirliyi “kölgə silahlar”ın yayılmasını azaltmaq məqsədilə 30 gün ərzində qayda irəli sürəcək, Baydendən belə bir açıqlama gözlənir.
Bundan başqa, “qırmızı bayraq qanunu”nun açıqlanması gözlənir. Məhkəmələrə və hüquq-mühafizə orqanlarına icazə veriləcək ki, icmalara risk yaratdığı düşünülən adamlardan silahları alsınlar.
Silahlara nəzarət Birləşmiş Ştatlarda ziddiyyətli məsələdir, çünki silah sahibi olmaq Konstitusiyaya İkinci Düzəlişlə qanuni sayılır.
Tərəfdarlar və opponentlər
Nəzarət tərəfdarları “sağlam məntiq”lə qadağalar – bütün silahların alışı zamanı tərcümeyi-halın yoxlanmasını, məcburi gözləmə müddətləri, sursat alışına limit qoyulmasını tələb edirlər.
Silah saxlama tərəfdarlarının fikrincə, yetərincə qanunlar var və əlavə qanunvericilik kütləvi güllələmə problemini yoluna qoymayacaq.
Bu yaxınlarda Corciya və Koloradoda iki atışmada 18 nəfər öldürülüb.
Baydenin yeni qanunvericilik təklifləri Konqresdən keçməsə, fərmanla qüvvəyə minəcək, Ağ ev rəsmisi bildirib.
Nümayəndələr Palatasında əsas respublikaçı Kevin Makkarti Baydenin addımını tənqid edib.
“Prezident Bayden fərmanla bizim Konstitusiyaya 2-ci dəyişiklikdə nəzərdə tutulmuş hüquqlarımızı tapdalayacaq addımlar açıqlayacaq. O, cinayətkarlığa mülayim yanaşır, qanuna əməl edən vətəndaşların hüquqlarını pozur”, – konqresmen tvitində yazıb.