Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:29

Rusiyanı 20 il ərzində nə gözləyir – hesabat


Vladimir Putin hərbi təlimləri izləyir, 2018-ci il
Vladimir Putin hərbi təlimləri izləyir, 2018-ci il

“Rusiya güman ki, gələn iyirmi il ərzində dağıdıcı ölkə kimi qalacaq, baxmayaraq ki, maddi gücü digər böyük oyunçulara nisbətən azalacaq”

Gələn 20 il ərzində Rusiya “dağıdıcı ölkə” olaraq qalacaq, amma saysız siyasi, iqtisadi və ictimai çətinliklər üzündən qlobal nüfuzu zəifləyə bilər. Aprelin 8-də ABŞ kəşfiyyatı belə bir hesabat açıqlayıb.

ABŞ Milli Kəşfiyyat Şurasının dörd ildən bir hazırladığı hesabatda növbəti 20 il ərzində Birləşmiş Ştatların milli təhlükəsizlik mühitinə təsir göstərəcək qlobal trend və potensial ssenarilərin hərtərəfli icmalı təqdim olunur.

“Növbəti illər və onillər ərzində dünya daha gərgin, üst-üstə yığılan qlobal problemlərlə üzləşəcək, xəstəliklərdən iqlim dəyişikliyinə, yeni texnologiyaların səbəb olacağı pozulmalardan maliyyə böhranlarına qədər”,“Qlobal tendensiyalar 2040: Daha rəqabətli dünya” adlı hesabatda deyilir.

Avrasiyada protektorat

Sənədə görə, regional ölkələr və qeyri-dövlət oyunçularının nüfuzu arta, bu isə nəticədə “münaqişəyə daha meylli, daha təlatümlü geosiyasi mühit”, beynəlxalq əməkdaşlığın zəifləməsi ilə nəticələnə bilər.

ABŞ-ın aparıcı kəşfiyyat təhlilçilərinin fikrincə, Rusiya Çinlə birlikdə “yüksələn və təftişçi” ölkə olacaq, Qərb qurumları və normalarının dominantlıq etdiyi etdiyi beynəlxalq düzəni dəyişməyə çalışacaq. Moskva ənənəvi dəyərlər, daxili işlərinə müdaxilə olunmamasını, “Avrasiyanın böyük hissəsində Rusiyanın dominant olduğu protektorat” istəyir, hesabatda vurğulanır.

“Rusiya güman ki, gələn iyirmi il ərzində dağıdıcı ölkə kimi qalacaq, baxmayaraq ki, maddi gücü digər böyük oyunçulara nisbətən azalacaq”, – deyən hesabat müəllifləri onu da qeyd edirlər ki, Rusiyanın üstünlükləri ona postsovet məkanında, bəzən daha da uzaqlarda oyunpozan, nüfuz sahibi kimi qalmasına imkan verəcək. Bu üstünlüklərə isə böyük ənənəvi ordu, kütləvi qırğın silahları, enerji və mineral ehtiyatlar, geniş coğrafiya, demoqrafiya, öz sərhədlərindən kənarda gücdən istifadə istəyi daxildir.

Hesabatda deyilir ki, Rusiya Qərbdə parçalanmaları dərinləşdirməkdən ötrü informasiya müharibəsindən istifadəni davam etdirəcək. Məqsəd isə “xarici izləyicilərdə sinizm yaratmaq, qurumlara inamı sarsıtmaq, konspirologiya nəzəriyyələrini ortaya atmaqdır”.



Nüfuzu saxlamaq üçün...

Bu arada Rusiyanın Afrika, Yaxın Şərq və digər yerlərdə münasibətlərini genişləndirəcəyi vurğulanır. Moskva Arktikada iqtisadi və hərbi mövcudluğunu artırmağa çalışır, qlobal istiləşmənin şimal regionuna təsirindən yararlanır.

Təhlilçilər ölkənin qlobal miqyasda nüfuzunu saxlamaq üçün çarpışmalı olacağını da proqnozlaşdırırlar. Buna zəif investisiya mühiti, işçi qüvvəsində durğunluq, xammal qiymətlərindən asılılıq, 20 il üçün proqnozlaşdırılan iqtisadiyyatın qlobal ÜDM-nin cəmi 2 faizə qədərini təşkil edəcəyi səbəb ola bilər.

Avropanın Rusiyadan enerji asılılığının azalması da Kremlin gəlirlərinə təsir göstərə bilər, “özəlliklə də bu azalma Asiyadakı müştərilərə ixracla kompensasiya olunmasa”, – hesabatda deyilir.

Daxili siyasətə gəlincə, Rusiyada növbəti iki dekada Prezident Vladimir Putinin hakimiyyətdən gedişi ilə xarakterizə olunacaq, bu ya 2024-cü ildə, indiki prezidentlik müddəti bitəndə, ya da daha sonra baş verə bilər.

Elitadaxili çəkişmə?

68 yaşlı siyasətçinin gedişi “xüsusilə daxili sabitsizliyə səbəb olacağı halda Rusiyanın geosiyasi mövqeyini daha sürətlə aşındıra bilər”, – deyə hesabatda Putindən sonra mümkün elitadaxili çəkişmə proqnozlaşdırılır.

Çin və Rusiya Birləşmiş Ştatlar, eləcə də digər Qərb demokratiyaları üçün ümumi rəqib sayılır. ABŞ kəşfiyyatının fikrincə, Moskva və Pekin transatlantik münasibətləri saxlamaqdan ötrü bir-biri, eləcə də digər ölkələrlə “formal alyanslara getməyəcək”.

Belə bir çevik yanaşma isə iki ölkəyə imkan verəcək ki, “qarşılıqlı təhlükəsizlik maneələri olmadan nüfuzlarından istifadə eləsinlər, yaxud selektiv şəkildə iqtisadi və hərbi vadaretməyə əl atsınlar”.

Çində Si Cinpinq və Rusiyada Putin hakimiyyətdə qaldıqca, Pekinlə Moskva “güclü müttəfiq” olacaqlar.

“Amma bir neçə ilə hakimiyyət bərabərsizliyi artdıqca Arktika, Orta Asiya ilə bağlı ziddiyyətlər güclənə bilər”, – hesabatda vurğulanır.

XS
SM
MD
LG