Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 13:55

Pablar açıldı, içki satışı 113 faiz artdı


Britaniyada koronavirus qurbanları memorialı
Britaniyada koronavirus qurbanları memorialı

Argentinada artıq ikinci dalğa başlanıb, hökumət yeni lokdaun tədbirləri, məhdudiyyətlər elan edib

Avropa Birliyinə 50 milyon doza Pfizer/BioNTech vaksini gözlənildiyindən daha tez göndəriləcək. Dünyada COVID-19 vaksinlərinə tələb təklifi üstələməkdədir.

Dozalar Avropaya 2021-ci ilin sonuna göndərilməliydi, amma artıq bu aydan çatdırılacaq.

Bu arada Birləşmiş Ştatlar elan edib ki, Johnson & Johnson (J&J) vaksininin vurulmasına fasilə bir neçə gün davam edəcək. Tənzimləyici orqanlar vaksinlə qan laxtalanması arasında mümkün əlaqəni öyrənir.

J&J ilə eyni texnologiyaya əsaslanan AstraZeneca vaksini də Avropada oxşar çətinliklərlə üzləşir. Danimarka aprelin 14-də bu vaksindən istifadəni qan laxtalanması ilə mümkün əlaqədən dolayı tamamilə dayandırıb.

Vaksinlərlə ortaya çıxan problemlər dünyada 3 milyona yaxın insanın həyatını bitirmiş pandemiyaya tezliklə son qoya biləcək kütləvi peyvəndləməyə ümidləri azaldıb.

Avropada yoluxmalar azalmır

Almaniya, Hindistan, Birləşmiş Ştatlar və Argentinada aşkarlanmış yoluxmalar yüksək həddədir. Səhiyyə rəsmiləri vaksinasiyanın virusun yayılmasını tezliklə səngidə bilməyəcəyindən narahatdırlar.

Avropanın bir çox ölkələrində virusla bağlı qadağalar qüvvədədir, bəziləri isə tədricən yumşalmaya gedir. Aprelin 19-dan İsveçrədə barlar və restoranlar yenidən açıla, Belçikada isə mayın 8-də terraslar açıla biləcək.

Macarıstanda əhalinin üçdə birinə – 3.5 milyona nəfərə peyvənd vurulandan sonra restoran terraslarının açılmasına icazə veriləcək. Baş nazir Viktor Orban bu hədəfə gələn həftənin ortasında nail olunacağını söyləyib.

Orban aprelin 14-də Facebook səhifəsində paylaşdığı videoda digər yumşalmaları da elan edib, macarıstanlıların “köhnə həyatımızın bir hissəsini geri qaytaracağını” vurğulayıb.

Ötən həftədən Macarıstanda mağazalar, xidmətlər tədricən açılmağa başlasa da, ölkənin Tibb Palatası bunu erkən adlandırıb.

Argentina, Hindistan

Argentinada artıq ikinci dalğa başlanıb, hökumət yeni lokdaun tədbirləri, məhdudiyyətlər elan edib.

Aprelin 16-dan axşam 8-dən səhər 6-dək Buenos- Ayres ərazisində komendant saatı tətbiq olunacaq. Argentina əhalisinin 37 faizə qədəri bu regionda yaşayır.

Aprelin 14-də Argentinada 27 mindən çox, pandemiya başlanandan ən yüksək yoluxma sayı aşkarlanıb. Bir gün öncə qeydə alınan 368 ölüm isə yanvardan bəri rekord idi.

Braziliyada son bir həftədə günə ortalama 3 min yoluxma aşkarlanır, şəhərlər, vilayətlər lokdaun tədbirlərini bərpa edir.

Yaponiyada yoluxmalarda artımdan dolayı Tokio Olimpiadasının gəzdirilməsi ictimai yollardan yığışdırılıb.

Oyunların başlanmasına 100 gün qalır. Beynəlxalq Olimpiya Komitəsinin Vitse-prezidenti Con Koats deyib ki, təxirə salma müzakirə olunmur.

Hindistanda bir dini festival zamanı Qanq çayında çiməndən sonra mindən çox adamda virus tapılıb.

Britaniyada isə pablar, restoran və barlar həftənin əvvəlində açılandan sonra içki satışı artıb. Lokdaun qadağaları səbəbindən bu obyektlər azı 3 ay qapalı qalıblar.

Açılımın ilk günü 2019-cu ilin eyni günü ilə müqayisədə içki satışının 113 faiz artdığı bildirilir.

XS
SM
MD
LG