Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:19

Baydeni Trampdan çox dəstəkləyirlər


Co Bayden
Co Bayden

Amerikalılar ümumilikdə Baydenin ətraf mühit və irqi bərabərsizliyə dair mövqeyini bəyənirlər, uyğun olaraq 54 və 51 faiz belə deyib

Amerikalıların yarıdan çoxu Co Baydenin prezidentliyinin ilk 100 günündəki fəaliyyətini dəstəkləyir. Onun respublikaçı sələfi Donald Tramp dörd illik prezidentliyi zamanı heç vaxt belə dəstək görmədi. Sorğunu Reuters/Ipsos keçirib.

“Reuters” qeyd edir ki, bu, demokratların infrastruktur xərclərini, Bayden siyasətinin digər böyük məsələlərini gerçəkləşdirməyə kömək edəcək.

4 min 423 nəfərin 55 faizi Baydenin işini dəstəklədiyini, 40 faizi əksini, qalanı əmin olmadığını söyləyib.

Bayden ən böyük qiyməti koronavirus pandemiyası ilə mübarizəsinə görə alıb – 65% onun işini bəyənir. Yanvarda 38% Trampın böhranı idarə etməsini bəyəndiyini deyirdi. Demokratların 90, müstəqillərin 61, respublikaçıların isə 39 faizi Baydenin pandemiyaya qarşı işini dəstəkləyib.

Amerikalıların 52 faizi deyib ki, Baydenin iqtisadiyyatı idarə etməsini bəyənirlər, 53% onun ölkədə iş yerlərinə təsirini alqışlayıb. Hər iki göstərici Trampın vəzifədə olduğu son ayda iş yerləri və iqtisadiyyatla bağlı rəqəmlərdən bir neçə faiz yüksəkdir.

İmmiqrasiya siyasəti

Baydenin immiqrasiya siyasəti kəskin tənqid olunub, onun administrasiyası ABŞ-Meksika sərhədinsə miqrant axını ilə mübarizə aparır. 42% prezidentin sərhəd siyasətini dəstəkləyir, 49% əksini düşünür.

Respondentlərin yarıdan çoxu Baydenin iki siyasi partiyanın əməkdaşlığı üçün gördüyü işi yüksək dəyərləndirib. 52 faiz onun cəhdlərini alqışlayır, onlardan 88%-i demokratlar, 23 faizi respublikaçılar, 48%-i müstəqillərdir.

Amerikalılar ümumilikdə Baydenin ətraf mühit və irqi bərabərsizliyə dair mövqeyini bəyənirlər, uyğun olaraq 54 və 51 faiz belə deyib.

Agentlik qeyd edir ki, Bayden nəzarətində olmayan bəzi məsələlərdən də faydalanır. Prezident kürsüsünə keçənədək pandemiyaya qarşı hazırlaşmağa bir neçə ay vaxtı olub. O, yanvarın 20-də and içənədək ölkədə bəzi vaksinlərin vurulmasına başlanmışdı. Digər tərəfdən, Bayden iqtisadiyyatının bir imtiyazı da 2020-ci ilin pandemiya resessiyası ilə müqayisə olunmasıdır. Ötən il bizneslər, məktəblər bağlananda milyonlarla iş yeri itirildi.

Ambisiyalı paketlər

Prinston Universitetinin siyasi tarixçisi Culian Zelizer deyir ki, istənilən halda Baydenə dəstək göstəriciləri 1.9 trilyon dollarlıq iqtisadi stimul paketi daxil olmaqla ambisiyalı siyasətini xalqın bəyəndiyini ortaya qoyur və digər təşəbbüsləri həyata keçirməsinə kömək edə bilər.

Baydenin hazırda təbliğ etdiyi 2 trilyon dollarlıq infrastruktur planına bir çox respublikaçılar qarşı çıxır, gözlənir ki, uşaqlara qayğı və amerikalı fəhlələr üçün digər proqramlara pul toplamaqdan ötrü zənginlərə vergini artırmağı təklif edəcək.

Zelizerin fikrincə, Baydenin populyarlığı ona partiyasını bir yerdə saxlamağa imkan verəcək, hətta bəzi respublikaçıların dirənişini də yumşalda bilər.

Respublikaçılar əsasən Baydenə qarşı çıxırlar, yalnız 20% onu dəstəklədiyini bildirib, bu rəqəmlər son bir ildə dəyişməyib.

Demokratların 90 faizi Baydeni bəyənsə də, 8 faiz bəyənmir. Respublikaçıların 51 faizi onu dəstəkləyir, 39 faiz əksini deyir.

“Reuters” yazır ki, prezidentlərin çoxunun populyarlığı azı qısa bir müddətə yüksəlir. Elə Tramp da dörd il öncə vəzifəyə gələndə ona dəstək artmışdı. Amma bir neçə həftəyə müsəlman ölkələrindən ziyarətçilərə səyahət qadağası qoyanda reytinqi azaldı.

XS
SM
MD
LG