Mayın 3-də Azərbaycan İqtisad Universitetinin qarşısında aksiya keçirməyə cəhd edərkən saxlanan "Tələbə Güc Mərkəzi" və "Tələbə Tələbi" təşkilatlarının üzvləri sərbəst buraxılıb.
Bu barədə AzadlıqRadiosuna fəallar özləri məlumat verib.
Onların sözlərinə görə, "Tələbə Güc Mərkəzi"-nin İdarə Heyətinin üzvü Əhməd Məmmədli saxlanarkən fiziki və mənəvi təzyiqə məruz qalıb:
"Bizi Bakı Şəhər Baş Polis İdarəsinə apardılar. Yolda Əhməd Məmmədli təzyiqə məruz qalıb. İdarədə bizə təzyiq olmayıb, izahat alıb sərbəst buraxdılar".
Fəallar əlavə edib ki, idarədə 3 saat saxlanıblar.
Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.
***
Mayın 3-də Tələbə Güc Mərkəzinin üzvləri və tərəfdarları Bakıda aksiya keçirməyə cəhd ediblər. Onlar Azərbaycan İqtisad Universitetinin qarşısına doğru irəliləmək istəyiblər. Etiraz edənlər əllərində "Tələbəyə ədalət" banneri tutaraq şüarlar səsləndiriblər.
Aksiya iştirakçılarının sözlərinə görə, Azərbaycan İqtisad Universitetində bəzi müəllimlər imtahanların keçirilməsi qaydasına etiraz edən tələbələri təhdid edirlər: "Tələbələrə imtahan sualları verilmir. Bu da, təbii ki, tələbələrə çətinlik yaradır. Bundan əlavə, biz tələb edirik ki, onlayn qaydada keçirilən dərslərdə qayıb limiti götürülsün". (Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda dərslər onlayn keçirilir)
Aksiya iştirakçıları hesab edirlər ki, Azərbaycan Dövlət İqtisad Universiteti semestr imtahanlarının keçirilməsi qaydalarında düzəliş etməli, tələbələrə tam şəkildə test suallarını və cavabları verməlidir. Tələblərə görə, habelə Dövlət İqtisad Universiteti etiraz etdiyi üçün töhmət verdiyi tələbələrin töhmətini silməli, təhdid etdiyi tələbələrdən üzr istəməlidir. "Tələbələrin imtahan nəticələrinin ədalətli qiymətləndirilməsi üçün apellyasiya komissiyaları şəffaf fəaliyyət göstərməlidir", - tələbələr tələb edirlər.
Hadisə yerinə cəlb olunmuş polis qüvvələri onların əlindən banneri alaraq özlərini saxlayıblar. Saxlananların arasında Rəvan Axundov, Əhməd Məmmədli, Fərid Cabbar, Tükəzban Qasımova və ictimai fəal Rüstəm İsmayılbəyli olub.
Daxili İşlər Nazirliyindən "Turan"a bildirilib ki, aksiya iştirakçıları hadisə yerindən uzaqlaşdırılıblar, məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Tələblərə Azərbaycan Dövlət İqtisad Universitetindən isə, hələlik, münasibət almaq mümkün olmayıb.