Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:47

Bayden Avropaya səfəri zamanı Putinlə görüşə biləcəyini deyib


ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin
ABŞ və Rusiya prezidentləri Co Bayden (solda) və Vladimir Putin

ABŞ prezidenti Co Bayden deyib ki, rusiyalı həmkarı Vladimir Putinlə sammit keçirmək barəsində verdiyi təklifin onun iyun ayında Avropaya səfəri əsnasında həyata keçə biləcəyinə ümid edir.

Bayden bunu mayın 4-də koronavirusla mübarizəyə həsr olunmuş çıxışından sonra jurnalistlərə bildirib.

O bildirib ki, “bu, mənim ümidim və gözləntimdir və biz bunun üzərində işləyirik”.

ABŞ prezidenti kimi ilk xarici səfərində Bayden iyunun 11-13-də Böyük yeddilərin (G7) Britaniyada keçiriləcək sammitinə qatılmalıdır.

Bunun ardınca ABŞ lideri iyunun 14-də NATO-nun sammitində və Avropa İttifaqı – ABŞ rəhbərlərinin görüşündə iştirak etmək üçün Brüsselə yollanacaq.

Bayden ötən aprel ayında Ukrayna ilə bağlı gərginliyi, SolarWinds şəbəkəsinə kiberhücumu və Rusiya müxalifətçisi Aleksey Navalnı ilə rəftarı müzakirə etmək üçün Vladimir Putinlə üçüncü bir ölkənin ərazisində görüşməyə hazır olduğunu demişdi.

Ay iyundur, tarixi də məlumdur...

Putinin xarici siyasət üzrə baş müşaviri Yuri Uşakov deyib ki, iki prezidentin bu üzbəüz görüşü üçün hazırlıq işləri görülür.

Uşakov “söhbətin iyun ayından getdiyini” və hətta “dəqiq tarixin məlum olduğunu” bildirib.

Rusiya ötən ay Birləşmiş Ştatların Moskvadakı səfirliyinin 10 diplomatını persona non grata elan etmişdi.

Bu, daha əvvəl Vaşinqtonun 10 Rusiya diplomatını ölkədən qovması və Moskva üzərinə yeni sanksiyaların elan edilməsinə cavab tədbiri idi.

Bayden Rusiyanın “düşmən siyasətlərinə” qarşı sərt mövqe tutacağını, lakin iki ölkə arasında qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın mümkün olduğunu demişdi.

Prezident nüvə silahının yayılmaması, iqlim dəyişikliyi, İran nüvə sazişi, Şimali Koreya və Əfqanıstanda sülh və sabitliyi belə sahələrə misal olaraq sadalamışdı.

Mayın 3-də Londona səfəri əsnasında ABŞ dövlət katibi Entoni Blinken demişdi ki, Vaşinqton Moskva ilə daha sabit və öncədən proqnozlaşdırılan münasibətlər istəyir.

Lakin o əlavə etmişdi ki, bu, Rusiyanın nə dərəcədə “məsuliyyətli davranacağından” asılı olacaq.

XS
SM
MD
LG