Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:22

Üç ildir uyğur şairdən xəbər ala bilmirlər


Abduqadir Calalidin
Abduqadir Calalidin

Sincan Uyğur Muxtar Rayonunda saxlanılmış tanınmış uyğur ziyalısı, professor Abduqadir Calalidinin vəziyyəti və harada olması hələ də bəlli deyil. Calalidinin saxlanmasının üstündən üç ildən çox vaxt keçib.

Azad Asiya Radiosunun (RFA) uyğur xidməti Sincan Pedaqoji Universitetinin uyğur dili professoru, tanınmış yazıçı və şair Abduqadir Calalidinin həbsi xəbərini 2018-ci il aprelin sonlarında alıb. Ancaq o vaxt o, artıq üç ay idi ki, əyalətin paytaxtı Urumçidə həbsdə saxlanırdı.

Məhdud informasiya

Calalidinin işləri və başqa dillərdən tərcümələri uyğur xalqı tərəfindən çox sevilir. Onun tərcümə etdiyi əsərlərdən biri də Corc Oruellin "Heyvanıstan" romanıdır. O, həm də çox sayda magistr və doktorantura tələbəsini tədqiqatçı kimi yetişdirib.

Calalidinin ABŞ-da yaşayan oğlu Babur və Yaponiyada yaşayan böyük qızı Bülbülnaz atalarının azadlığa buraxılması uğrunda kampaniyanı davam etdirirlər. Onlar atalarının həbsindən sonra onunla bağlı çox az məlumat əldə edə biliblər. Onun həbsinin səbəbləri və nə qədər həbsdə qalacağı da məlum deyil.

Baburun sözlərinə görə, atasının həbsindən bir gün əvvəl polis onların evlərində axtarış apararaq uyğur dilində olan materialları, habelə kompüter, tablet və telefonları müsadirə edib.

"Atam heç vaxt qanunu pozmayıb. Onun bütün işləri hökumət nəşriyyatları tərəfindən çap edilib. Çap olunmazdan əvvəl də hökumət redaktorları tərəfindən redaktə edilib", - Babur deyib.

Ziyalıların adları çəkilən film

RFA Calalidinin həbsdə saxlanmasının səbəbini öyrənə bilməyib. Ancaq Çinin dövlət media kanalı CGTN "Kölgədə müharibə: Sincanda terrorizmlə mübarizənin çətinlikləri" adlı sənədli video yayıb. Videoda Yalqun Rozi kimi uyğur ziyalılarının işlərindən də danışılır. Rozi hələ 2003-cü ildə uyğur ədəbiyyatı dərsliyinin hazırlanmasına rəhbərlik edib.

Filmdə qeyd olunmasa da, Calalidin də bu dərsliyin və uyğur orta məktəb şagirdləri üçün digər dil və ədəbiyyat dərsliklərinin hazırlanmasında iştirak edib.

Bölgə rəsmilərinin 2017-ci ilin əvvəlindən bəri 1.8 milyonadək uyğur və müsəlmanı konsentrasiya düşərgələri şəbəkələrində saxladığı bildirilir. Rəsmi Pekin ilk vaxtlar bu düşərgələrin mövcud olduğunu inkar etsə də, 2019-cu ildə tutduğu xətti dəyişərək onları "internat-məktəblər" kimi qələmə vermək qərarına gəlib. Hökumət uyğurların burada peşə təhsili aldıqlarını, radikallıqdan uzaqlaşdırıldıqlarını, ölkənin terrorizmdən qorunduğunu iddia edir.

Ancaq RFA və digər media qurumlarının verdiyi xəbərlər insanların bu düşərgələrdə öz iradələrinin ziddinə saxlandıqlarını göstərir. Onlar burada siyasi indoktrinasiyaya, davamlı qəddar və zorakı davranışa məruz qalır, antisanitariya və sıxlıq şəraitində saxlanılırlar. Keçmiş məhbuslar da işgəncəyə, zorlama, sterilizasiya və s. ilə üzləşdiklərini bildiriblər.

Siyasi məsələlərdən danışmağa ehtiyat edib

Baburun bacısı Bülbülnaz Yaponiyanın NHK xəbər kanalına müsahibə verib. Bundan əvvəlsə o, Yapon Uyğur Birliyi və "Human Rights Now" təşkilatının birgə tədbirində çıxışında atasına azadlıq tələb edib.

Bülbülnaz müsahibəsində deyib ki, atası siyasi məsələlərdən danışmağa ehtiyat edirmiş. Onun sözlərinə görə, atası nə dinlə, nə də siyasətlə maraqlanırmış. O, sadəcə, elmi işlə məşğul olmaq, öyrənmək və öyrətmək istəyirmiş.

"PEN America" təşkilatının 2020-ci il üçün "Freedom to Write" (Yazma azadlığı) hesabatına görə, Çin dünyada ən çox yazıçı, ziyalı və tədqiqatçının həbs olunduğu ölkələr arasındadır. Onların arasında azı 40 uyğur ziyalısı da var. Vaşinqtonda yerləşən Uyğur İnsan Haqları Layihəsi (UHRP) yüzlərlə uyğur aliminin itkin düşməsini sənədləşdirib.

"Newlines Institute for Strategy and Policy" analitik mərkəzinin ötən ay yaydığı hesabatda deyilir ki, Çin uyğur etnik azlığını "məhv etmək" niyyətini nümayiş etdirib və soyqırımı törətdiyi üçün rəsmi məsuliyyət daşıyır.

XS
SM
MD
LG