Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:27

Lukaşenkaya qarşı çıxdıqlarına görə məhkum olundular


Minskdə etirazçı (ağ-qırmızı rənglər müxalifətin simvolu sayılır)
Minskdə etirazçı (ağ-qırmızı rənglər müxalifətin simvolu sayılır)

Məhkəmənin qərarına görə, Zuboviçin Samsung mobil telefonu da müsadirə olunmalıdır, çünki “onunla cinayət törədilib”

Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanın istefası tələbiylə keçirilmiş yürüşlərdə saxlanmış bir neçə fəal məhkum edilib. Onlar ötən avqustda mübahisəli prezident seçkisindən sonrakı etirazlarda saxlanıblar.

Mayın 6-da Frunze rayon məhkəməsi 45 yaşlı Sergey Sikorskini kütləvi iğtişaşlarda iştirak, qanunsuz narkotik maddə saxlamaq və yaymaqda təqsirli bilinərək 9 il azadlıqdan məhkum edilib.

Seçkidə rəsmilər Lukaşenkanın qalib gəldiyini elan edəndən sonra ölkədə etirazlar başlandı. Müxalifət qüvvələri isə seçkinin saxtalaşdırıldığını, onların namizədi Svetlana Tixanovskayanın qalib gəldiyini deyirlər.

Açıq həbsxana sistemi

Sikorski avqustun 11-də nümayişçilər arasında olmuşdu. Polis aksiyanı dağıdanda nümayişlər onlara daş, digər əşyalar atmağa başlayıblar. Sikorski yürüşdə olduğunu boynuna alıb, ancaq “yanlış heç nə etmədiyini”, polisin hücumuna məruz qalmış adamlara kömək etməyə çalışdığını söyləyib. Onun narkotiklərlə bağlı ittihamlara cavab verib-vermədiyi bəlli deyil.

Müstəntiqlərin deməsinə görə, Sikorski sentyabrda evində saxlananda narkotik maddələrin təsiri altında olub, testlər də bədənində maddə izi aşkarlayıb.

Perşamay rayon məhkəməsi isə Yauhen Rapini açıq həbsxana sistemində üç il həbsə məhkum edib. O, Minskdə təcridxanada təhlükəsizlik kamerasını zədələməkdə təqsirli bilinib. Üç uşaq atası olan Rapin təqsirini boynuna alaraq cəzanın yumşaldılmasını istəyib.

Açıq həbsxana sistemi o deməkdir ki, məhkum daimi yaşayış yeri yaxınlığında yataqxanada qalır, ya öz iş yerində, ya da penitensiar xidmətin müəyyənləşdirdiyi yerdə işləyir.

Mobil telefon “cinayət aləti” kimi

Mayın 6-da Brest şəhərində yerli sakin Sergey Zuboviç 18 aylıq “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum edilib. Ona hazırda daxili işlər nazirinin müavini Mikalay Karpyankunu internetdə təhqir etdiyinə görə cəza kəsilib.

Zuboviç təqsirkar olduğunu deyib. Məhkəmənin qərarına görə, Zuboviçin Samsung mobil telefonu da müsadirə olunmalıdır, çünki “onunla cinayət törədilib”.

Belarusda onminlərlə insan küçələrə çıxaraq Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edib. O isə müxalifət liderləri ilə danışıqlardan imtina edib.

Minlərlə etirazçı saxlanıb, onlara bəzən amansızlıqla divan tutulub.

Bir neçə etirazçı öldürülüb, saxlananlara qarşı işgəncələrdən istifadə olunmasına dair dəlillər olduğu bildirilir.

Bütün bunlara cavab olaraq Qərb Belarus rəsmilərinə sanksiyalar tətbiq edib, Lukaşenkanı prezident kimi tanımayıb.

XS
SM
MD
LG