Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:13

İlham Əliyev Sergey Lavrovla bunları danışıb


S.Lavrov və İ.Əliyev
S.Lavrov və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev mayın 10-da Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, Prezident İlham Əliyev xatırladıb ki, iki həftə bundan əvvəl Moskvada geniş ikitərəfli gündəlik üzrə Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın iclası, habelə üç ölkənin (Azərbaycan, Rusiya və Ermənistan) baş nazirləri müavinlərinin üçtərəfli görüşü keçirilib:

“Mənim fikrimcə, həmin görüşdə birgə Bəyanatın mühüm bəndinin – nəqliyyat dəhlizlərinin açılması bəndinin reallaşması üzrə önəmli addımlar atılıb. Biz öz tərəfimizdən dəmir yolu infrastrukturunun və avtomobil yolları infrastrukturunun bərpası üzrə fəal iş aparırıq. Konkret müddətlər nəzərdə tutmuşuq və bu layihənin ən yaxın vaxtlarda reallaşması üçün həmin müddətlərə riayət etməyə çalışacağıq”.

Prezident deyib ki, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan müharibənin yekunlarına əsasən onda olan bütün hərbi əsirləri verib:

“Hərbi əməliyyatlar başa çatandan sonra bu 6 ay ərzində biz sülhməramlılarla və erməni tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad edilmiş ərazilərdə həlak olmuş 1600-ə yaxın erməni hərbi qulluqçunun cəsədlərini erməni tərəfə təhvil vermişik. Müqayisə üçün deyim ki, Birinci Qarabağ müharibəsindən sonra bütün işğal illəri ərzində erməni tərəfi itkin düşmüş azərbaycanlı hərbi qulluqçulardan heç birinin cəsədini bizə verməyib, bizdə belə hərbi qulluqçuların sayı isə 4 minə yaxın olub.”

Əliyev daha sonra deyib:

“Bildiyiniz kimi, biz hadisələrin gələcək inkişafının humanitar aspektini nəzərə alaraq Ermənistan Respublikasının işğaldan azad edilmiş ərazilərdə avtomobil yolu boyunca yerləşən yaşayış məntəqələri arasında maneəsiz kommunikasiyanı təmin edirik, bugün həmin avtomobil yolunun 20 kilometrdən çox hissəsi erməni vətəndaşların istifadəsindədir və bu məsələdə heç bir maneə və ya çətinlik yoxdur. “

O əlavə edib ki, bu da Azərbaycan tərəfinin xoş məramının təzahürüdür.

“Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib”

“Bildiyiniz kimi, Rusiya tərəfinin təklifinə və Azərbaycanın razılığına əsasən uzun müddət, mənim fikrimcə, bir ay ərzində Rusiya ərazisində təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistana qaz Azərbaycan ərazisindən nəql edilib. Bu da münaqişədən sonrakı vəziyyətin normallaşmasına yönəlmiş xoş məram jesti idi.”

Prezidentin qeyd etməsinə görə, belə nümunələr çoxdur:

“Bunları sadalamaqla vaxtınızı çox almaq istəmirəm. Sadəcə, demək istərdim ki, biz öz tərəfimizdən həm sözdə, həm də əməli işdə hər şeyi edirik ki, münaqişədən sonrakı vəziyyət sakit şəraitdə, əsəbilik doğurmadan və Cənubi Qafqaz regionunda gələcək münasibətləri sabitlik və müəyyənlik əsasında qurmağın zəruri olması nəzərə alınmaqla cərəyan etsin.”

“...Əlbəttə, hələ çox iş görülməlidir”

İlham Əliyevin daha sonra vurğulamasına görə, Ermənistanda baş verən proseslər, o cümlədən Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinin bir hissəsinin yenidən işğal etməyin mümkünlüyü barədə müxtəlif siyasi qüvvələrin bəyanatları çox təhlükəlidir:

“İlk növbədə, Ermənistan üçün təhlükəlidir. Ona görə ki, bu nifrət və azərbaycanofobiya siyasətinin nəyə gətirib çıxarmasını İkinci Qarabağ müharibəsi əyani şəkildə nümayiş etdirdi. Buna görə biz Rusiya ilə - bizim strateji tərəfdaşımızla bundan sonra da qarşılıqlı əlaqəli şəkildə regionda vəziyyətin normallaşdırılması üçün fəal iş aparmağa ümid edirik. Hərbi baxımdan biz vəziyyəti artıq normallaşmış hesab edə bilərik, lakin siyasi, iqtisadi, nəqliyyat və gələcək qarşılıqlı fəaliyyətin başqa aspektləri baxımından, əlbəttə, hələ çox iş görülməlidir.”

“Əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, onlar bu ay Azərbaycan hökuməti başçısının Rusiya Federasiyasına səfərini gözləyirlər:

“Tez bir zamanda ortaq dil tapan və mənim zənnimcə, koronavirus infeksiyası dövründə bir qədər aşağı düşən əmtəə dövriyyəsinin bərpa olunması üçün gələcək addımları çox səmərəli razılaşdıran baş nazirlər müavinlərinin rəhbərliyi ilə dövlətlərarası komissiya fəaliyyət göstərir. Lakin əmtəə dövriyyəsinin praktiki 3 milyard dollar olması sanballı nəticədir.”

Sergey Lavrov deyib ki, bizim hədəfimiz, həmçinin humanitar, təhsil, mədəni layihələri inkişaf etdirməkdir. O qeyd edib ki, bugünlərdə Azərbaycana koronavirusa qarşı “Sputnik V” vaksininin birinci partiyası gətirilib:

“Bu ay daha böyük partiyalar gözlənilir.”

O daha sonra deyib ki, İlham Əliyevin sülhməramlıların rolunu yüksək qiymətləndirdiyinə görə minnətdardır:

“Sizin vurğuladığınız kimi, biz hər şeyi edəcəyik ki, hamı münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürsün. İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər.”

O deyib ki, Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasına səmimi-qəlbdən maraq göstərir:

“Hesab edirik ki, vaxtilə uzadılmış münaqişədən çıxmağın iqtisadi aspektləri üzərində diqqətin cəmləşdirilməsi üçün birgə işlər bundan ötrü optimal çərçivələr yaradır. Əlbəttə ki, bu sözlər müharibənin humanitar nəticələrinin aradan qaldırılması ilə bağlı məsələlərə də aiddir. Siz hərbi əsirləri, tarixi irs ilə, dini irs ilə bağlı hər hansı sui-istifadə hallarına yol verilməməsini xatırlatdınız. Biz bütün bu məsələlərin maksimum konstruktiv şəkildə həllinə kömək etməyi çox istəyirik…”

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar.

Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

***

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov bugün, mayın 10-da Azərbaycana gəlib.

Artıq, onun başçılıq etdiyi nümayəndə heyətini Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Səfərin sonuncu günü - mayın 11-də isə Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında görüş olacaq.

Rusiya xarici işlər naziri bundan əvvəl, 5-6 may tarixlərində Yerevana səfəri çərçivəsində Ermənistandan olan həmkarı Ara Ayvazyan və Baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla görüşmüşdü.

XS
SM
MD
LG