Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:12

İranla nüvə təftişi sazişi bir ay uzadıldı


İranın Natanz uran zənginləşdirmə zavodu
İranın Natanz uran zənginləşdirmə zavodu

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi mayın 24-də Vyanada mətbuat konfransında deyib ki, monitorinq iyunun 24-dək uzadılıb

İran və BMT-nin nüvə agentliyi Tehranın nüvə fəaliyyətinin təftişini nəzərdə tutan razılaşmanı bir ay uzatmağa razılaşıblar. Bu, ölkənin dünya gücləri ilə nüvə sazişinin xilasına yönəlik diplomatik cəhdlərə əlavə vaxt verilməsi deməkdir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi mayın 24-də Vyanada mətbuat konfransında deyib ki, monitorinq iyunun 24-dək uzadılıb.

Monitorinqə icazə verilib, amma...

İranın qurumdakı təmsilçisi Kazım Qaribabadi razılaşma haqda informasiyanı Twitter-də təsdiqləyib.

BAEA-nın fevralın 21-də İranla əldə etdiyi üç aylıq razılaşmaya görə, agentliyə İranın nüvə obyektlərində quraşdırılmış kameralardan görüntüləri yığaraq təhlil etməyə icazə verilib.

Vyanada yerləşən agentlik bu təsvirlər vasitəsilə Tehranın 2015-ci il nüvə sazişinə necə əməl etməsinin monitorinqini aparır.

İran mayın 23-də razılaşmanın müddətinin bitdiyini açıqlayıb.

Qaribabadinin sözlərinə görə, yeni razılaşmada BAEA-nın İranın bəzi nüvə obyektlərindəki təsvirlərə çıxışı dayandırılacaq.

“Son üç ayın datası İrana məxsusdur və BAEA-ya verilməyəcək. Növbəti ayın datası yalnız İranda qalacaq”, – dövlət mediası ona istinadla yazır.

Vəziyyət “ideal deyil”

Qrossi deyib ki, Tehran indiyədək agentliyin avadanlığı ilə İranda yığılmış informasiyanı pozmamağa razılaşıb. Onun sözlərinə görə, bu “uzun müzakirə”nin nəticəsi “vacibdir”, ancaq vəziyyət “ideal deyil”.

2015-ci il nüvə sazişinin yenilənməsindən ötrü İranla Birləşmiş Ştatlar Vyanda birbaşa olmayan danışıqlar aparır.

Üç il öncə ABŞ Prezidenti Donald Tramp sazişdən çıxaraq Tehrana sanksiyalar tətbiq edib.

Tehran isə buna cavab olaraq saziş çərçivəsindəki öhdəliklərini pozmağa başlayıb. Qərb İranın nüvə proqramının məqsədinin atom bombası hazırlamaq olduğunu desə də, Tehran bu iddianı rədd edir.

Bu həftə diplomatların danışıqları bərpa edəcəyi gözlənir.

XS
SM
MD
LG