Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 03:06

Bayden Belarusun ‘azğın’ hərəkətini pisləyir


Co Bayden, arxiv fotosu
Co Bayden, arxiv fotosu

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mayın 24-də Tixanovskayaya zəng edərək ölkəsinin demokratik müxalifətə dəstəyini bildirib

ABŞ Prezidenti Co Bayden Belarusun kommersiya təyyarəsini Minskdə zorla endirməsini və müxalifət jurnalistini həbs etməsini pisləyib, bunu “azğın insident” adlandırıb, avropalı müttəfiqlərinin koordinasiyalı reaksiyası ilə üzləşəcəyini deyib.

Bu bəyanatdan bir neçə saat öncə isə AB liderləri Belarusa yeni iqtisadi sanksiyaları razılaşdırıblar, blokun hava şirkətlərini bu ölkənin hava məkanından yayınmağa çağırıblar. Eyni zamanda Belarus şirkətlərinin AB-nin hava məkanı və aeroportlarından istifadəsi yasaqlanacaq.

Mayın 23-də Yunanıstandan Litvaya uçan “Ryanair” təyyarəsi zorla Minskə endirilib. Təyyarədə olan belaruslu jurnalist və müxalifət fəalı Roman Prataseviç və sevgilisi saxlanıblar. AB-nin bızi liderləri insidenti “dövlət səviyyəsində təyyarə qaçırma” adlandırıblar.

“Müvafiq variantlar hazırlasınlar”

Bayden bəyanatında bu insidentin beynəlxalq normalarla birbaşa ziddiyyət təşkil etdiyini deyib.

“Avropa Birliyinin hədəfli iqtisadi sanksiyalara və digər tədbirlərə çağırması xəbərini alqışlayıram. Komandamdan xahiş etmişəm ki, Avropa Birliyi, digər müttəfiqlər və tərəfdaşlar, beynəlxalq təşkilatlarla birlikdə işləyərək günahkarların məsuliyyətə cəlb olunmasından ötrü müvafiq variantlar hazırlasınlar”, – Bayden deyib.

Mayın 24-də Prataseviç dövlət televiziyasında yayılmış videoda ona qarşı ittihamları “boynuna alıb”. Fəal iğtişaşların təşkilində ittiham olunur və bu ittihamla 15 ilədək həbsə məhkum edilə bilər.

Belarus müxalifəti və Prataseviçin müttəfiqləri bu etirafın təzyiq altında verildiyini deyirlər.

“Bu azğın insident və Prataseviçin təzyiq altında verdiyi görünən video həm siyasi narazılar, həm də mətbuat azadlığına biabırçı hücumlardır. Birləşmiş Ştatlar digər ölkələrə qoşularaq həm onu, həm də ədalətsiz yerə saxlanmış yüzlərlə siyasi məhbusu azad etməyə çağırır”, – Bayden deyib.

Sallivan Tixanovskayaya zəng edib

Ötən avqustdakı prezident seçkisinin mübahisəli nəticələrinə etiraz edənlərə amansızlıqla divan tutulub. Buna cavab olaraq AB, Birləşmiş Ştatlar və digər qərb ölkələri Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkaya sanksiyalar tətbiq ediblər.

Belarus müxalifəti və Qərb seçkinin saxtalaşdırıldığını deyir, nəticələri qəbul etmirlər.

Müxalifət seçkini hazırda təhlükəsizlik səbəblərindən Litvada yaşayan Svetlana Tixanovskayanın udduğunu bildirir.

ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan mayın 24-də Tixanovskayaya zəng edərək ölkəsinin demokratik müxalifətə dəstəyini bildirib. O, Belarusda saxlanmış yüzlərlə siyasi məhbusu azadlığa buraxmağa çağırıb.

Ağ evin yaydığı bəyanatda deyilir ki, Birləşmiş Ştatlar “Ryanair” insidentinə, eləcə də ölkədə insan haqları pozuntularına görə Lukaşenka rejimindən hesabat istəyəcək, siyasi böhranın həllindən ötrü azad və ədalətli seçki tələblərini səsləndirməkdə davam edəcək..

XS
SM
MD
LG