Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:20

İlham Əliyev: ‘Dövlət sərhədində möhkəmlənəcəyik’


Mayın 28-də Azərbaycan prezidenti İlham Əliyevə Ağdam şəhərinin baş planı təqdim olunub. Ağdam rayonunda səfərdə olan dövlət başçısı çıxış edib.

"Əminəm ki, bütün nəzərdə tutulmuş planlar Baş Plan əsasında icra ediləcək və Ağdam şəhəri yenidən qurulacaq” – deyə prezident vurğulayıb.

Prezident qeyd edib ki, təkcə bura deyil, azad edilmiş bütün torpaqlarda mənzərə eynidir:

"Mən maşınla yüz kilometrlərlə torpaqları gəzərkən gördüm ki, sağda-solda hər şey dağıdılıb, talan edilib."

"Heç kim bizə təzyiq edə bilməz..."

Prezidentin əlavə etməsinə görə, Ermənistan tərəfi öz təxribatçı əməllərindən əl çəkmir. O, qeyd edib ki, Ermənistan ordusu tərəfindən törədilmiş təxribat cavabsız qalmamalı idi və qalmadı:

"Biz isə öz sərhədlərimizi bundan sonra möhkəmləndirəcəyik, dövlət sərhədində möhkəmlənəcəyik. Heç kim bizə təzyiq edə bilməz, heç kim bizə təsir edə bilməz. İndi bəzi ermənipərəst ölkələr, dairələr hansısa açıqlamalar verirlər. Versinlər, onların öz işidir. Avropa Parlamenti növbəti dəfə saxta faktlar əsasında qətnamə qəbul edib. Mən heç ona fikir vermirəm. Sizə də məsləhət görmürəm, Azərbaycan xalqına da məsləhət görmürəm. Bunlar hamısı əhəmiyyətsiz şeylərdir. Əhəmiyyətli məsələ odur ki, bax, biz bugün buradayıq, burada oturmuşuq, burada durmuşuq və əbədi burada yaşayacağıq. "

Prezident daha sonra deyib ki, indi Şuşa şəhərinin də Baş Planı hazırlanır və artıq bir müddətdən sonra təsdiqlənəcək:

"Füzuli şəhərinin, Cəbrayıl şəhərinin, digər şəhərlərin baş planları üzrə iş gedir. Amma birinci Baş Plan, bax, burada təsdiqlənəcəkdir. Artıq bir neçə tədbir keçirildi. "

"Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq"

O, daha sonra görüləcək işlərdən danışıb:

"Şəhərin içində böyük bir meşə zolağı olacaq - 125 hektarlıq. Süni göl yaradılacaq, kanallar, körpülər. Şəhərin müasir standartlara, müasir tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Bütün Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq. Yəni, bu gün bu görüşdən sonra birlikdə bizə bu təqdimat göstəriləcəkdir…"

Son həftələrdə baş verənlər…

Bu il mayın 12-də Ermənistan rəsmi qurumları bildiriblər ki, Azərbaycan silahlı qüvvələri onların sərhədlərini pozaraq bir neçə kilometr Ermənistan ərazisinin içərilərinə irəlləyib.

Azərbaycan isə bunu təkzib edib. Tərəflər bir-birlərini atəşkəsi pozmaqda da ittiham edib.

Azərbaycanın hansı bölgəsi inkişaf baxımından örnək sayıla bilər?
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00

Ermənistan tərəfi iki hərbi quluqçusunun həlak olduğunu açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə bəyan edib ki, qarşı tərəfə atəş açmayıb.

Azərbaycan Müdafiə Nazirliyi daha sonra bildirib ki, Ermənistan mayın 27-də səhər saatlarında dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində təxribata əl atıb.

Nazirliyin məlumatına görə, onlar Azərbaycan ordusunun sərhəddə yerləşən mövqelərinə aparan təchizat yolunu minalayarkən qarşı tərəfin altı hərbi qulluqçusu mühasirəyə alınaraq əsir götürülüb.

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan isə hərbçilərin Ermənistan ərazisindən oğurlandığını iddia edir.

Bu gün, mayın 28-də də Azərbaycan Naxçıvan istiqamətində bir hərbi qulluqçunun yaralandığını da açıqlayıb.

Paşinyanın sərhədlə bağlı təklifini Azərbaycan və ABŞ-da ekspertləri dəyərləndirir
Gözlə

No media source currently available

0:00 0:04:44 0:00

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Ağdam rayon mərkəzi və bəzi kəndləri daxil. Rayonun bəzi kəndləri işğal edilməmişdi) nəzarəti ələ alıb.

Onda həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG