Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:45

Pandemiya 100 milyondan çox işçini yoxsulluğa sürükləyib


Çili, arxiv fotosu
Çili, arxiv fotosu

COVID-19 pandemiyası dünyada 100 milyondan çox işçini yoxsulluğa sürükləyib. BMT iyunun 2-də bu haqda hesabat açıqlayıb.

“İşçi yoxsulluğunun aradan qaldırılması yönündə beş illik proqres geri atılıb”, – BMT-nin Beynəlxalq Əmək Təşkilatı bildirir. 2019-cu illə müqayisədə hazırda daha 108 milyon işçi kasıb, yaxud həddən artıq kasıb hesab olunub.

Pandemiyadan öncə durumu yaxşı olmayan işçilərin – qadınların, gənclərin, miqrantların, qeyri-rəsmi işçilərin böhrandan qeyri-mütənasib şəkildə ziyan çəkdiyi bildirilir.

100 milyon iş yeri çatışmayacaq

O da qeyd olunur ki, ən tezi 2023-cü ilədək pandemiyanın əmək bazarına təsirini aradan qaldırmaq gözlənilmir, dünyada 100 milyon tamştatlı iş yeri çatışmayacaq.

COVID-19 “təkcə ictimai səhiyyə böhranı deyil, işsizlik və insan böhranı olub”, – təşkilatın sədri Qay Rayder jurnalistlərə deyib.

Gələn il qlobal işsizlik 205 milyona çatacaq ki, bu da 2019-cu ildəki 187 milyondan xeyli çoxdur. Eyni zamanda iş yerlərini saxlamış işçilərdən çoxunun iş saatları ciddi şəkildə ixtisar edilib.

2019-cu illə müqayisədə 2020-ci ildə qlobal iş saatlarının 8.8 faizinin itirildiyi bildirilir, bu isə 255 milyon tamştatlı iş yeri deməkdir.

Bu ilin ikinci yarısında dünyanın işsizlikdən daha çox özünə gələcəyi, amma vaksinlərə çıxış qeyri-bərabər olduğundan dirçəlişin də rəvan olmayacağı bildirilir. Hesabata görə, hazırda dünya üzrə peyvəndlərin 75 faizindən çoxu cəmi 10 ölkədə vurulub.

Adambaşına 3.2 dollar

Hətta işi olanların belə iş saatlarının ixtisarı gəlirdə kəskin azalma, yoxsulluğun güclənməsi ilə nəticələnib.

2019-cu illə müqayisədə hazırda dünyada əlavə 108 milyon işçinin kasıb, yaxud həddən artıq kasıb olduğu bildirilir. Yəni bu şəxslər və ailələrinin gündəlik gəlirləri adambaşına 3.2 dollardan azdır.

“Yoxsulluq rəqəmləri tamamilə dramatikdir”, – Rayder deyib.

Böhranın daha çox qadınlara təsir göstərdiyi, onların kişilərə nisbətən əmək bazarından daha çox kənarlaşdığı, eyni zamanda məktəbə getməyən uşaqlarının qayğısına qalmaq, digər tapşırıqlar kimi əlavə yükün altında girdiyi qeyd olunur.

Böhran bir çox gənclərə həyatlarının kritik məqamında təsir göstərib, onların məktəb, yaxud universitetdən işə keçid prosesi pozulub, hesabatda vurğulanır.

XS
SM
MD
LG