Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:39

2010-cu illərin 10 ən yaxşı fransız filmi


"Amour" (Sevgi) filmindən kadr
"Amour" (Sevgi) filmindən kadr

Fransa kinonun vətəni sayılır. Fransız kinosu isə kino yaranandan bəri hər zaman dünyanın fokusunda olub. Fransa həm də elit kino festivallarına ev sahibliyi etməsi ilə tanınır. "Taste of Cinema" bloqu 2010-cu illərdə çəkilmiş 10 ən yaddaqalan fransız filminin siyahısını dərc edib.

"The Intouchables" (Toxunulmazlar) (2011) – Rejissorlar: Olivye Nakaş və Erik Toledano

Onilliyi dostluq və yeni imkanlar haqda xoş bir hekayə ilə açan bu filmdə Omar Si və Fransua Klüze çox maraqlı bir cütlüyü oynayır. Sinin qəhrəmanı bütün ətrafları iflic olan milyonçuya qulluq etmək üçün işə götürülür. Ancaq onun bu iş üçün gərəkən bacarıqları yoxdur. Rejissorlar bu filmdə insan ruhunun istilik və işığını auditoriyaya çatdırmağa nail olublar. Bu film həm də müasir fransız kinosunun dünyada maraqla qarşılanmasının bariz nümunəsidir. Gözəl saundtrek, aktyor ifaları və hekayənin özü bu filmi tamaşaçıya sevdirib.

"Two Days, One Night" (İki gün, bir gecə) (2014) – Rejissorlar: Lük Darden və Jan-Pyer Darden

Belçika kinematoqrafçıları həmişə Fransa kinosu ilə sıx bağlı olublar. Bu filmdə baş rolu tanınmış fransız aktrisası Marion Kotiyar ifa edir. Onun kiçik bir şirkətdə işləyən qəhrəmanı həftəsonu ərzində iş yoldaşlarını bonusdan imtina edərək onu ixtisar olunmaqdan qurtarmağa inandırmalıdır. Kotiyar həyəcan, zəiflik və təəssüf hissi ilə dolu olan bu rolu çox gözəl ifa edir. Ərinin (Fabritsio Roncone) dəstəyi ilə o, demək olar, bütün iş yoldaşlarının evinə gedib qapılarını döyür, düşdüyü vəziyyəti başa salmağa çalışır və, çətin də olsa, hər birindən bonusdan imtina etməsini istəyir. Müdiriyyətin təklif etdiyi bonus isə zəngin olmayan bu insanlar üçün yetərincə böyük məbləğdir və onların hər biri bu pulla bağlı planlar qurub. Üstəlik, müdiriyyət çirkli oyun oynayaraq elə vəziyyət yaradıb ki, çoxluğun bonusdan imtina bahasına çətin vəziyyətdə olan iş yoldaşına kömək etməsi ehtimalı yox dərəcəsindədir. Kotiyar bu filmin onurğa sütunudur. Filmdə tamaşaçı qadının sağlamlıq problemləri ilə əlləşdiyi vaxtda həm də öz qazancı uğrunda çarpışmasını görür.

"My Golden Days" (Mənim qızıl günlərim) (2015) – Rejissor Arno Depleşen

Filmin əhvalı və temperamenti qəhrəmanların əhvalına görə dəyişir. Ancaq filmin tamaşaçıları maraqlandırması bir dəqiqə belə dayanmır. Depleşenin ilham pərisi Matyo Amalrik bu filmdə Pol Dedalyu rolunu ifa edir. O özünün yeniyetməlik illəri və xüsusən də böyük sevgisi Ester haqqında düşünür. Depleşen keçmişin xiffəti, indiki tale ilə barışıq, gələcək barədə maraqla dolu bir film yarada bilib.

"My King" (Mənim kralım) (2015) – Rejissor: Mayvenn

Film Emmanüel Berko və Vensan Kasselin qəhrəmanları arasındakı sevginin sınağa çəkilməsi haqdadır. Filmin hekayəsi, yəni Mari ilə Corcionun hekayəsi Berkonun canlandırdığı Marinin baxış bucağından nəql edilir. Mari reabilitasiya klinikasındadır.

Siyahıda daha sonra Jak Odiarın "Rust and Bone" (Pas və sümük) (2012), Roben Kampiyonun "120 battements par minute" (Dəqiqədə 120 atış) (2017), Mia Hansen Lüvenin "Things to Come" (Gələcək) (2016), Leos Karaksın "Holy Motors" ("Müqəddəs mühərriklər" korporasiyası) (2012), Abdelatif Keşişin "Blue is the Warmest Color" (Adelin həyatı) (2013) filmlərinin adları çəkilir.

"Amour" (Sevgi) (2012) – Mixael Haneke

Avstriyalı rejissor Mixael Haneke fransız kinosuna yad deyil. Bu film bir növ onun fransız kinosuna sonuncu sevgi etirafıdır. Filmdə Fransanın iki ekran əfsanəsi Jan-Lui Trentinyan və Emmanüel Rivanın qəhrəmanlarının çoxillik sevgisi qəfil ağır xəstəliyin sınağı ilə üzləşir. Film təmiz Haneke üslubunda çəkilib. Yəni, tamaşaçı minimalist yanaşma ilə böyük dərinlik və uzun səhnələrin vəhdətini görür.

XS
SM
MD
LG