Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:01

Orduya dəstək yürüşünə görə cəbhəçilərə cəza istənildi


AXCP üzvləri
AXCP üzvləri

2020-ci il iyulunda Bakıda keçirilən Orduya dəstək yürüşündə baş verənlərə görə həbs olunub bir neçə ay sonra ev dustaqlığına buraxılan 36 nəfərdən 12-nin işi üzrə məhkəmə istintaqı yekunlaşıb. İyunun 9-da dövlət ittihamçısı onlara, o cümlədən AXCP Rəyasət Heyətinin dörd üzvünə – Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Bəxtiyar İmanov Ayaz Məhərrəmliyə cəza istəyib.

Şərti cəza

Prokuror çıxışında deyib ki, təqsirləndirilən şəxslərə CM-in 127 (qəsdən sağlamlığa az ağır zərər vurma), 186 (özgə əmlakını zədələmə və ya məhvetmə), 233 (ictimai asayişin pozulması) və 315-ci (hakimiyyət nümayəndəsinə (polisə) qarşı zor tətbiq etmə) maddələri ilə verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Söhbət yürüş zamanı bir qrup şəxsin Milli Məclisə daxil olması, parlamentin yaxınlığındakı küçədə polis maşınını aşırması və başqa əməllərin törədilməsindən gedir.

Amma dövlət ittihamçısı təqsirləndirilən şəxslərin cəzanı həbsdə olmadan çəkmələrini məqsədəuyğun hesab edib. Ona görə də CM-nin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiqini təklif edib. Prokuror AXCP funksionerlərindən Qəhrəmanlı və İbrahimə 4 il 6 ay, İmanov və Məhərrəmliyə 4 il, digər təqsirləndirilən şəxslərə isə 3 il 6 ay şərti cəza verilməsini istəyib.

Bəraət hökmü istəyiblər

Vəkillər, ardınca son sözünü deyən təqsirləndirilən şəxslər ittihamların sübuta yetirilməsi haqda prokurorun dediklərinə etiraz ediblər. Onlar bəraət hökmü istəyiblər.

Qəhrəmanlı son sözündə bildirib ki, prokurorun çıxışı ittiham aktında yazılanların təkrarı idi: "Bu da onu göstərir ki, məhkəmə formal keçirilirdi. Prokuror çıxışında videogörüntülərə istinad etdi, zorakılıq olduğunu bildirdi. Məhkəmədə nümayiş etdirilən görüntülərin heç birində isə zorakılıq yox idi. Ümumiyyətlə, bu ittiham heç bir hüquqa, heç bir arqumentə söykənmir. Bu ittiham hüququn hörmətdən salınmasıdır. Bu cür iddialarla insanların məhkum edilməsi hüquqa təcavüzdür".

Təqsirləndirilən şəxslərin son sözündən sonra Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov hökm çıxarmaq üçün müşavirəyə gedib.

Xatırlatma

2020-ci il Ermənistanla Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub. Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü – Məmməd İbrahim və Fuad Qəhrəmanlıya isə əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına Cinayət Məcəlləsinin 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Bu iş üzrə 2020-ci ilin iyulunda həbs olunan 36 nəfər noyabr-dekabr aylarında ev dustaqlığına buraxılıb. Onlardan bir çoxu, o cümlədən AXCP üzvləri ittihamları qəbul etmirlər.

XS
SM
MD
LG