Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:00

Saxavud – Rusiyanın Hollivudu


Dmitri Davıdov
Dmitri Davıdov

Yakutiya regionu çiçəklənməkdə və nüfuzlu beynəlxalq mükafatlar almaqda olan Rusiya kino industriyasının maraqlı çəkiliş məkanlarından birinə çevrilib.

Yakutiyanın Amqa kəndində çəkilmiş son iş "Qanunsuz" filmidir. Əslən Amqa kəndindən olan 36-yaşlı rejissor Dmitri Davıdovun çəkdiyi film orta asiyalı miqrant haqqındadır. Davıdov "Saxavud" adlandırılan maraqlı prosesin yüksəlməkdə olan ulduzudur. Saxanı artıq Rusiyanın Hollivudu kimi görməyə başlayanlar var.

Dünyanın ən soyuq yerlərindən olan Yakutiyada filmlərin büdcəsi də çox kiçik olur. Davıdovun 2020-ci ildə çəkdiyi "Müqəvva" filmi Rusiyanın "Kinotavr" kinofestivalının əsas mükafatına layiq görülüb. Bu filmin ümumi büdcəsi cəmi 1.5 milyon rubl (20 min dollar) olub. Hərçənd, "Qanunsuz" filminin büdcəsi bir moskvalı prodüser sayəsində bundan altı dəfə artıq olub.

Davıdovun çəkiliş qrupu Lena çayını keçərək Nijni Bestyax limanına gəlir
Davıdovun çəkiliş qrupu Lena çayını keçərək Nijni Bestyax limanına gəlir

Baş rolun ifaçısına 4 min dollarlıq qonorar

Davıdovun filmlərinə çəkdiyi aktyorlar həvəskarlar, bəzən hətta uşaqlıqdan tanıdığı yerli sakinlərdir. O, baş rolun ifaçısına nadir hallarda 4 min 160 dollardan artıq pul təklif edə bildiyini deyir. "Qanunsuz" filmində əsas rollardan birini regionun digər tanınmış yerli rejissoru Stepan Burnaşevin atası ifa edib.

"Bizim insanlarımız pul üçün yox, xüsusi bir şey yaratmaq istədikləri üçün gəlirlər", – 10 il əvvəl yerli aktyora aşiq olub Yakutiyaya köçmüş və kino sahəsində çalışan moskvalı direktor köməkçisi Anastasiya Pitel deyir.

Moskva və Peterburqdan kənarda çəkilmiş bütün rus filmlərinin yarıdan çoxu Yakutiyada istehsal olunur. Qeyd edək ki, ərazisinə görə Fransadan beş dəfə böyük olan Yakutiyanın əhalisi cəmi 1 milyondur. Son illərdə Finlandiyadan tutmuş, Cənubi Koreyaya qədər müxtəlif ölkələrdə keçirilən kinofestivallar yakut kinosuna xüsusi yer ayırır.

Almaz və neftlə zəngin Saxa Respublikasının gözəl dağ mənzərələri var. "Olonxo" adlı yerli ənənəvi hekayələrsə bu gün çəkilən filmlərin ilham mənbəyidir.

Davıdovun "Qanunsuz" filminin çəkilişləri
Davıdovun "Qanunsuz" filminin çəkilişləri

Ənənələr geri qaytarılır

"70 illik sovet idarəçiliyi ərzində mədəniyyətimiz məhv edilib. Ənənəvi inancımız olan şamanizm və digər ənənələr yasaqlanıb. Ancaq indi onları geri gətiririk", – 1992-ci ildə Yakutsk şəhərində "Saxafilm" studiyasının əsasını qoymuş yakut rejissoru Aleksey Romanov deyir.

Bir çox yerli rejissorlar kinonu Rusiyadan kənarda az adamın bildiyi etnik kimliyin tanıdılması üçün alət kimi görürlər. Dünya Sibiri, sadəcə, həddindən artıq soyuq və ucsuz-bucaqsız bir yer kimi tanıyır. Saxavud filmlərində dialoqlar yalnız türk dil qrupuna aid yakut dilindədir.

"Buralar sosial və coğrafi mənada heç vaxt Rusiyanın əsas hissəsi ilə birləşməyib, öz unikal ənənələrini qoruyub saxlaya bilən bir ucqar kimi qalıb", – yakut kinosunun ən tanınmış tənqidçisi və fanatı Anton Dolin deyir. Onun sözlərinə görə, əksər Rusiya filmləri, sadəcə, Hollivud məhsullarının imitasiyasıdır. Yakut filmlərinin yaradıcıları isə janrlarla eksperiment aparmaqdan çəkinmirlər. Rus filmləri çox vaxt qoyulan xərci belə çıxara bilmirsə, yakut filmlərinə ayrılan büdcə o qədər kiçik olur ki, onlar gəlir götürə bilirlər.

Rejissor Stepan Burnaşyov "Bihiqi Kımmıt" (Bizim qışımız) filminin çəkilişində
Rejissor Stepan Burnaşyov "Bihiqi Kımmıt" (Bizim qışımız) filminin çəkilişində

Hökumət qrant ayırır

Hökumətin ayırdığı maliyyə, nəhayət ki, Yakutiyaya gəlib çatmağa başlayıb. Dekabrda region hökuməti yerli kino industriyasının gücləndirilməsi məqsədilə ilk illik qrantlarını təqdim edib. Ümumi məbləği 20 milyon rubl (278 min dollar) təşkil edən qrantlar yeddi kinorejissor arasında paylaşdırılıb. Gələn ilki qrantın 35 milyon rubl (485 min dollar) olacağı gözlənilir.

Bütün bunlara baxmayaraq, Yakutiyada kino sənəti ilə məşğul olmaq istəyənlərin regionun özündə oxumaq imkanı yoxdur. Filmləri beynəlxalq festivallara çıxan onadək yerli rejissorun heç biri bu sənətə vətəndə yiyələnməyib.

Yakutiyada kino məktəbi olmadığı üçün rejissor, operator və prodüser olmaq istəyənlər Moskvanın Qerasimov adına Kinematoqrafiya İnstitutuna (VGİK) üz tuturlar. VGİK Rusiyanın ən yaxşı kino məktəbi sayılır. Kinorejissor olmaq istəyən 19-yaşlı yakutsklu Sara Tarekeqn deyir ki, VGİK diplomu çoxları üçün dünya kinosuna daxil olmaq üçün pasport kimidir.

"Yakutiyanın kino vasitəsilə dünyaya belə bir xalqın, dilin və yerin olduğunu göstərmək imkanı var. Kinodan dünyanı bizim mədəniyyətimizlə tanış etmək üçün istifadə edə bilərik. İndi bütün dünyada insanlar Koreya kinosuna baxır. Yakut filmlərinə niyə baxa bilməsinlər?", – Stepan Burnaşyov "Bihiqi Kımmıt" (Bizim qışımız) adlı filminin Yakutskda nümayişi zamanı deyib.

XS
SM
MD
LG